“İşə düzəlmək üçün pul verdiyim adam yüz minlik maşında gəzir”

Təhlükəsizlik xidmətinin əməkdaşları istintaqın gedişindən narazıdır

Source:


Təhlükəsizlik xidmətinin əməkdaşları istintaqın gedişindən narazıdır

“Qala Beynəlxalq Təhlükəsizlik Xidməti”nin rəhbəri yanvar ayında həbs olunsa da, şirkətdə işə düzələn vətəndaşlar istintaqın gedişindən şikayətçidirlər. Bu barədə Meydan Tv-yə xidmətə işə düzəlmək üçün 3300 manat əvvəlcədən pul ödəyən və 700 manatlıq maaşının 4 ayını ala bilməyən Elnur Əhmədov məlumat verib. Şirkətin Ağdam filialında işə düzələn E.Əhmədov deyir ki, o, hazırda başqalarının əvəzinə kredit ödəyir:

“Bütün hüquq mühafizə orqanlarına müraciət etmişəm. Mənim işə düzəlmək üçün rayonda pul verdiyim adam bəlkə yüz min manatlıq maşında gəzir. Mən isə işmdən və pulumdan ola-ola, hər ay 400 manat kredit ödəyirəm. Polisə ərizə yazmışam ki, məndən pulu alan filankəsdir. Amma hələ də o adamı çağırıb, dindirən olmayıb”.

Elnur Əhmədov rayonda vəziyyətin ağır olduğunu deyir:“Bir mən deyiləm. Mənim kimi neçə gənci belə aldadıblar. Hamımız işsiz-gücsüz qalmışıq. Bir Vüqar Hüseynovun həbsi ilə nə dəyişəcək ki? O adamın milyonlarla pulu var. Pulunu verib, özünü xilas edəcək. Amma biz işləməyə-işləməyə, kimlərinsə yerinə kredit ödəyirik. Biz nə edək? Hara deyək dərdimizi?”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələ ilə bağlı Meydan Tv-yə deyib ki, məlum cinayət işi ilə bağlı istintaq gedir: “Bizim rəsmi açıqlamamız oldu. Qurumun rəhbəri həbs olundu. Hazırda istintaq gedir. Biz əlavə məlumat verə bilmərik. Ola bilər ki, başqa adamlar da həbs olunacaq. Lakin araşdırma getdiyindən nə isə demək doğru deyil”.

Ana səhifəXəbərlər“İşə düzəlmək üçün pul verdiyim adam yüz minlik maşında gəzir”