İtlərin yandırıldığı yerdən xüsusi reportaj (VİDEO)

… Bura Sahibsiz Heyvanlarla Mübarizə İdarəsidir. İlk baxışdan hər şey çox normal görünür. İtlərin yerləşdiyi qəfəslər, qaldıqları şərait və s. Sanki bura bir neçə gün öncə itlərin yandırıldığı və ya öldürüldüyünün görüntüləri yayılan həmin yer deyil. İndi isə görəcəyiniz kadrları heç bir şərh vermədən sizə təqdim edirik.

Çəkiliş apardığımız zaman Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin rəisi Əhməd Məmmədov da gəldi. Ona ünvanladığımız suallara isə cavabı belə oldu: “İnternetdə yayılan və göstərilən xəbərlərin hamısı yalandır. Özünüz də görürsüz ki, burda qəfəslər tikilib. Biz sahibsiz heyvanları ovlayıb, gətirib bu qəfəslərdə saxlayırıq”.

Dünən isə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov keçirdiyi brifinqdə heyvanlarla qəddar davranıldığını əks etdirən videolarla bağlı demişdi: “Videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar.”

Bizim çəkdiyimiz kadrlar isə bir daha sübut edir ki, videolar məhz Bakıda çəkilib. Ərazidə olan xidmət maşınları isə Bakı şəhər İcra Hakimiyyətinə məxsusdur.

Ana səhifəVideoİtlərin yandırıldığı yerdən xüsusi reportaj (VİDEO)