ABŞ ixtiraçısı Tomas Edisonun adı çoxuna tanışdır. Onun uşaqlığında baş vermiş hadisə də sosial şəbəkələrdə tez-tez paylaşıldığından kifayət qədər məşhurdur. Hadisənin məzmunu aşağıdakı kimidir.
Bir gün balaca Tomas məktəbdən qayıdarkən müəlliminin yazdığı məktubu anasına verir. Məktuba nəzər salan Nensi xanımın gözləri dolur. Sonra yüksək səslə oğluna oxumağa başlayır: “Sizin oğlunuz dahidir. Bu məktəb onun üçün çox kiçikdir və burada ona nəyisə öyrətməyə qadir müəllimlər yoxdur. Lütfən, onu özünüz öyrədin”.
Uzun illər sonra, artıq anası həyatda olmayanda, özü isə tanınmış ixtiraçı və iş adamı olan zaman Edison təsadüfən həmin məktubu tapır və oxuyur. Gerçəklikdə məktubda bu sözlər yazılmışdı:
“Sizi övladınız məhdud zəkalıdır. Biz ona digər şagirdlərlə birlikdə dərs keçə bilmərik. Ona görə də evdə müstəqil dərs keçmənizi tövsiyə edirik”.
Deyilənə görə, Edison kabinetinə çəkilərək bir neçə saat ərzində ağlayır. Daha sonra öz gündəliyində yazır:
“Tomas Alva Edison əqli cəhətdən məhdud uşaq idi. Lakin anasının qəhrəmanlığı sayəsində öz əsrinin ən böyük dahilərindən birinə çevrildi”.
Bu hadisənin, yəni bu şəkildə məktub yazılması və ananın başqa cür oxumasının nə dərəcədə həqiqət olduğunu bilmirəm. Bununla belə, Edisonun, doğrudan da, məhdud qabiliyyətinə görə məktəbdən xaric edilməsi və evdə təhsil alması gerçək faktdır. Lakin Edison özü haqqında proqnozu alt-üst edərək bəşər tarixində ən çox ixtiraya imza atmış şəxs oldu. O, təkcə ABŞ-da ixtiralarına görə 1093, başqa ölkələrdə isə 3 minə yaxın patent müəllifi idi.
İnsan fəaliyyətinin müxtəlif sahələri üzrə belə yanlış proqnozlar az olmayıb. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq, bir neçə belə əhvalatı əhatə etməyi qərara aldım.
***
Kinematoqrafla azdan-çoxdan maraqlanan hər kəsə Stiven Spilbergin adı tanışdır. Məşhur rejissor, ssenarist və prodüsser. Lakin çox az adam bilir ki, gənc Stiven Cənubi Kaliforniya universitetinin kino məktəbinə daxil olmaq istərkən 2 dəfə “çox istedadsız” qiyməti ilə rədd cavabı alıb.
Bundan sonra texnikiyönümlü kollecə daxil olan Spiberg tətil zamanı 26 dəqiqəlik “Emblin” adlı film çəkir. Büdcəsi 15 min dollar olan film “Universal Pictures” studiyası rəhbərliyinin diqqətini çəkir və gənc rejissorla müqavilə imzalanır. Sonrası isə artıq məlumdur.
İndiana Cons haqqında bir necə macəra filmi, “Çənələr”, “Yura dövrü parkı”, “Şindlerin siyahısı”, “Amistad”, “Sıravi Rayanın xilası” “Münhen”, “Döyüş atı”, “Linkoln” və digər məşhur filmlərin rejissorluğu məhz Spilberqə məxsusdur.
O, rejissor və prodüsser kimi 3 Oskar, 6 Qızıl qlobus, 3 BAFTA, 14 Saturn və dügər çoxsaylı mükafatlara layiq görülüb, Kann və Venesiya kimi nüfuzlu beynəlxalq festivalların qalibi olub. Bəzi hesablamalara görə Spilbergin çəkdiyi filmlərin topladığı vəsaitin həcmi 10 milyarda yaxınlaşır ki, bu da onu kino tarixində ən məhsuldar rejissor edir.
