”İş adamına Sumqayıt Polis İdarəsində təzyiq edilir”

“Müqayis Verdiyevdən 8 milyon manatı mənimsəməsi barədə ifadə vermək tələb edilir”

Source:
Sumqayıt Şəhər Polis İdarəsi – foto: sosial şəbəkə
Sumqayıt Şəhər Polis İdarəsi – foto: sosial şəbəkə



“Müqayis Verdiyevdən 8 milyon manatı mənimsəməsi barədə ifadə vermək tələb edilir”

Həbsdə olan iş adamının təzyiqlərə məruz qaldığı bildirilir

Bir müddət əvvəl həbs edilən iş adamı Müqayis Verdiyevin Sumqayıt şəhər Polis İdarəsi və Prokurorluğunda təzyiqlərə məruz qaldığı bildirilir.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, hüquq-mühafizə orqanları M.Verdiyevdən etirafedici ifadə almağa çalışırlar: “Müqayis Verdiyev həbs edildikdən sonra ondan 8 milyon manatı mənimsəməsi barədə ifadə vermək tələb edilib. Lakin o, ifadə verməkdən imtina edib. Bundan sonra Müqayis Verdiyevə təzyiqlər başlanılıb. O, Sumqayıt Polis İdarəsinə etap olunur və ona təzyiqlər edilir”.

Məlumatda M. Verdiyev polis idarəsində işgəncəyə məruz qaldığı da qeyd edilib: “Müqayis Verdiyev sonuncu dəfə 2017-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhər Polis İdarəsinə gətirilib. Burada o, Polis İdarəsinin rəisi tərəfindən təzyiqlərə məruz qalıb. O, pul almadığını və insanların ödənişinin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ödənilməli olmasını bildirib. Həmin gün onu həm də Sumqayıt şəhər Prokurorluğuna aparıblar. Burada da o təzyiqlərə məruz qalıb. Bunun nəticəsində Müqayis Verdiyevin halı pisləşib, təzyiqi qalxıb, üzərinə 4 dəfə təcili yardım gəlib”.

Sumqayıt şəhər Polis İdarəsindən deyilənləri təkzib ediblər.

M.Verdiyev ötən ilin noyabrında həbs edilib. M.Verdiyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və digər maddələrinə əsasən ittiham edilir. Sumqayıt şəhərində yeni inşa edilən bulvar M.Verdiyevin rəhbərlik etdiyi işçi qüvvəsi tərəfindən həyata keçirilib. Prezident tərəfindən açılışı edilən bulvarın təmir-tikinti işlərində çalışan fəhlələrin pulu indiyə kimi ödənilməyib. Bundan sonra M. Verdiyev həbs edilib. Lakin M.Verdiyev həbsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi əsasında həyata keçirildiyini, pulun icra hakimiyyəti tərəfindən ödənilməli olduğunu bildirib.

Ana səhifəXəbərlər”İş adamına Sumqayıt Polis İdarəsində təzyiq edilir”