İşdən çıxarılan icra başçısının əmisi oğlu: Hər şey ondan sonra başladı

“Mənə pul təklif etməyib, məndən məsləhət alıb”

Source:
Razim Məmmədov
Razim Məmmədov


“Mənə pul təklif etməyib, məndən məsləhət alıb”

Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədovun əmisi oğlu Xalid Məmmədov bu rayondakı qanunsuz tikililərlə bağlı məhkəmədə ifadə verib.

Cinayət Məcəlləsinin 311 (rüşvət alma), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 34,312-ci (rüşvət verməyə təhrik) maddələrilə ittiham olunan X.Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə baxılır.

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini X.Məmmədov məhkəmədə ifadə verərək, özünü təqsirli bilmədiyini, rayon ərazisində heç bir qanunsuz tikiliyə şərait yaratmadığını söyləyib.

Bundan öncəki məhkəmə iclasında jurnalistlərin iştirakına etiraz edib, ifadə vermək istəməyən X.Məmmədov bu dəfə danışıb. O bildirib ki, 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini vəzifəsində işləyib.

Birliyin rəisi isə Əvəz İsmayılov olub. Məhəllədaxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsinə nəzarət etdiyini söyləyən X.Məmmədov daha sonra ittiham olunduğu epizod üzrə danışıb:

“Mənim “Hyundai” markalı maşınımı İlham Məlikov adlı usta təmir edirdi. 2018-ci ilin fevral ayında mənə zəng etdi ki, dostu Elsevər Rufullayev tikinti işinə görə mənim yanıma gələcək. Ona dedim ki, tikinti mənim sahəm deyil. Bildirdi ki, məsləhət almaq istəyirlər. Sonra gəldilər, danışdıq, bizim ərazidə tikinti işləri görmək istəyirdi. Gedib əraziyə baxdım, dedim ki, orada tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalısan. Oradan da sərəncam verilməlidir, layihə təsdiqlənməlidir. Bundan sonra heç nədən xəbərim olmadı”.

Daha sonra X.Məmmədov bildirib ki, may ayında 97 saylı JEK-in sədri Arif Gülgəzov zəng edib dedi ki, həmin ərazidə bünövrə qazılır.

“Mən orada işi dayandırdım. Səhəri gün İlhamla Elsevər yanıma gəldilər. Elsevər dedi ki, Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacaq. Bir gün sonra Əmlak Komitəsindən və Bakı şəhər İcra Hakimiyyətindən sənədlər gətirdi. Sənədlərin saxta olmasından şübhələndim. Ona görə də tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin, meriyada təsdiqlətdirsin. İyunda Fövqəladə Hallar Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də getdim, meriyanın işçisindən soruşdum ki, sənədlər qaydasındadır? Dedi ki, bütün sənədlər düzdür. Tikintiyə davam etdilər. İki ay sonra da Bakı şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi…”

İttihamda yazılıb ki, X.Məmmədov E.Rufullayevdən tikintiyə icazə üçün 50 min manat rüşvət alıb. Təqsirləndirilən şəxs prokurorun bu barədə sualına belə cavab verib: “Elsevər Rufullayev ümumiyyətlə, mənə pul təklif etməyib. Məndən sadəcə, məsləhət alıb”.

Məhkəmə prosesi yanvarın 4-də davam edəcək.

Ana səhifəXəbərlərİşdən çıxarılan icra başçısının əmisi oğlu: Hər şey ondan sonra başladı