İsrail-HƏMAS savaşı: müharibə regiona sıçraya bilərmi?

HƏMAS-İsrail. Foto: OnePixelStudio/shutterstock

İran hücumda iştirak etmədiyini deyir

İran İslam Respublikasının (İİR) mediası və cəmiyyəti HƏMAS-ın İsrailə hücumunu dəstəkləsə də, bu ölkənin BMT-dəki missiyası fərqli mövqedən çıxış edib.

Bildirilir ki, Tehran HƏMAS yaraqlılarının İsrailə qarşı hücum planlaşdırmasında iştirak etdiyi barədə xəbərləri rədd edib.

“Biz Fələstini qətiyyətlə dəstəkləyirik, lakin savaşda iştirak etmirik. Çünki bu qərarlar yalnız Fələstinin özü tərəfindən verilir”, – deyə İİR-in missiya bildirib.

Politoloq Zərdüşt Əlizadənin qənaətincə, Tehran mövcud qarşıdurmadan mümkün qədər uzaq dayanmağa çalışacaq:

Tehran güclər nisbətini çox gözəl bilir. Ona görə istəmir ki, başqa bir ölkə İrana hücum etsin. Bu üzdən məsafə saxlamağa çalışacaq. Bəli, İran Fələstin xalqının ədalət və vətən uğrunda mübarizəsinə həmrəyliyini ifadə edib, həmişə də bu mövqeyində dayanır”.

Ərdoğan: “Müharibənin regiona yayılmasının qarşısını almağa çalışırıq”

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək tərəflərə problemin həlli yolunu təklif edib.

 O, münaqişənin aradan qalxmasını iki müstəqil dövlətin (İsrail və Fələstin) yaradılmasında görür:

Rəcəb Tayyib Ərdoğan. Foto: Meydan TV

Yaxın Şərqdə daimi sülh İsrail-Fələstin probleminin yekun həlli, iki müstəqil dövlətin yaradılması ilə mümkündür. Paytaxtı Qüds olan Fələstin Dövlətinin yaradılmasını təxirə salmaq olmaz. Fələstin məsələsi beynəlxalq hüquqa uyğun həll edilməlidir”.

Ərdoğan həmçinin deyib ki, Türkiyə münaqişənin dayandırılması, regiona yayılmamaması üçün səy göstərir.

Türkiyə və Rusiya Fələstin dövlətinin yaranmasını vacib sayırlar”

Z.Əlizadə bildirib ki, hazırda yalnız Türkiyə və Rusiya rəhbərləri münaqişənin həlli üçün Fələstin dövlətinin yaranmasını vacib sayırlar:

Zərdüşt Əlizadə
Foto: Meydan TV

“Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının qərarlarında da deyilib ki, regionda iki dövlət olmalıdır: İsrail və Fələstin”.

Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdə öz tarixi rolunu aktiv saxlamaqda israrlıdır:

“Bu baxımdan Ərdoğanın mövqeyini və nə demək istədiyini çox asan anlayıram”.

Ərəb ölkələrinin İsrailə qarşı yekdil mövqedən çıxış edəcəyini gözləmirəm”

Tarixçi Yadigar Sadıqlı deyir ki, indiki vəziyyətdə İranın müharibədə aktiv iştirak edəcəyini əvvəlcədən demək çətindir:

ABŞ-ın bölgəyə donanmasını göndərməsi də məhz İranın müdaxiləsinin qarşısını almaq və İsrailin yanında olduğunu göstərmək məqsədi daşıyır. Əks təqdirdə, yalnız İsrail-HƏMAS qarşıdurması üçün ABŞ-ın donanma göndərməsinin əhəmiyyəti yoxdur. Amma yenə də İranın aktivləşəcəyi ehtimalını az sayıram. Çünki hələ 2020-ci ildə bəzi ərəb ölkələri İsraili tanıyıb və müqavilə də imzaladılar. Ona qədər yalnız Misir və İordaniya İsraili tanıyırdı”.

Onun sözlərinə görə, son zamanlar Səudiyyə Ərəbistanı ilə İsrail arasında danışıqlar gedib:

“ABŞ Prezidenti Bayden çox istəyirdi ki, növbəti seçkilərə qədər proses ciddi sənədin imzalanması ilə yekunlaşsın. Bunun hesabına Yaxın Şərqə töhfə verən prezident kimi səslərini artırmağı düşünürdü, həm də ABŞ-dakı nüfuzlu yəhudi lobbisinin dəstəyini qazanmağa çalışırdı”.

Yadigar Sadıqov
Foto: Meydan Tv

Çox güman ki, bu ssenarinin qarşısını almaq üçün İran HƏMAS-ın aksiyasını həyata keçirib. Çünki Tehranla razılaşdırmadan bu cür aksiya keçirilməzdi. İndiki vəziyyətdə ABŞ-dakı növbəti seçkilərə qədər Səudiyyə Ərəbistanı ilə İsrail arasında hər hansı sənədin imzalanacağı ehtimal daha da azaldı”, – deyə o qeyd edib.

Münaqişənin regiona sıçrayacağına gəlincə, Y.Sadıqlı hazırki situasiyada ərəb ölkələrinin İsrailə qarşı yekdil mövqedən çıxış edəcəyini gözləmir:

Hər halda İsrailin addımlarından da çox şey asılıdır, yəni HƏMASa qarşı aksiyaları hansı şəkildə həyata keçirəcək və ərəb ölkələrində hansı reaksiya doğuracaq?! Dünən hətta Birləşmiş Ərəb Əmirliyi HƏMAS-ın hücumunu pisləyən bəyanatla çıxış etdi. Belə olduğu halda ərəblərin İsraili qınayacağına o qədər fəallıq göstərmədiyini görürəm, amma bu ölkələr ictimai rəydən asılı olmasalar da, dini həmrəylik onları istəmədən belə müəyyən addımlar atmağa sövq edə bilər”.

Yaxın Şərqdə nə baş verir?

Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.

Son rəsmi məlumatlara görə, 700 israilli həyatını itirib, 400-dən fələstinli öldürülüb.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:

“Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.

HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.

Ana səhifəSiyasətİsrail-HƏMAS savaşı: müharibə regiona sıçraya bilərmi?