Rufan Hüseynov məhkəmədə özünü qismən təqsirli bilib
İŞİD-ə qoşulmaqda ittiham olunaraq məhkəmə önünə çıxarılan Rufan Hüseynova iyulun 25-də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, o, qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirli bilinib və 8 il azadlıqfan məhrum edilib.
İttihama görə, R.Hüseynov 2014-2015-ci illərdə Suriyada İŞİD-in tərkib hissəsi olan “Çeçen camaatı” qruplaşmasına qoşulub. Bir müddət orada döyüşəndən sonra Türkiyəyə qayıdarkən saxlanılıb və Azərbaycana deportasiya edilib.
R.Hüseynov məhkəmədə özünü qismən təqsirli bilib.
Məhkəmədə onun ailə üzvləri, o cümlədən anası, qayınanası da dindirilib. Anası Malina Hüseynova bildirib ki, oğlunun ailəsi ilə birlikdə Suriyaya getməsindən xəbərləri olmayıb. Onlar elə biliblər ki, Türkiyəyə işləməyə gedib. Anasının sözlərinə görə, oğlunu Suriyada pulsuz ev, yaxşı iş vədi ilə aldadıblar. Amma gerçəyi başa düşəndə oğlu bir dostunun köməyi ilə ailəsini də götürüb, oradan qaçıb.
R.Hüseynov ali təhsillidir. Qayınanası da onun haqqında müsbət fikirlər söyləyib.