İsmayıllı sakini: Nəmişlikdən çatlamış evdə səksəkə içində yaşayırıq

”1200 manat bizim üçün böyük məbləğdir”

Source:
Günel Abbasova
Günel Abbasova


”1200 manat bizim üçün böyük məbləğdir”

“Dolanışıq yoxdur, acından qırılıb-batırıq. İş də yoxdur ki, işləyib, ailəmizi dolandıraq. Xəstəliklər bir yandan, pulsuzluq da o biri yandan bizi yaman günə qoyub. Xəstələnirsən, həkimə getməyə pul da tapmırsan. Məndə olmayan dərd yoxdur”.

Bunu Meydan TV-yə Ismayıllı rayonu, Göytəpə kənd sakini 35 yaşlı sakini Günel Abbasova deyir. O, həm evsizlik, həm də işsizlikdən şikayət edir:

“Başımı salıb, altına girməyə bir damım yoxdur. Həyat yoldaşımın əmisi oğlu uzun illərdir Ukraynaya köçüb, orada yaşayır. Onun Göytəpə kəndindəki uçuq-sökük evində məskunlaşmışıq. Ev də köhnədir, nəmişlikdən çürüyüb-tökülüb. Çatlayıb, səksəkə içindəyik ki, başımıza uçub, töküləcək. 3 uşaqla özgə evində yaşayıram. Həyat yoldaşım Neman Baratov fəhlə işləyir. Bir az Bakıda yaşadıq. Yoldaşımın qazandığını kirayələrə verirdik deyə məcbur olub İsmayıllya qayıtdıq. Burada da iş tapmaq olmur, dolanışığımız çox çətindir. Kənd yerində nə iş olsun ki? Mal-qaramız, torpağımız yoxdur”.

G.Abbasova Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb. Şikayətinə cavabı İsmayıllı Rayon İcra Hakimiyyətinə yönləndiriblər:

“Oradan bizi çağırdılar. Torpaq istədiyimizi öyrənib, İsmayıllı Bələdiyyəsinə yönləndirdilər. Bələdiyyə də 6 sot torpaq üçün bizdən 1200 manat pul istəyir. Bu pul bizim üçün böyük məbləğdir. İmkanımız yoxdur, torpaq almaq üçün hansısa güzəştlərin olunmasını istəyirik. Səhhətimdə çox problemim var. Limfa düyünlərimə görə Milli Onkologiyada müalicə almışam. Oğlumda astma xəstəliyi var, ağır formadadır. Bizi anamgil dolandırır. Bir də gözdən əlil xalam, aldığı müavinətlə bizə kömək edir”, – G.Abbasova deyir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli məsələ ilə bağlı Meydan TV-yə danışarkən, “İsmayıllı kimi yerdə 1200 manat 6 sot üçün müftədir” – deyib:

“Təxmini hesablamama görə, həmin ailəyə güzəşt olunub. Yəni qiymət kəskin fərqlənir. Bələdiyyə torpaqları müəyyən imtiyazları olan ailələrə güzəştli şərtlətlə verilir. Bura şəhid, milli qəhrəman ailələri daxildir. Çox nadir hallarda vergi yığımında güzəşt oluna bilır. Bir də aztəminatlı ailələrə yardım məqsədilə müəyyən addımlar atıla bilər”.

İsmayıllı Rayon İH-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov Meydan TV əməkdaşı ilə söhbətində “Qarabağ əlillərinə, ya torpaq, ya da ev güzəştli şərtlərlə verilir. Digər ailələrə havayı torpaq verilmir”-deyib.

İsmayıllı Bələdiyyəsindən isə Meydan TV-yə bildirilib ki, hazırda rayon rəhbərliyi şəhər ərazisindədir:

“Ona görə də suallarınızı cavablandıra bilməyəcəklər”.

Ana səhifəBölgəİsmayıllı sakini: Nəmişlikdən çatlamış evdə səksəkə içində yaşayırıq