İstintaqa çağırılmayan “zərərçəkən” ifadə verdi

Abdulla Abdullayevin məhkəməsi davam etdirilib

Source:


Abdulla Abdullayevin məhkəməsi davam etdirilib

Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” Şirkətlər Qrupunun rəhbəri Abdulla Abdullayev və təqsirləndirilən daha 5 nəfər üzərində məhkəmə prosesi davam edib.

Bu gün əsasən istintaqın zərərçəkən qismində tanıdığı şəxslər dindirilib. Bu şəxslərin heç biri özünü zərərçəkən hesab etməyib. Bu şəxslər mənzil aldıqları binanın dövlət tərəfindən təhvil alınmamasına, mənzillərin təmir olunmamasna, kommunikasiya qovşaqlarının tamamlanmamasına etiraz ediblər. Onlardan əlavə pul alınmadığını bildiriblər və adlarının “zərərçəkən”lər siyahısından çıxarılmasını istəyiblər. Məhkəmə prosesində bəlli olub ki, istintaqda dindirilməyən, ifadəsi alınmayan Əsli Həsənova ittiham tərəfindən zərəçəkən kimi tanınıb. Bu isə müdafiə tərəfin kəskin etirazına səbəb olub. Vəkillər bu məqamın məhkəmə protokolunda əksini tapmasını istəyiblər.

Binanın indiyə kimi təhvil verilməməsinə gəlincə, A.Abdullayev bunun günahkarı kimi ölkə prokurorluğunu və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin biznes işinə yersiz müdaxilələrini göstərib. Binanın tikintisi uzun zaman aldığına, bu müddət ərzində mənzillərin kvadratmetr satışında qiymətlərin qalxmasına baxmayaraq, binanı tikən “Xudafərin” tikinti şirkəti qiymətləri qaldırmayıb. Tikintini başa vurmaq üçün əlavə maliyyə vəsaiti xahiş edilən müştərilərlə bu vəsaitlərin ya qaytarılması, ya da əvəzində əlavə sahə verilməsi kimi müqavilə imzalanıb, hər-hansı qanun pozuntusuna yol verilməyib. Bundan əlavə, zərərçəkənlər A.Abdullayevi tanımadıqlarını, ilk dəfə məhkəmədə gördüklərini, müqaviləni binanı tikən “Xudafərin” şirkətinin rəhbərliyi ilə bağladıqlarını nəzərə çatdırıblar.

Daha sonra “Texnikabank”ın nümayəndəsi Ruslan Umudov məhkəmədə çıxış edib. O, bankın 34 firmaya kredit verdiyini, amma kreditin təyinatı üzrə istifadə edilib-edilməməsinin monitorinqinə kredit götürən tərəfin şərait yaratmadığını söyləyib. R.Umudov kredit götürən şirkətlər arasında “AMAY” MMC-nin olmadığını nəzərə çatdırıb. Bank nümayəndəsi kredit götürən tərəfin kreditin əsas hissəsini bağladığını, yalnız faizlərdə borclar qaldığını qeyd edib. Bank nümayəndəsi müdafiə tərəfin kreditin verilməsilə bağlı danışıqlarda kimlərin iştirak etməsi, qərarın hansı səviyyədə qəbul edilməsi, danışıqları kimlərin aparması, kreditin limitləri, firmaların kredit üçün nə zaman müraciət etməsi kimi sualları cavablandıra bilməyib. Hakim verilən suallara hazırlaşa bilmək üçün bank nümayəndəsinə bazar ertəsinə kimi vaxt verib. Məhkəmə prosesi aprelin 6-sı saat 10:00-a təyin edilib.

Tanınmış iş adamı A.Abdullayev və daha 5 nəfər dələduzluqda, səlahiyyətdən sui-istifadədə, dövlət vəsaitini külli miqdarda mənimsəməkdə, çirkli pulları yumaqda ittiham edilirlər. Təqsirləndirilən şəxslərin heç biri irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmirlər.

Ana səhifəXəbərlərİstintaqa çağırılmayan “zərərçəkən” ifadə verdi