Bax, belə “istedadsız” çıxdı Stiven Spilberg…
***
1997-ci ildə 32 yaşlı Coan Rouling ömrünün ən ağır dövrünü yaşayırdı. İngiltərənin Ekseter universitetini bitirən bu qadın işsiz idi və sosial müavinət hesabına yaşayırdı. Onun ailə həyatı da alınmamışdı, boşanmış və bir qızını tək böyüdürdü. Ağlına gələn hədərən-pətərən fikirlər əsasında gənc sehrbaz Harri Potter haqqında yazdığı romanı isə artıq 12 nəşriyyat maraqsız sayaraq rədd etmişdi.
Coanın etirafına görə, o, həyatda özündən böyük uğursuz tanımırdı. O, klinik depressiya keçirir, tez-tez intihar haqqında düşünürdü. Lakin bu zaman kiçicik bir ümid işığı sayrışdı. Londonun “Bloomsbury” nəşriyyatı “Harri Potter və fəlsəfə daşı” romanını kiçik tirajla nəşr etməyə razılıq verdi və yazıçıya 1500 funt-sterling avans ödədi.
Bu kiçik uğur sırf təsadüf nəticəsində mümkün olmuşdu. Nəşriyyatın müdiri romanın ilk fəslini oxumaq üçün 8 yaşlı qızına vermiş, o da dərhal davamını istəmişdi. Bununla belə, “Bloomsbury” təmsilçiləri Roulinglə görüşərkən əsərinin böyük gəlir gətirməyəcəyini, buna görə də özünə daimi iş tapmasını məsləhət görmüşdülər.
Roman ilk dəfə cəmi 1000 nüsxə ilə çıxdı, onun da yarısı kitabxanalara paylandı və … Bundan sonra dünyada bir Harri Potter epopeyası başladı. Prosesin tam təsviri çox uzun çəkər, birbaşa bugünə keçirəm. Öncə onu deyim ki, bu gün həmin ilk tirajın bir nüsxəsi kolleksiyaçılar tərəfindən 25 min funt-sterling dəyərində qiymətləndirilir.
Harri Potter haqqında 7-ci və son kitab olan “Harri Potter və Ölüm hədiyyələri” çapdan çıxdıqdan sonra 24 saat ərzində 11 milyon nüsxə satıldı. Bu, tarixi rekord sayılır. Ümumilikdə romanlar seriyası 73 dilə tərcümə olunub və 500 milyon nüsxədən çox satılıb. Artıq 2004-cü ildə “Forbes” jurnalı Coan Roulingin yazıçılıqla milyarder olan ilk şəxs olduğunu açıqladı. Həmin jurnal 2017-ci ildə 95 milyon dollar qazandığını bildirdi.
Harri Potter haqqında çəkilən 9 film ümumilikdə 8,5 milyard dollar yığımla yalnız “Marvelin kinematoqraf dünyası” və “Ulduz müharibələri” seriyalarından geri qalaraq 3-cü yeri tutur. Potteriana bu göstərici üzrə “Ceyms Bond”, “Forsaj”, “Betmen” “Hörümçək adam”, “Karib dənizinin quldurları” kimi filmlər seriyasını qabaqlayır. İddialara görə, hazırda “Harri Potter” brendinin 25 milyard dollar qiyməti var.
Sonda qeyd edək ki, Coan Rolungin yaradıcılığı təkcə Harri Potter haqqında romanlarla məhdudlaşmır. Onun başqa janrda və böyüklər auditoriyası üçün nəzərdə tutulmuş uğurlu digər əsərləri də var.
***
1978-ci ildə 16 yaşlı iki qaradərili yeniyetmə Hollandiyanın futbol üzrə məşhur “Ayaks” komandasının məktəbinə daxil olmaq üçün baxışa gəlmişdilər. Dostların tərcümeyi-hallarında xeyli oxşarlıq var idi. Hər ikisinin atası surinamlı, anaları isə ağdərili holland idilər. İkisi də 1962-ci ilin sentyabrında anadan olmuşdu.
“Ayaks” məktəbi daim istedadlar tapması ilə məşhur olub. Seleksiyaçılar almaz tapır, məşqçilər isə onu brilyanta çevirib əsas komandaya ötürürdülər. Qısa müddət sonra isə ulduza çevrilən bu futbolçular Avropanın məşhur komandalarına satılır, “Ayaks”a xeyli gəlir gətirirdilər.
