İslahatsız islahatlar ili

İlin əvvəlindən vaxt itkisinə yol verilib və kənd təsərrüfatı istehsalçılarının stimullaşdırılması üçün heç bir iş görülməyib, halbuki, bütün dövlət proqramlarında bu istiqamət prioritet kimi qeyd olunur

Source:


İlin əvvəlindən vaxt itkisinə yol verilib və kənd təsərrüfatı istehsalçılarının stimullaşdırılması üçün heç bir iş görülməyib, halbuki, bütün dövlət proqramlarında bu istiqamət prioritet kimi qeyd olunur

Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin bu ilin birinci rübünün  yekunlarına və qarşıdakı vəzifələrə həsr olunmuş iclasındakı çıxışında 2016-cı ili dərin iqtisadi islahatlar ili adlandırdı.

Bu, prezidentin islahatlar ili barədə builki birinci bəyanatı deyil, lakin ilin birinci rübündə islahatlar hələlik praktiki təkan almadan  deklamasiya olaraq qalır.

Prezidentin sözlərindən belə çıxır ki, birinci rübdə islahatlar sahəsində bəzi qanunverici və normativ sənədlər qəbul edilib, biznes subyektlərinin yoxlanması azaldılıb.

Lakin qeyri-neft sektorunun digər sahələri hələlik “islahatlar qoxusunu hiss etmir”, halbuki, zaman onların təcili tətbiqini tələb edir.

Prezident ÜDM-in azaldığını etiraf edib, lakin rəqəmləri açıqlamayıb (Dünya Bankı 2016-cı ildə Azərbaycanda ÜDM-i 1,9 faiz səviyyəsində proqnozlaşdırıb – Turan). O,  qeyri-neft sektorunda 5 faizlik artımın olduğunu yada salmağı unutmayıb. ÜDM-in azalmasını isə neftin qiymətinin enməsi ilə əlaqələndirib və bu problemi dünya iqtisadiyyatında böhranla əlaqələndirib.

Onu da deyək, növbəti dəfə İ.Əliyev Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə ayrılmaz əlaqəsini qeyd edib və bununla da ölkədəki acınacaqlı sosial-iqtisadi duruma görə məsuliyyəti dünya böhranının üzərinə qoyub.

Prezident neftin qiymətinin yüksək olduğu illərdə Azərbaycanı müstəqil, özünü təmin edən, dünya konyunkturasından asılı olmayan ölkə kimi xarakterizə edib və bununla da dövlətin özünütəcrid siyasətinə və onun xüsusi inkişaf yolunda irəliləməsinə haqq qazandırıb.

Prezident iqtisadiyyatın müxtəlif sahələrində ölkənin potensialından əsassız olaraq istifadə edilməməsindən danışıb və bununla da təsdiqləyib ki, regional inkişaf, ərzaq təhlükəsizliyi üzrə dövlət proqramları, çoxmilyardlı büdcəsi ilə biznesin, turizmin qurulması uğursuzluğa uğrayıb.

İlin əvvəlindən vaxt itkisinə yol verilib və kənd təsərrüfatı istehsalçılarının stimullaşdırılması üçün heç bir iş görülməyib, halbuki, bütün dövlət proqramlarında bu istiqamət prioritet kimi qeyd olunur.

Artıq bu il fermer fəaliyyətinin irəliləməsi üçün zəmin yaratmaq olardı. Lakin vaxt itirilib və 2016-cı il hətta kənd təsərrüfatı üzrə islahatlara dair sənədin qəbul edildiyi halda belə çətin ki hansısa fayda gətirsin.

Ümumilikdə, prezidentin çıxışının xarakteri göstərir ki, hökumət hansı islahatların aparılmasının lazım gəldiyini və bunların nə dərəcədə dərin olduğunu sonadək müəyyən etməyib. Çünki iclasda planlaşdırılan dəyişikliklər proqramının konturları ictimaiyyətə aydım təqdim edilməyib, halbuki, vəziyyətin  inkişafını nəzərə alsaq bu, hökumətin islasında əsas məsələ olmalıydı.

Prezident qeyri-ixtiyari olaraq diqqəti müxtəlif infrastruktur, tikinti və digər layihələrə yönəldib ki, bunların arasında  neft-qaz, Şimal-Cənub, Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizləri var və onlara iqtisadiyyatın dəstəklənməsi üçün “xilasedici vasitə” kimi baxılır.

İclasın yekunları ilə bağlı belə təəssürat yaranır ki, hökumət islahatlarda maraqlı deyil və neftin qiymətinin artacağı ümidilə konkret qərarların qəbulunu yubadır. Bunu islahatlara dair müxtəlif baza sənədlərinin qəbulu prosesində durğunluq da təsdiqləyir. Belə ki, bu, martın ikinci yarısında neftin qiymətinin nisbətən, 40 dollaradək artmasından sonra yubanır.

Beləliklə, Azərbaycan iqtisadiyyatı neft amilinin girovu olaraq qalır və islahatların taleyi xeyli dərəcədə qiymətlərin enməsindən və ya qalxmasından asılıdır.  Paradoksal olsa da onların enməsi hökumətin yox, cəmiyyətin marağındadır.

Ana səhifəXəbərlərİslahatsız islahatlar ili