İşlənmiş batareyalar toplanır

Bakıda işlənmiş batareyaların toplanması kampaniyasına başlanıb

Source:

Elvin Məmmədsoy və Cavid Qarayev
Elvin Məmmədsoy və Cavid Qarayev

Bakıda işlənmiş batareyaların toplanması kampaniyasına başlanıb. Bununla bağlı sosial şəbəkələrdə “event” də yaradılıb. Məqsəd işlənmiş batareyaların yenidən emal edilməsidir.

Kampaniyanı başladan gənc fəal Cavid Qarayev deyir ki, istifadə edilmiş batareyaların nə dərəcədə təhlükəli olduğunu çoxumuz bilirik. Onların tərkibində olan civə kimyəvi turşular və ağır metallar torpağa və suya qarışdıqda çox ciddi çirklənmə təhlükəsi yaradır:

“Araşdırmalar göstərir ki, batareyaların tərkib hissələrinin 99 faizi təkrar emal edilə bilir. Təkrar emal olmayan ölkələrdə xüsusi təhlükəli tullantılar poliqonları olur. Təhlükəli maddələr orda zərərsizləşdirilir və basdırılır. Azərbaycanda da belə bir poliqon var. Sumqayıtda yerləşir. Ancaq ölkəmizdə batareyaların toplanması üçün heç bir sistemli infrastruktur yoxdur və cəmiyyətimiz bunun təhlükəsi barədə yetərincə bilgili deyil”.

Cavid Qarayev deyir ki, məqsəd cəmiyyətin və dövlətin diqqətini bu məsələyə cəlb etməkdir: “İlkin hədəfimiz 10.000 daha sonra isə 100.000 və 1.000.000 batareyanın toplanmasıdır. İşə bir toplanma məntəqəsi ilə başlayırıq. Daha sonra şəhərin mərkəzi hissəsini əhatə edən bir mərkəz yaratmaq istəyirik. Növbəti addım bütün Bakı şəhərini və bütün ölkəni əhatə etməkdir”.

Cavid Qarayev deyir ki, yaxın ölkələri araşdırır. Yetərincə batareya toplanandan sonra onları təkrar emal olan ölkələrə göndərməyi planlaşdırır: “Səyahət edənlərə kiçik qablaşdırmalar verəcəm aparsınlar. Əgər yığım və göndəriş arasındakı fərqi saxlaya bilməsək, yığdıqlarımızı Sumqayıtdakı təhlükəli tullantılar paliqonuna göndərəcəyik”.

Ana səhifəXəbərlərİşlənmiş batareyalar toplanır