İsa Qəmbər: İlham Əliyevin ətrafında güvənə bildiyi bircə şəxs belə yoxdur


“Qərb buna razılıq verib, nə deməkdir?”


İki gündür Azərbaycan ictimai-siyasi gündəmin əsas mövzusu dövlət başçısı İlham Əliyevin fevralın 21-də həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi haqda imzaladığı sərəncamdır. Təyinat artıq bir çox xarici media orqanının da diqqətini cəlb edib. Sərəncam 2016-cı ilin 26 sentyabr referendumun nəticələrindən irəli gələrək imzalanıb.

Meydan TV Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərlə olayın yaratdığı suallara cavab almağa çalışıb.


– İsa bəy, fevralın 21-dən Azərbaycan öz tarixində hansı mərhələyə keçdi?

– Rüsvay mərhələdir. 21 fevral sərəncamı rüsvayçılıq və biabırçılıqdır. Dövlət başçısının öz xanımını referendum yolu ilə süni bir vəzifə yaradıb ora təyin etməsi rüsvayçılıqdır. Azərbaycan demokratik ənənələri ilə tanınan bir ölkədir. Biz fəxr edir və hər yerdə də təbliğat aparırıq ki, 100 il əvvəl Azərbaycanda Şərq aləmində ilk cümhuriyyət qurulub. İndi bundan sonra harda “100 il əvvəl cümhuriyyət qurmuşuq” deyəcəyiksə, cavab verəcəklər ki, bəli, qurmusunuz. Ancaq 100 il sonra dövlət başçınız öz xanımını birinci vitse-prezident təyin edib. Bu, tam biabırçılıqdır və istənilən baxımdan yolverilməz addımdır. İstər ölkə daxilində münasibətlərin gərginmləşməsinə, istərsə də beynəlxalq miqyasda Azərbaycana münasibətin mənfiyə doğru dəyişməsinə gətirəcək.


– Ümumiyyətlə, sərəncam ölkənin idarəetməsində hansı nəticələri doğura bilər?

– Hansısa köklü fərq yaratmayacaq. Sadəcə, Əliyevlər sülaləsinin formal şəkildə möhkəmlənməsinə xidmət edən addım atıldı. Eyni zamanda bütün cəmiyyətə qarşı saymazlıq, hörmətsizlik istiqamətində çox kobud bir addımdır. Heç nə köklü şəkildə dəyişməyəcək. Bəlkə də əksinə, sərəncam Əliyevlər sülaləsinin süqutunu sürətləndirən bir hadisə olacaq. Amma məsələ öz mahiyyətinə görə yolverilməzdir və mənfi bir hadisədir.


– Dünən sərəncam haqda məlumat yayılandan sonra həmkarlarınız, siyasilər və fəallar da sosial şəbəkələrdə bunu monarxiya rejiminin təsdiqlənməsi kimi şərh etdilər. Siz bu barədə nə düşünürsünüz, monarxiyadan danışmaq olarmı?

– Monarxiyanın formal tərəfləri var. Hələlik dövlətin adı cümhuriyyətdir, konstitusiya qüvvədə qalır, ona görə də formal olaraq bu monarxiya deyil. Amma mahiyyət üzrə bir ailənin bir ölkə üzərində hakimiyyətini möhkəmləndirməyə yönəlmiş bir addımdır, mahiyyət üzrə monarxik bir hakimiyyətin möhkəmləndirilməsi hadisəsidir.


– Siz beynəlxalq aləmdə 21 fevral sərəncamına münasibətə toxundunuz və dünən “Amerikanın səsi” radiosuna Qərbin bu addıma mənfi rəy verəcəyini demisiniz. Ancaq “Turan” İA-nin direktoru Mehman Əliyev hesab edir ki, bu prosesin arxasında Qərb dayanır və onlar gedişatın hansı istiqamətə getməsini kifayət qədər yaxşı bilirlər, hər şey razılaşdırılıb. Mehman Əliyevin fikrini necə qiymətləndirirsiniz?

