İşçi qrupuna Kürdəxanıdan sevgilərlə

See you at next alver

Source:

Çox hörmətli İşçi Qrup! Siz nə əla qrupsunuz? Əvvəl sizə bu müraciəti etmək istəmirdim. Sonra hamını ittiham etməyinizi, sağa-sola atəş açmağınızı görüncə, dedim ki, yox, yazmaq lazımdır. Bu müraciəti də sizin üçün yazıram. Bir-iki nəfərinizi istisna etməklə, qalanlarınız sanki hansısa zarafatın iştirakçılarısınız. Sizdən insan haqları üzrə işçi qrupu yox, bir-iki transferlə normal futbol komandası çıxar. Hüququn qapısını darmadağın edərsiniz.

Başlayaq komandanın kapitanı Fuad Ələsgərovdan. Fuad müəllim siyasi məhbuslar üçün bir anlam daşıyır: Cəllad. “Facebook məhbusları” istisna olmaqla (onlarla “bandotdel” məşğul olur) qalan bütün siyasi məhbusların həbsini, məhkəməsini, hətta təcridxanada sıxışdırılmasını, eləcə də kimin neçə il iş almasını birbaşa sifariş edən adamdır. Bu adamı İşçi Qrupa başçı qoymaq Avropa Şurasıyla, yumşaq desək, məzələnməkdir.

Davam edək. Qrupda çoxlu dövlət qurumlarının əməkdaşları var. Adlarını yaddan çıxarmışam. Açığı, heç maraqlı da deyil. Bu qrupa daxil olanları qısaca “hüquq hücumçuları” adlandırmaq olar. Bu şəxslər meydanda, yəni Azərbaycan Respublikası ərazisində hüququn qapısını darmadağın edən peşəkarlardır. Bu baxımdan etiraf etməliyəm ki, komandanızın hücum xətti yaxşıdır.

Komandanızın yarımmüdafiəsi də pis deyil. Burada illərin sınağından çıxmış təcrübəli buqələmunlar, üzr istəyirəm, “hüquq yarımmüdafiəçiləri” var. Situasiyadan, oyundan, küləyin Qərb və ya Şimaldan əsməyindən asılı olaraq, gah hücuma, gah da müdafiəyə yardım edirlər. Əksəriyyəti hücuma meylli olduğundan, komandanın müdafiəsində problem yaşanır. Müdafiə demişkən, komandada cəmi 2 nominal müdafiəçi var. Yaxşı, müsavatçıların xətrinə dəyməmək üçün Novella Cəfəroğlunu da əlavə edək, olsun 3 nəfər. Amma yenə də komandanın ən zəif yeridir müdafiə.

Buna görə də ictimai nüfuzunuz çox aşağıdır. Transferlər mütləqdir. Ümumi komandaya göz gəzdirdim, bir neçə yeni oyunçunun komandanıza uyğun olacağını düşünürəm. Beləliklə:

1. İbrahim Ləmbəranski və Elçin Quliyev. Bu dayı-bacoğlu cütlüyü siyasi məhbus ovlamaqda çox peşəkardır. MTN-in Anti-Terror Mərkəzinin rəisi olan dayı izləyir, raport verir, sifariş alır, tutur verir bacıoğluya, bəh-bəh. Bacıoğlu da başlayır torbanı tikməyə. Torba da ki, nə torba, əlli yerindən cırıq-yamaq dolu. Məncə, Fuad Ələsgərovun kapitan olduğu komandaya bu cütlük əla yaraşar.

2. İkinci cütlüyümüz qardaşlardır. Azər və Mirqafar Seyidovlar. Bu cütlük də əla işləyir. Böyük qardaş tutur, döyür, işgəncə verir, göndərir qardaşına, Kürdəxanıya. Qardaşı da burada təzyiq, təhdid kimi metodlarla əfv ərizəsi, olmayan yerdə quru müraciət almağa çalışır. Düzdür, deyə bilərsiniz ki, Mirqafar müəllim “qorotdel”ə rəis keçib. Olsun, vəzifə yüksəlişidir, bu ona İşçi Qrupunda daha yaxşı işləmək üçün motivasiya olar.

3. Komandaya yararlı olan digər cütlük Ramil və Rüstəm Usubov qardaşlarıdır. Biri bütün siyasi məhbusların təqdimatını yazır, digəri isə bütün etiraz aksiyalarını dağıdır. Tanıdığım İşçi Qrupuna çox fayda verər.

4. Komandaya qapıçı da lazımdır. Məncə, Siyavuş Novruzovu götürün. Əlli kameranın çəkdiyi oyunda komandanın qapısına 10 qol da vursalar, birini də boynuna almayacaq. Deyəcək ki, hakim də ermənidir, azarkeşlər də, operatorlar da, hətta TV izləyiciləri də.

Yekunda xislətinizə bələd olduğumdan, “alverə getməyin” deyə bilmirəm. Onsuz da alver edəcəksiniz. Bazarınız bol olsun. Mənim sözüm odur ki, sonda oyunu uduzacağsınızsa, heç olmasa, yazıq azarkeşləri ( məhbus yaxınları və ailələri ) ümidləndirməyin. Belə. Hələlik.

See you at next alver


Vicdan məhbusu İlkin Rüstəmzadə

Ana səhifəXəbərlərİşçi qrupuna Kürdəxanıdan sevgilərlə