İş adamı MTN əməkdaşları tərəfindən şantaj edilib


Bir gecədə 600-700 minlik obyektini 290 min manata satan Maqsud Mahmudov pulu şantajçı qrupa verib

Ötən həftənin şənbə günü prezident İlham Əliyevin milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən kənarlaşdırdıqdan sonra bu nazirliklə bağlı informasiya axını mətbuata sızmağa başladı. Və bu axın hələ də davam edir. Artıq iş adamları mediaya çıxırlar.

Meydan TV-yə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təmsil olunan şəxslərin daha bir iş adamını şantaj etmələri ilə bağlı fakt daxil olub. Məlumata görə, iş adamı Maqsud Mahmudov da bu qrupun qurbanı olub.

İş adamının yaxınlarının məlumatına görə, hadisə bu il, iyulun 4-də baş verib. İş adamına zəng edilib. Özünü MTN-nin əməkdaşı kimi təqdim edən şəxs ondan səhər saat 10.00-da MTN-nin Antiterror İdarəsinə gəlməsini tələb edib. İş adamı deyilən saatda nazirliyə gəlib, şəxsiyyət vəsiqəsini birinci mərtəbəyə təqdim edib. Daha sonra onu nazirliyin üçüncü mərtəbəsinə aparıblar. Biznesmeni burada özünü polkovnik Azər Mehdiyev kimi təqdim edən şəxs qarşılayıb. İş adamı bura dəvət edilməsinin səbəbini soruşduqda, ona terrorçu olduğunu deyiblər: “Bildiriblər ki, daim Ukraynaya gedib-gəlirsən, min oyundan çıxırsan. Daha sonra polkovnik otağı tərk edib və 15 dəqiqədən sonra bir nəfərlə geri qayıdıb. Yanındakı şəxsin Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev olduğunu bildirib. İlqar Əliyev isə Maqsud Mahmudovu gördükdən sonra göstəriş verib ki, bu şəxsi dərhal uçota alsınlar. İş adamı nə etdiyini, hansı səbəbdən bura dəvət olunduğunun səbəbini soruşmağa cəhd edib. Bu zaman ona deyiblər ki, telefonu izlənilir, daima diqqətdədir, bilirlər ki, iş adamı olaraq güclü biznes fəaliyyəti göstərir, daima Ukraynaya gedib-gəlir. İş adamı bunların doğru və normal olduğunu bildirib, cinayət etmədiyini xatırladıb”. Yaxınlarının sözlərinə görə, bu zaman iş adamından tələb olunub ki, 250 min manat versin. Bu an biznesmenin qan təzyiqi qalxıb, durumu pisləşib. Amma buna baxmayaraq, ona deyilib ki, əgər 250 min manat gətirməsə, onu İŞİD-ın üzvü və ya narkobaron elan edəcəklər, özü isə bu ittihamı boynuna almalı olacaq: “Maqsud Mahmudov bu qədər pulunun olmadığını deyib. Onu 3 saat orada saxlayıblar. Qiymət 200 min manata enib.  Lakin o, bundan da imtina edib. Bu zaman telefonla təmas qurduğu xanımla şantaj edilib, bildirilib ki, bu məsələ açıqlanacaq. Bundan sonra iş adamına deyilib ki, Səməd Vurğun küçəsi ilə İnqilab küçəsinin kəsişdiyi ərazidə obyekti var, onu satsın və məbləği gətirsin. İş adamı şantajın qurbanı olaraq həmin gün 600-700 min manatlıq dəyərində olan obyektini 290 min manata satıb və bunun 120 min manatını MTN-nin məlum şantajçı qrupuna verib. Ona Bakıdakı mülkləri və avtomobillərinin markalarını deyiblər və məsləhət görüblər ki, sussun, bu haqa heç vaxt danışmasın”. Beləcə iş adamı şantajın qurbanı olaraq obyektini satmağa məcbur edilir. Alqı-satqı prosesi isə 14 saylı notariusda gerçəkləşdirilir.

Yaxınları onu da bildirir ki, hazırda iş adamının nümayəndəsi MTN-də baş verən son hadisələrlə bağlı aparılan istintaq orqanına müraciət edib.

Meydan TV Maqsud Mahmudovun özü ilə əlaqə saxlayıb. Hazırda Ukraynada olan iş adamı hələlik bu barədə mediaya danışmaq istəmədiyini, istintaqa çağrılarsa, baş verənləri deyəcəyini bildirib.

Ana səhifəVideoİş adamı MTN əməkdaşları tərəfindən şantaj edilib