”Hücumu İŞİD döyüşçülərinin bölümü həyata keçirib”
“İslam Dövləti” (İŞİD) yaraqlıları London “Bridge” dəmiryolu qovşağındakı terror hücumunu üzərinə götürüb. Həmin hücumda 7 nəfər ölüb, onlarla yaralı var.
“Dünənki London hücumunu İŞİD döyüşçülərinin bölümü həyata keçirib”, – bunu “Reuters” və AFP xəbər agentlikləri iyunun 4-də İŞİD-in “Amaq” saytına istinadla yazıblar. “Amaq” İŞİD-in əsas ruporu sayılır.
Britaniya polisi iyunun 4-də bildirib ki, Londonun şərqində Barkinq adlanan rayonda 12 nəfəri saxlayıb. Saxlananların adları açıqlanmasa da, yeddisinin 19-60 yaşlı qadın, beşinin 28-55 yaşlı kişi olduğu açıqlanıb. “Sky News” kişilərdən birinin buraxıldığını yazıb.
Hücum zamanı avtofurqon piyadaların üstünə sürülüb. Yaxınlıqdakı “Borough Market” deyilən yerdə isə furqondan 3 nəfər düşüb və bir neçə nəfəri bıçaqlayıblar. Həmin 3 nəfər güllələnib.