Elmar Məmmədyarov: ”Yaxın bir ay ərzində siyahı dəqiqləşəcək”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İraqda 100-dən bir az çox azərbaycanlı qadın və uşağın olduğunu bildirib. Nazir yaxın bir ay ərzində bu barədə siyahının dəqiqləşəcəyini deyib.
Bu barədə məlumatı APA yayıb.
E.Məmmədyarov İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məşğul olduğunu qeyd edib.
“İlk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq. Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir.
Bir müddət əvvəl Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla Bağdad sığınacağına yerləşdirilib. Uşaqların İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı barədə məlumatlar yayılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb.
Oktyabrın 12-də İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı
Abdulla
adlı uşaq Azərbaycana gətirilib və babasına təhvil verilib.
Rusiya mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı yazılıb.