– Razı deyiləm, bir neçə dəfə bu cür fikirlərin şahidi olmuşuq. Elə referendum keçirilərkən də gələcək islahatlar üçün hazırlıqların getdiyi barədə rəy səslənirdi. Guya İlham Əliyev Qərbi inandırır ki, islahatlar aparması üçün hakimiyyətdən arxayın olmalıdır, ona görə müəyyən addımlara ehtiyac var. Guya Qərb də buna razılıq verir və guya bu addımlardan sonra islahatlar olacaq. Belə fikirlərlə qətiyyən razılaşa bilmərəm. Əvvəla, heç bir şəkildə bu addımlar islahata baza rolunu oynaya bilməz. Faktiki olaraq da, İlham Əliyev öz xanımını birinci vitse-prezident təyin edə bilirsə, ondan əvvəl Əli İnsanov, Fərhad Əliyev, Ziya Məmmədiov kimi əsas oliqarxları istədiyi an vəzifədən kənarlaşdırıb həbs etdirə bilirsə, guya, onun öz komandasına nəzarət edə bilməməsi, islahatlar aparmaq istəməsi və komanda buna mane olur, bunlar hamısı bəhanədir. Mən bunları heç bir şəkildə qəbul etmirəm. Başqa tərəfdən Qərb buna razılıq verib, nə deməkdir? Əvvəla, Qərb çox geniş bir anlayışdır, müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar, siyasi təşkilatlar, şəxslər, cərəyanlar, yanaşmalar var. Ona görə Qərb bütövlükdə buna razılıq verib demək məntiqsizdir. Sadəcə, müəyyən şəxslər, təsirli siyasətçilər, yaxud böyük şirkətlər ola bilər. Onlar özləri üçün rahat hesab edirlər ki, Azərbaycan, Ermənistan, Mərkəzi Asiya kimi ölkələrdə avtoritar rejimlərin olması onların şəxsi maraqlarına cavab verə bilər. Biri var neft müqaviləsini, digər məsələləri xalqla razılaşdırırsan, ya da ciddi müzakirədən sonra qəbul edirsən, bir də var, müəyyən adamla danışıb hakimiyyətinə təminat verirsən, sonra da istədiyini əldə edirsən. Ola bilər ki, müəyyən şirkət rəhbərləri, müəyyən ictimai fiqurlar belə maraq göstərsinlər. Amma bunu qərbin ümumi razılığı kimi göstərmək yolverilməzdir. Sadəcə, mümkündür ki, Qərbin müəyyən mərkəzləri qlobal məsələlərin həlli ilə məşğuldurlar. Məsələn, ABŞ-ın yeni strategiyasında əsas hədəflərdən biri Rusiyanın müasir dünyanın oyun qaydalarına əməl etməsinə nail olmaqdır, Kremli buna sövq etməkdir. Bu, özü də strateji hədəf deyil. Ona lazımdır ki, bundan sonra digər ciddi qlobal problemləri həll etmək mümkün olsun. Konkret olaraq, Yaxın Şərqdəki konfliktləri, böyük qüvvə mərkəzləri arasında düzgün balans tapmaq alınsın. Belə şəraitdə müəyyən qüvvə mərkəzləri Azərbaycan və Ermənistan kimi ölkələr haqda deyirlər ki, başınızı nə oyunla qatırsınız qatın, bizə mane olmayın, çünki qlobal məsələləri həll edirik, bu, mümkündür. Amma Qərbin razılıq verməsini söyləmək heç bir məntiqə sığmır. Əminəm ki, çoxunuz FOX TV-nin reportajına baxmısınız. İnanıram ki, dünyanın bir çox yumor proqramlarında 21 fevral sərəncamı təkrar-təkrar gündəmə gətiriləcək, Azərbaycanın onsuz da aşağı olan nüfuzunun sarsılması istiqamətində münasibət getdikcə artacaq. Eyni zamanda da bu addımlar Azərbaycanın beynəlxalq miqyasda gücünün, ümummilli məsələlərimiz, Qarabağ probleminin həllində sözümüzün kəsərinin azalmasıyla nəticələnəcək. Başqa tərəfdən, Əliyev rejiminin zəifləməsinə gətirib çıxaracaq. Bütün bunlar o qədər sadə məsələlərdir ki, görməmək mümkünsüzdür.


– Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra monarxik rejim quracağı barədə fikirlər səslənirdi. Məsələn, ilk dəfə monarxiya yaradılacağı barədə 1995-ci ilin mart hadisələrindən bir neçə gün əvvəl Rövşən Cavadov danışmışdı. İkinci anonsu Murtuz Ələsgərov 1996-cı ildə parlament sədri təyin olunandan sonra Nemət Pənahov verdi, o dedi ki, Murtuz Ələsgərov müvəqqətidir və bu təyinat İlham Əliyevin hakimiyyətə gətirilməsi üçün hazırlıqdır. Növbəti açıqlama “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Mirzə Xəzərdən gəldi. Ancaq Heydər Əliyev radionun rəhbəri ilə görüşdə narazılığını ifadə edib belə bir niyyətinin olmadığını demişdi. Həmin illərdə biz jurnalistlər siz də daxil siyasilərə bu barədə sual verəndə deyirdiniz ki, gündəmdə belə bir şey yoxdur, ciddi məsələlərdən danışın. Amma əhali arasında artıq bu barədə danışılırdı. Sual yaranır; siyasilər buna inanmırdı, yoxsa siyasi uzaqgörənliyiniz yox idi?

– Ümumi söhbət edirsiniz və sualı çox ümumi şəkildə qoyursuz.  Şəxsən mənim hansısa müsahibədə dediyimi tapın və qoyun qabağıma, münasibət bildirim. Dediyim hər bir sözün arxasındayam. Ancaq bir siyasətçinin, bir jurnalistin yazdığına, ya dediyinə görə bütün müxalifət təmsilçilərini sual qarşısında qoymaq o qədər məntiqli yanaşma deyil.


– Ancaq siz 2008-ci ildə demişdiniz ki, İlham Əliyevin monarxik rejim qurmasına imkan verməyəcəyik…

– Əvvəla, hansı müsahibəyə istinad edirsiniz, yadımda deyil. İkincisi monarxik rejim o şəkildə qurulmur. O zaman monarxik rejimdən danışmaq olar ki, rəsmən konstitusiya dəyişdirilsin. Üçüncü, mən şəxsən heç zaman proqnoz verməklə məşğul olmamışam. Hər zaman siyasətçi olmuşam, indi də Milli strateji Düşüncə Mərkəzinin rəhbəri kimi ictimai-siyasi fəaliyyətlə məşğulam. Həm də cəmiyyəti müəyyən istiqamətlərə kökləməyə çalışıram. Yalnız mən yox, bir çox ictimai-siyasi xadimlər bununla məşğuldurlar. Biz Azərbaycanın maraqlarına uyğun olan istiqamətləri göstəririk. Cəmiyyəti maraqlarımıza uyğun olmayan istiqamətlərin qarşısında dayanmağa səsləyirik. O baxımdan “monarxiyanın qurulmasına yol verməyəcəyik” cümləsi də bu istiqamətdə cəmiyyətə yönəldici bir çağırışdır.


– O zaman demək olardımı ki, Əliyevlərin belə bir istəyi var?

– Bunu demək, deməmək olar. Yəqin demişik də, başqa deyənlər də olub. Amma hər bir konkret situasiyada cəmiyyətin toparlanması və rejimə qarşı müqavimət göstərməsi lazımdır. Əliyev rejimi dəyişməlidir, bunun üçün də demokratik düşərgə toparlanmalı, cəmiyyətlə bütünləşməli və gücünü ortaya qoymalıdır.


– Deməli, ilk addımı siz atmalısınız də?

– Demokratik düşərgə və xalq bir yerdə dəyişməlidir.


– Hər halda sosial şəbəkələrdə sizi dinləyənlər sual verəcək ki, vədlər verirdiniz, niyə etmədiniz? Məsələn, 2007-ci ildə mənə verdiyiniz müsahibədə 2008-ci il prezident seçkiləri üçün demişdiniz ki, hakimiyyətin pişiyini divara dırmaşdıracaqsınız. Bəs nə oldu?

