Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam etdirilib. Proses başlayarkən Xədicə İsmayıl vəsatətlə çıxış edərək, məhkəmə istintaqının yenilənməsini tələb edib.
Məhkəmə yenidən başlansın
Müdafiə tərəfinin vəkili Fariz Namazlı deyib ki, yeni sübutlar varsa, məhkəmə yenidən başlaya bilər. O, bildirib ki, prokuror çıxış edərkən Esmira Cavadovanın və Şahvələd Namazovun ittiham aktında göstərilən ifadələrinə istinad edib. Halbuki məhkəmə istintaqı zamanı hər iki şəxs öz xidməti müqaviləsini təqdim edib. Lakin həmin müqavilələr sübut kimi işə əlavə edilməyib. Həmçinin Milli Tele-Radio Şurasının radioların fəaliyyətinin 1 yanvar 2009-cu ildə dayandırılacağına dair çıxarışı işə əlavə edilsə də, yenə də prokuror radionun qeyri-qanuni fəaliyyət göstərdiyini deyib.
Xədicə İsmayıl isə bildirib ki, prokuror Tural Mustafayevlə bağlı fikirlərində də səhvə yol verib: “Mən məhkəmə istintaqı zamanı Tural Mustafayevə facebook yazışmaları ilə bağlı sual verəndə prokuror etiraz etdi. Bildirdi ki, bu mesajlar məhkəmədə tədqiq olunmur. Ancaq özü çıxışı zamanı həmin mesajlara istinad etdi. Ona görə də xahiş edirik ki, məhkəmə istintaqı yenilənsin və həmin mesajlar, yazışmalar tədqiq edilsin, hansının doğru və yalan olduğu ortaya çıxarılsın”.
Dövlət ittihamçısı vəsatətə qarşı çıxıb.
Məhkəmə vəsatəti təmin etməyib.
“Nəhayət, ekpress məhkəmə prosesi bitdi”
Sonra vəkil Fariz Namazlı çıxış edib. “Nəhayət, ekpress məhkəmə prosesi bitdi” – deyə sözə başlayan vəkil Xədicə İsmayıla qarşı 5 maddənin irəli sürüldüyünü lakin heç bir sübutun olmadığını deyib:
“Tural Mustafayevin şikayəti əsasında iş başlasa da, sonradan daha 4 maddə əlavə edildi. Prokurorun da çıxışından göründüyü kimi, istintaq sübut etmədi ki, Tural Mustafayevin Xədicə İsmayıldan hansı asılılığı olub. Tural Mustafayev Azadlıq Radiosunda 2013-cü ildə işə başlayıb. Həmin ərəfədə Xədicə İsmayıl Azadlıq Radiosunun büro rəhbəri deyildi. Tural Mustafayevin özü də Xədicə İsmayılın onu işə götürdüyünü deməyib. Araşdırma zamanı məlum olub ki, onun Xədicədən nə maddi, nə vəzifə asılılığı olmayıb. İntihar etməsinə səbəb də psixoloji problemləri olub. Buna görə də CM-nin 125-ci maddəsi ilə irəli sürülən ittihama xitam verilməlidir. Xədicəyə qarşı irəli sürülən ittihamlardan biri də odur ki, əməkdaşları xidməti müqavilə bağlamağa məcbur edib. Bununla da vergidən yayınmaya şərait yaradıb. Məhkəmə istintaq materiallarında, ümumiyyətlə, heç bir müqavilə yoxdur. Yalnız biz məhkəmə istintaqına Şahvələd Namazovun və Esmira Cavadovanın bağladığı xidmət müqavilələrini təqdim etmişik. Həmin müqavilələr qəbul olunmayıb. Amma həmin müqavilələrdən də görünürdü ki, heç birində Xədicə İsmayılın imzası yoxdur. “Fərqli düşüncə” jurnalına görə Şahvələd Namazovun şəxsi hesabına pul köçürülüb. Əsas götürülüb ki, niyə onun şəxsi hesabına pul köçürülüb. Xədicə İsmayıl nə onunla müqavilə bağlayıb, nə də hesabına pul köçürüb. Buna görə niyə Xədicə İsmayıl cavab verməlidir ?”
