Quranda bu varmı?
Bu gün demək olar ki, bütün diqqətlər ərəbistanlı müftiyə istinad edilən heyrət doğuran məlum fətvaya yönəldi. Çaşqınlıq içndə oxunan “qadın əti yemək olar” xəbəri sosial şəbəkələrdə də geniş müzakirə obyektinə çevrildi. Bu xəbərin doğru və yalan olması tam olaraq məlum deyil. Amma İslam təlimləri ilə yaxından tanış olanlar çox yaxşı bilirlər ki, dində belə bir göstəriş yoxdur. Bununla belə, şübhəsiz ki, böyük bir qisim üçün bu xəbər sual doğurmaya bilməzdi: bu fitva nə qədər həqiqəti əks edir?
Quranda və ya sünnədə bu haqda söz açılırmı?
İslam qadın ilə kişi arasında fərq qoymur
Qeyd etmək lazımdır ki, İslama görə şəxsiyyət baxımından qadın və kişi arasında heç bir fərq yoxdur və biri digərinə nisbətdə heç bir üstünlük qazanmır. Əgər bəzi ayələrdə kişinin üstünlüyündən söz açılırsa (Nisa 34), yalnız onun fiziki tərəfi (güclü, möhkəm olması) nəzərdə tutulur. Yaxud, əgər kişiyə hansısa məsələlərdə əlavə məsuliyyətlər verilirsə, bu, sırf ailəni daha yaxşı qorumaq, onalara daha yaxşı xidmət göstərməyə görədir. Qadın kişinin mülkü deyil (bu barədə “İslam və gender bərabərliyi” adlı yazıda geniş söz açacağıq).
Zərər yetirmək günahdır. Qadına da, kişiyə də…
Buna görə də, “Qadın kişiyə tam itaət etməlidir” absurd iddianı əsas götürüb “ kişi həyat yoldaşının ətini yeyə bilər” fikri kökündən yanlış və dini prinsiplərə ziddir. Nə Qurani-kərimdə və nə də hədislərdə belə bir faktla rastlaşırıq. Əksinə, qadına zərər yetirməmək çox təkid edilir (2: 231; 65:6; 4: 19). Ümumiyyətlə İslam dininə görə, kiməsə zərər yetirmək qadağandır (Quran, 2: 282), həzrət Məhəmməd “İslamda zərər və zərər yetirmək yoxdur”, – deyə buyurub ( “Kafi”, c. 5, səh. 292). Başqalarına xəsarət yetirənlər üçün sərt cəzalar (qisas, qan bahası) nəzərdə tutulub.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.