Buna görə də əsl istedadın “Ayaks” seleksionerlərinin gözündən yayınması imkansız sayılırdı. Yeni gələn 2 gəncdən də yalnız biri ümidverici sayıldı, digəri isə məktəbə qəbul olunmadı. Birincinin adı Frank Raykaard, ikincisinin isə… Ruud Qullit idi.
Sonralar bu iki dost Marko van Basten ilə birlikdə Hollandiya millisinin və İtaliyanın “Milan” komandasının tərkibində rəqiblərin qorxulu röyasına çevrildilər. Ruud Qullit karyerası ərzində 3 dəfə Hollandiya və 3 dəfə İtaliya çempionatının qalibi, 1 dəfə Niderland, 1 dəfə İtaliya, 1 dəfə İngiltərə kubokunun və 3 dəfə İtaliya superkubokunun sahibi oldu.
O, “Milan” komandası ilə 2 dəfə Avropa çempionlar kubokunu, 2 dəfə Avropa superkubokunu və 2 dəfə Qitələrarası kuboku qazandı, 1988-ci ildə Niderland millisi ilə Avropa çempionu oldu. 2 dəfə Niderlandın, 1 dəfə Avropanın ən yaxşı futbolçusu seçilən Qullit World Soccer jurnalının oxucuları arasında keçirilən sorğuya əsasən tərtib olunmuş XX əsrin 100 ən böyük futbolçusu siyahısında 29-cu yeri tutdu.
***
Aktyor Innokenti Smoktunovski 1955-ci ilin yanvarında Stalinqrad teatrını tərk edərək şöhrət arxasınca Moskvaya yollanır. Lakin burada üz tutduğu 7 teatrdan rədd cavabı alır. Kimisi onun istedadını bəyənmir, kimisi də xarici görünüşünü. Aktyor böyük çətinliklə Lenin komsomolu adına teatrda ştatdankənar işə düzəlir. Buradakı qeyri-mütəmadi gəlirlərlə çox çətinliklə dolanır, bəzən hətta gecələməyə yeri olmur.
Artıq paytaxtda karyera xəyalının üzərindən xətt çəkib geriyə qayıtmaq haqqında düşünmək olardı. Lakin sırf təsadüf Smoktunovskinin köməyinə gəlir. Tanış olduğu və gələcəkdə evlənəcyi xanımın köməyi ilə Kinoaktyor teatrına daimi işə düzəlir. Yayda isə “Dante küçəsində qətl” filmində epizodik rola dəvət edilir.
Bu epizodun çəkilişi Smoktunovski üçün tam bir fiaskoya çevrilir. O, bütün təkrarlara baxmayaraq səhnəni normal canlandıra bilmirdi. Rejissorun köməkçiləri artıq fərasətsiz aktyoru dəyişməyi təklif edirdilər. Lakin filmin rejissoru Mixail Romm hamını çaş-baş salan fikir söylədi:
“Onun çox istedadlı olduğunu hiss etmirsinizmi?”
1957-ci ildə İnnokenti “Əsgərlər” filmində kiçik rol alır. Leytenant Farber rolunda aktyor ən azı istedadsız olmadığını sübut edə bilir. Lakin bu rolun özəl əhəmiyyəti başqa idi. Film ekranlarda nümayiş olunarkən Leninqrad Böyük dramatik teatrının rejissoru Georgi Tovstonoqov Dostoyevskinin “İdiot” romanını səhnələşdirməyi planlaşdırırdı. “Əsgərlər” filmində Smoktunovskinin ifasını bəyənən rejissor onu knyaz Mışkin rolu üçün sınağa dəvət edir. Bu hadisə qəhrəmanımızın həyatını tam dəyişdirdi.
“İdiot” tamaşasının premyerasından sonra Smoktunovski bütün ölkədə dahi aktyor kimi məşhurlaşdı. O, fəaliyyəti dövründə hər bir aktyorun oynamaq istədiyi Hamlet, SSRİ-də xüsusi önəm verilən və yalnız say-seçmə aktyorlara etibar edilən Lenin də daxil olmaqla coxlu rolları ifa etdi.
Fövqəladə aktyorluq bacarığı İnnokenti Smoktunovskiyə SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, 3 Lenin ordeni, Lenin mükafatı laureatı, Venesiya, San-Remo, San-Sebastyan, Kartaxena kino festivallarının qalibi kimi titul və mükafatlar qazandırdı.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.