“Xədicə İsmayılın heç bir qəbzdə imzası yoxdur”
Vəkil daha sonra bildirib ki, bütün məhkəmə boyu Azadlıq Radiosunun Bakı bürosunun və Bakı nümayəndəliyinin fərqini izah etməyə çalışıblar. Yenə də prokuror çıxışında büronu nümayəndəlik kimi təqdim edir: “Azadlıq Radiosunun nizamnaməsində də göstərilir ki, o, mənfəət əldə edən qurum deyil. O zaman Xədicə İsmayıla qarşı necə qanunsuz sahibkarlıq ittihamı elan oluna bilər?! Xədicə İsmayılın heç bir qəbzdə imzası yoxdur. Aralıq aktı ilə bağlı vəsatət verdikdə, kifayət qədər əsaslandırdıq ki, Vergi Məcəlləsində belə bir ifadə yoxdur. Məhkəməyə dəvət edilən vergi müfəttişləri də etiraf etdilər ki, belə bir ifadə yoxdur. Aralıq aktı inzibati sənəd deyil. Deməli, ona istinad oluna bilməz. Buna baxmayaraq, Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlarda o əsas götürülə bilməz. Xədicəyə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə vəzifəli şəxslər ittiham oluna bilər. Xədicə İsmayıl isə vəzifəli şəxs olmayıb. Xahiş edirəm, elə hökm çıxarın ki, sonra gülüş doğurmasın. Çünki bu məhkəmə qərarı Avropa Məhkəməsinə gedəcək, orada işlə tanış olanda bizə gülməsinlər. Müdriklərin belə bir fikri var, “Ədalət topaldır, gec-gec gedir. Amma ünvanına nə vaxtsa, çatacaq”.
“İrəli sürülən çox “xəcalətli ittiham”dır”
Daha sonra müdafiə tərəfinin digər vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Onun fikrincə, məhkəmə istintaqında ittiham darmadağın olunub: “Həm Xədicə İsmayıl, həm də müdafiə tərəfi sübut etdi ki, ittiham saxtadır, qərəzlidir, Xədicə İsmayılın jurnalist fəaliyyəti ilə bağlıdır. Prokuror iki saat ittiham nitqi söylədi, mən diqqət elədim, heç bir normativ akta istinad etmədi. Halbuki prokuror “danışan qanundur”. Onun hər bir fikri normativ aktla əsaslandırılmalıdır. İrəli sürülən çox “xəcalətli ittiham”dır. Prokuror ssenarisi pis hazırlannmış əfsanə danışdı. CPM-nin 21 və 138-ci maddələrinə əsasən, təqsiri sübuta yetirmək ittiham tərəfinin vəzifəsidir. İttiham tərəfi nəyi sübut etdi ? 125-ci maddə ilə bağlı zərərçəkənin maddi və xidməti asılılığını sübut edə bildimi ? Qətiyyən yox. Tural Mustafayevin işlədiyi dövrdə Xədicə İsmayılın heç bir vəzifəsi olmayıb. İttiham versiyası buna əsaslanır ki, Xədicə İsmayıl öz nüfuzundan istifadə edib. Heç olmasa normal nəsə uydursunlar. Azərbaycanda 1500-ə yaxın media orqanı var. Media Azadlıq Radiosundan və Meydan TV-dən ibarət deyil axı?! Tural Mustafayev istədiyi yerdə işləyə bilərdi. Bu ittihamın əsasını Tural Mustafayev təşkil edib. O, 25 noyabr 2014-cü ildə verdiyi ifadəsində Xədicə İsmayıldan asılı olmadığını deyir. Daha sonra öz açıqlamalarında təzyiq altında ifadələr verdiyini, ifadəsindən imtina etdiyini və Zakir Qaralova müraciət etdiyini bildirib. Məhkəmə zamanı ifadə verərkən dedi ki, Xədicəyə böhtan atıb. İntiharı psixi durumu ilə bağlıdır, Xədicə İsmayılla əlaqəsi yoxdur və özünü zərərçəkən hesab etmir. Lakin sonradan o, məhkəmədə iştirak etmədi və nümayəndəsi gəldi. Nümayəndə prokurorun nümayəndəsi kimi çıxış elədi”.
