İsrail Müdafiə Qüvvələri Qəzza zolağına onlarla hava hücumu edib

Foto: Reuters

Zərbələr HƏMAS-ın orta səviyyəli komandirlərini, siyasi büro üzvlərini və infrastrukturunu hədəf alıb

İsrail Müdafiə Qüvvələrinin (İMQ) martın 18-nə keçən gecə Qəzza zolağına onlarla hava hücumu etdiyi bildirilir.

Bu barədə məlumatı “The Times of Israel” İsrail ordusunun bəyanatına istinadən yayıb.

Məlumata görə, zərbələr HƏMAS-ın orta səviyyəli komandirlərini, siyasi büro üzvlərini və infrastrukturunu hədəf alıb.

İMQ bildirib ki, HƏMAS-ın İsrailə qarşı hücumlar hazırladığını və yenidən qruplaşmaya çalışdığını gördükdən sonra zərbələr endirmək qərarı verilib.

İsrailin müdafiə naziri İsrael Katz deyib ki, zərbələr HƏMAS  girovları azad buraxmaqdan imtina etdikdən sonra həyata keçirilib.

İMQ qeyd edib ki, “zəruri olduğu müddətcə” zərbələri davam etdirəcək.

İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəsin uzadılması və girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyiş olmadığı üçün HƏMAS-a zərbələr endirmək əmri verdiyini deyib.

“İsrail bundan sonra artan hərbi gücü ilə HƏMAS-a qarşı hərəkətə keçəcək”, – Netanyahu bildirib.

İsrail səlahiyyətliləri əməliyyatın açıq olduğunu və genişlənəcəyi gözlənildiyini deyiblər.

“Reuters”-in məlumatına görə, İsrail Qəzza zolağı, Deyr əl-Bələh, Xan Yunis və Rəfah şəhərləri də daxil olmaqla, bütün Qəzza zolağına zərbələr endirib.

Nəşr yazır ki, İsrail ordusu mərkəzi Əl-Dərəc rayonundan köçkünlərin sığındığı Qəzza şəhərində Əl-Tabiin məktəbini vurublar. Şahidlərin agentliyə verdiyi məlumata görə, İsrail tankları Qəzza zolağının cənubundakı Rəfah rayonlarını atəşə tutub və nəticədə yerli sakinlər evlərini tərk edərək şimala, Xan Yunisə doğru gediblər.

“Aljazeera” xəbər verir ki, hava hücumlarından biri Qəzza zolağının cənubundakı əl-Məvasi bölgəsindəki qaçqın düşərgəsinə endirilib.

İsrail rəsmisi “The Wall Street Journal”-a bildirib ki,  ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın girovları qaytara bilməməsindən sonra Qəzzaya zərbələr endirməyi “məsləhət görüb”.

Rəsminin sözlərinə görə, İsrail əməliyyatın başlaması ilə bağlı ABŞ-a xəbərdarlıq edibmiş.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz İsrailin zərbələr endirməzdən əvvəl ABŞ administrasiyası ilə məsləhətləşdiyini təsdiqləyib.

“Həmas atəşkəsi uzatmaq üçün girovları azad edə bilərdi, lakin bunun əvəzinə imtina və müharibəni seçdi”, – Hyuz bildirib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt, öz növbəsində, “Fox News”-a müsahibəsində “Tramp dostumuz və müttəfiqimiz İsraili dəstəkləyəcək”, – deyib.

HƏMAS İsrailin təxminən iki aydır davam edən atəşkəsə son verdiyini və Qəzza zolağında hələ də saxlanılan 59 girovun olduğunu bildirib.

HƏMAS lideri İzzat əl-Rişk CNN-ə deyib ki, İsrailin hava hücumları girovlar üçün “ölüm hökmü”dür.

HƏMAS-ın nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib ki, İsrailin hava hücumları nəticəsində 300-dən çox adam ölüb, 1000-dən çox adam isə yaralanıb. Nazirlik ölənlər arasında çoxlu uşaq olduğunu qeyd edib.

İsrail və HƏMAS arasında atəşkəs 2025-ci il yanvarın 19-dan qüvvədədir. Müvəqqəti atəşkəs razılaşması çərçivəsində HƏMAS 33 israilli girovu, İsrail isə 2000-ə yaxın fələstinli məhbusu həbsdən azad edib. Müqavilənin 42 gün davam edən birinci mərhələsi martın 1-də başa çatıb. İkinci mərhələ üzrə danışıqlar başlamayıb.

2006-cı ildən bəri HƏMAS və İsrail arasında beş müharibə olub, ən sonuncusu 2023-cü ildə başlayıb və hələ də davam edir.

Ana səhifəXəbərlərİsrail Müdafiə Qüvvələri Qəzza zolağına onlarla hava hücumu edib