”Abu Cihad” ləqəbli döyüşçü 15 il 6 ay azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dekabrın 28-də İŞİD terror təşkilatının tərkibində Suriyadakı döyüşlərdə iştirakda ittiham olunan Azərbaycan vətəndaşı Eldəniz Məmmədov haqqında hökm verilib.
Hakim Rahib Salmanovun sədrliyilə keçirilən məhkəmədə çıxarılan hökmə görə, 40 yaşlı E.Məmmədov 15 il 6 ay azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 279-cu maddəsilə (qanunverilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrupların yaradılmasında, fəaliyyətində iştirak etmə) təqsirli bilinib.
İttihama görə, E.Məmmədov Suriyada İŞİD döyüşçüləri arasında “Abu Cihad” ləqəbilə tanınıb, bir neçə il orada döyüşlərdə iştirak edib. Onun başqa İŞİD-çilərlə birlikdə qətlə yetirilmiş insanların meyitlərinin yanında dayanıb çəkdirdikləri foto və videolar da sosial şəbəkələrdə yayılıb.
İŞİD-çilərin əsas “İnstagram” səhifələrindən birini də E.Məmmədovun idarə etdiyi iddia olunur.
E.Məmmədov 2017-ci il sentyabrın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.
Onun məhkəməsi 2018-ci ilin mayında başlayıb.