Metyu Brayza: ”ABŞ və Rusiya prezidentləri nizamlama prosesində həlledici rol oynaya bilər”
ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza hesab edir ki, Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə – ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri və prezidentlərinin iştirakı ilə danışıqlar aparılması lazımdır.
Diplomatın sözlərinə görə, ABŞ və Rusiya prezidentləri nizamlama prosesində həlledici rol oynaya bilər.
Metyu Brayza report.az-a danışıqlar prosesinin çərçivəsinin və bu çərçivənin Madrid sənədi olduğunu, lakin prosesin sonradan irəliləmədiyini xatırladıb:
“Xarici oyunçular, bir yerə toplaşıb tərəfləri qəti barışığa çağıracaq və bu zamana qədər əldə olunan nizamlama çərçivəsində prosesin həllini tələb edəcək üçüncü ölkələrin liderlərinin iştirakı vacibdir”.
M.Brayza ABŞ və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi lazımlı olduğunu qeyd edib.
Eyni zamanda, diplomat Minsk qrupunun üçüncü həmsədrinin Avropa İttifaqı ola biləcəyini vurğulayıb:
“Ayrı-ayrı ölkələr olmaqdansa, Aİ-nin olması daha yaxşı olardı. Aİ güclü qüvvədir, bu, beynəlxalq siyasətdə bir qrupdur, odur ki, məncə, belə addım məna kəsb edərdi”.