Sel kənd təsərrüfatna, istirahət mərkəzləri, restoran və mağazalara da zərər vurub
İsmayıllıda bir neçə saat davam edən güclü leysan yağışdan sonra Namazgah kəndini sel basıb.
Kənd sakinləri bildiriblər ki, təsərrüfatları, həyatyani sahələri su altında qalıb. Evlərə dolan su nəticəsində məişət texnikaları sıradan çıxıb. Məhsulları məhv olub. Sakinlərdən biri danışıb ki, son onillikdə belə hadisə ilə rastlaşmayıblar.
Sel həmçinin istirahət mərkəzləri, restoran və mağazalara da zərər vurub. Eləcə də işıq, qaz xətlərinə zərər dəyib, bir neçə kəndə işıq verilişi dayandırılıb.
“Işıq keçib, evlər su altında qalıb. Biz canımızı götürüb evi tərk etmişik. Hər şey su altında qalıb, bilmirik nəyi xilas etmək mümükün olacaq”,- sakinlərdən Tariyel Məmmədov Meydan TV-yə bildirib.
Sel səbəbindən yollar sıradan çıxıb, yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib.
Güclü leysan səbəbindən İsmayıllı-Lahıc yolu bağlanıb.
Rayonun Yuxarı Zərnava kəndinə gedən yol da seldən zərər görüb. Girdiman çayının suyunda da artım müşahidə olunur.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sel və daşqınlar Lahıc yolunda hərəkəti məhdudlaşdırıb, yol bağlanıb.
Bildirilib ki, qurumun əməkdaşları məlumat daxil olan andan əraziyə göndəriliblər, orada işlər gedir. Lahıc yolunun bir neçə hissəsində iri qaya parçaları yola tökülüb. Hazırda yolun açılması üçün tədbirlər görülür.
Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sel və yağışın vurduğu zərərin aradan qaldırılması istiqamətində işlər görülür. Hələlik dəyən zərər müəyyən edilməyib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 7-si saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində intensiv və güclü olub.
Yağan leysan yağışlar nəticəsində İsmayıllı rayonu ərazisindən keçən Göyçay çayından, Oğuz rayonundan keçən Əyriçaydan, Zaqatala rayonu ərazisindən keçən Muxax çayı və Talaçaydan, Qax rayonundan keçən Kürmükçaydan, Qəbələ rayonundan keçən Dəmiraparançaydan, Quba rayonu ərazisindən axan Vəlvələçaydan sel keçib.
Düşən yağıntının miqdarı Qaxda 156 mm (aylıq normanın 121 faizi), Qəbələdə 53 mm (aylıq normanın 47 faizi), Zaqatalada 48 mm (aylıq normanın 37 faizi), Şəkidə 37 mm (aylıq normanın 37 faizi), Balakəndə 27 mm (aylıq normanın 21 faizi), Şahdağda 23 mm (aylıq normanın 48 faizi), Oğuzda 23 mm (aylıq normanın 19 faizi), Altıağacda 16 mm (aylıq normanın 25 faizi), Qusarda 15 mm, Gədəbəy, Xaltanda 12 mm, Daşkəsən, Quba, Şəmkir, Şamaxı, Yevlax, Gəncə, Göygöl, Ağstafa, Ceyrançöl, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Tovuz, İsmayıllı, Qobustan, Pirallahı, Mingəçevirdə 5-10 mm-dək olub.
Öncədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti davam edib. İyunun 6-da şimal-qərb küləyi arabir Naftalanda 22, Neftçala, Mingəçevir, Şəki, Gəncə, Zaqatala, Balakəndə 20, Ağdamda 18, Sabirabad və Qaxda isə 17 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Şəmkir, Quba, Qusar, Şahdağ, Altıağac, Balakən, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.