– Təəssüf ki, cəmiyyətlə müxalifətin bütünləşməsi mümkün olmadı. 2008-ci il Azərbaycanda ictimai-siyasi fəallığın ən aşağı olduğu illərdən biridir. BTC-nin işə düşməsi, on milyon dollarla neft pullarının gəlməsi və bunların hesabına hakimiyyətin cəmiyyəti bir qədər razı salmağa çalışması… Bütün bunlar təsir etmişdi.


– Siz siyasilər cəmiyyətin passivləşməsinin qarşısını almaq üçün hansı addımları atdınız?

– Fəaliyyətdə olduğumuz müddətdə buna çalışmışıq. Əgər Azərbaycanda demokratik düşərgə deyilən bir şey, partiyalar, azad medianın son əlamətləri varsa, bu, bizim kimi minlərlə insanın fəaliyyəti nəticəsində mümkün olub.


– Növbəti vitse-prezidentlərin təyinatında bundan sonra hansı təhlükələri görürsünüz? Əliyev kimləri təyin edəcək, proqnozunuz varmı?

– Ən inandırıcı proqnoz odur ki, İlham Əliyev klanlararası balansı pozmamaq üçün paşayevlərə qarşı olan qüvvələrdən birinin namizədini vitse-prezident postuna gətirə bilər. Ancaq müəyyən müddət bu addımın atılmaması da mümkündür, yəni reaksiyalar yoxlanılsın.


– Deməli, birinci ehtimal özünü doğrultsa, hakimiyyət müəyyən zamanda öz ömrünü uzadacaq?

– Hakimiyyətin bu addımlarının onu möhkəmləndirdiyini düşünmürəm. Hakimiyyət bu addımlarıyla öz sosial bazasını getdikcə, zəiflədir. 21 fevral sərəncamı da hakimiyyətin yalnız cəmiyyətdə deyil, hakim dairələrin içində də bazasının daralmasına gətirəcək.


– Sərəncamın siyasi tərəflərinə toxundunuz. Güman ki, 26 sentyabr referendumundan sonra dəyişikliklərin hüququ tərəflərini də araşdırmısınız. Məsələn, bir gün əvvəl hüquqşünaslar Akif Qurbanovla Samir İsayev əks fikirlər səsləndirirdilər. Akif Qurbanov prezidentin 13 yanvar 2014-cü ildə imzaladığı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əsasən bildirmişdi ki, əgər dövlət başçısı belə təyinat edibsə, 30 gün sonra özü hakimiyyətdən getməlidir. Amma Samir İsayev məlum qanunun prezidentə aid olmadığını söyləyib. Siz bu barədə hüquqşünaslarla söhbət etmisinizmi?

– Bir neçə nəfərin fikrini almışıq. Təəssüf ki, bu məsələyə yanaşma sırf hüquqi yanaşma olmur. Demokratik düşüncəli şəxslər bunun hüququ baxımdan yolverilməz və konstitusiyaya zidd olduğunu deyirlər. Əks mövqeyə yaxınlar, yaxud riskə getmək istəməyənlər isə bu məqamın üstündən keçməyə çalışırlar.


– İsa bəy, yekunda yenə əvvəlki suala qayıdaq. Bu sual sərəncam imzalanan gün daha çox səsləndi: Dövlət başçısı niyə məhz Mehriban Əliyevanı birinci vitse-prezident təyin etdi, komandada başqa etibar etdiyi adam yox idimi? Siz bu suala necə cavab verərdiniz?

– Yoxdur! Bu, avtoritar rejimlərin həm mahiyyətindən, həm də konkret situasiyadan, prezident və ətrafındakı insanlar haqda biliklərimizdən irəli gələn bir nəticədir ki, İlham Əliyevin ətrafında güvənə bildiyi bircə şəxs belə yoxdur.

Ana səhifəVideoİsa Qəmbər: İlham Əliyevin ətrafında güvənə bildiyi bircə şəxs belə yoxdur