F.Meydiyev bildirib ki, CPM-nin 145-ci maddəsinə əsasən sübut olunmadan prokurorun 125-ci maddə üzrə 5 il iş istəməsi, səlahiyyət həddini aşmasıdır: “Xahiş edirəm, məhkəmə bunu nəzərə alsın. İttiham tərəfi düşünür ki, bulanıq suda balıq tutmaq asan olur, amma bilmir ki, o suda heç balıq yoxdur. Sadələşdirilmiş vergi ilə əmlakı kim, necə istifadə edib? Bu, abstrak ifadədir. O müqavilələrdə Xədicə İsmayılın imzaları yoxdur. İttiham dəqiq olmalıdır, yozulmamalıdır. Xədicə İsmayıl misalında C.M-nin 208-ci maddəyə hansı tərəfdən baxsan, cinayət görünmür. İttiham bunu sübut etməliydi. Burada savadlı hüquqşünaslar var, belə ittiham ortaya çıxararlarmı? Xədicəni akkreditasiyadan keçməməkdə günahlandırırlar. Buna görə nə cinayət, heç inzibati məsuliyyət də yoxdur. Mənfəət vergisi sahibkarlardan tutulur. Azadlıq Radiosu qeyri-kommersiya qurumudur. Xədicə qanunsuz sahibkarlıqda ittiham oluna bilməz. CPM-nin 22-ci maddəsinə istinadən deyirəm ki, ittiham tərəfi sübut təqdim edə bilmədi. İttiham ifşa olundu. Ancaq daha böyük tərzdə də ifşa oluna bilər. Məhkəmə obyektiv keçirilmədi. 35 vəsatətimiz təmin edilmədi. İttiham tərəfi stəkanda fırtına yaratmaq istədi, amma o stəkan boş idi. İttihamçı Cinayət Məcəlləsinin 41-ci maddəsinə istinad edərək, Xədicə İsmayılın islah olunmasını istədi. Amma o, həmin maddəyə yarımçıq istinad elədi. Çünki orada sosial ədalətdən də söhbət gedir. Ədalət təkcə hüquqa aid deyil, planetar hadisədir. Roma hüququndan gələn aforizm var: “Ədalətli məhkəmə dövlətin əsasıdır”. Ədalətsizlik cəmiyyətdə katokrizmlər yaradır. Hörmətli məhkəmə, bu gün sizin üçün sınaq dövrüdür. Elə bir qərar çıxarın ki, tarix sizi bağışlasın. Biz ədaləti bəraətdə görürük”.
Prokurorun replikası
Prokuror replika hüququndan istifadə edib. O deyib ki, müdafiə tərəfi ittihamın əksini sübut edə bilməyib: “Daha çox ədəbiyyatdan istifadə edib, yaddaşımızı təzələdilər”.
Xədicə İsmayıl: “Çünki sübut yox idi”.
Prokuror: “Nizamnamədən kənar işlərlə məşğul olublar”.
Xədicə İsmayıl : “Neyləmişik? Kartof satmışıq?”
Daha sonra müdafiə tərəfi replika hüququndan istifadə edib. F.Mehdiyev deyib ki, məhkəmə cəza orqanı deyil, ədalət orqanıdır: “Prokuror çıxışında istifadə etdiyi elmi fikirlərə ironik yanaşdı. Onun elmə belə neqativ münasibətinə təəssüflənirəm”.
Xədicə İsmayıl son sözünü hazırlamaq üçün 1 həftə vaxt istəyib. O bildirib ki, vəkilləri ilə görüşməlidir. Prokuror deyib ki, o, çıxış yox, son söz deyir, bu qədər vaxt çoxdur.
Məhkəmə növbəti prosesi gələn həftəyə saxlayıb. Xədicə İsmayıl 31 avqustda, saat 14:00-da son söz deyəcək.