“İstəyirəm bir küncüm olsun…” (VIDEO)


Veronika Miqunova: “Uşaqlarımı və özümü ayağa qaldırmaq üçün kənara bir qəpik qoymalıyam”

Gecənin sükutunda belə onun səsi zəif eşidilir. Çünki hər gün normal qidalanmır, istirahət etmir. Səsinin zəif gəlməsinə səbəb həm də polislərdir. Onun səsini eşitsələr, uşaqları bu gecə ac qalacaq.”Mən hər zaman bu vaxt gəlmirəm. Hərdən gec olur. Polis icazə vermir, ona görə…” deyir Veronika Miqunova.

Bakıda doğulan qadın deyir ki, qardaşım məni evsiz və qeydiyyatsız qoydu, uşaqlarımla küçədə qaldım. Onun qardaşı hazırda həbsdədir. Qadın 14 ildən çoxdur ki, şəhərin mərkəzində, Nizami küçəsində 2 uşağı ilə birlikdə çörək pulu dilənir. Onun qarşısından laqeydliklə, ya da ovcuna qəpik qoymaqla keçib gedirlər. Bəzən ona lağ edənlər də tapılır.” Yanımdan keçənlər elə  fikirləşirlər ki, sərxoşam, içki üçün pul yığıram. Ancaq mən, ümumiyyətlə, içmirəm. Bəziləri də gülürlər, deyirlər ki, bizə də çörək pulu ver, yoxumuzdur.  Belə lağ edirlər, gülürlər” deyir qadın.

Veronika Miqunovanın 38 yaşı var. O, 9-cu sinifə qədər təhsil alıb. Deyir ki, uşaqları da onun həyatını təkrarlayırlar. Böyük oğlunun 17 yaşı olsa da, 4-cü sinifə qədər oxuyub. Qadın avtomobil qəzasından sonra əlil olub, deyir, oğlum da əlildir, amma ona əlillik dərəcəsi ala bilmirəm. Ona şəxsiyyət vəsiqəsi almaq üçün müvəqqəti qeydiyyata düşəcək yer də lazımdır. “İstəyərdim özümün bir küncüm olsun. Mənim balaca oğlum da əsəb xəstəsidir. O, məktəbə getməlidir, amma arayış olmadan onu məktəbə götürmürlər. Nevropotoloqdan arayış istəyirlər. Böyük oğluma əlillik dərəcəsi almalıyam, ona da pasport lazımdır. 18 yaşı var artıq”.

O, soyuq oturacaqda saatlarla əliaçıq dayanıb, çörəkpulu dilənmək istəmir. Ayağa qalxmaq, uşaqlarını da özü ilə birlikdə dirçəltmək arzusundadır. Amma bunu necə edəcəyini bilmir. ” Mən ayağa qalxmaq istəyirəm, uşaqlarıma da kömək etmək istəyirəm. Bilmirəm nəyə görə burada olmalıyam? Mən fikirləşirəm ki, pul lazımdır. Buna görə  mən yenə burada oturmalıyam ki, kənara bir qəpik qoya bilim”- Veronika Miqunova deyir.

Ana səhifəVideo“İstəyirəm bir küncüm olsun…” (VIDEO)