Ruhulla Zam casusluqda ittiham edilir
İranlı jurnalist Ruhullah Zam (Ruhollah Zam) ölümə məhkum edilib. O, 2017-ci ildə onlayn fəaliyyəti ilə ölkə üzrə iqtisadi etirazları ruhlandırmaqda ittiham olunur.
Məlumatı "
Radio Farda
“ yayıb.
Radionun məlumatına görə, iyunun 30-da ədliyyə sözçüsü Qulamhüseyn İsmaili (Gholamhossein Esmaili) jurnalistlərlə görüşündə Ruhullah Zamla bağlı çıxarılmış hökm haqda məlumat verib.
Onun sözlərinə görə, "Yer üzündə korrupsiya"da təqsirli bilib. Bu ittiham adətən casusluq, İran hökumətini yıxmaq cəhdləri üzrə işlərdə irəli sürülür.
Zam həmçinin Fransa və İsrailə casusluqda günahlandırılıb.
Ölüm hökmünün nə vaxt çıxarıldığı bəlli deyil. İranın məhkəmə sisteminin nümayəndəsi deyib ki, Zam qərar etiraz edərsə, iş Ali Məhkəməyə göndəriləcək.
2017-ci ildə Zamın “AmadNews” vebsaytı və “Telegram” mesajlaşma tətbiqində yaratdığı kanal vasitəsilə etirazların vaxtı haqda insanlara məlumat verilib, İran rəsmiləri barədə utandırıcı informasiya dərc olunub.
“Həmin ilin etirazları 2009-cu ilin seçkisonrası kütləvi itaətsizliyindən bəri ölkənin siyasi rejiminə ən böyük dirəniş idi. Ötən ilin noyabrında da oxşar etirazlar təşkil olundu. Etirazlarda minlərlə saxlanan oldu, 25 nəfər öldürüldü.
Zam Parisdə yaşayıb işləyirdi, sonradan onu İrana qayıtmaq üçün dilə tuta bilirlər və 2019-cu ilin oktyabrında naməlum şəraitdə həbs olunur. Fransa hakimiyyəti bu addımı "qəti şəkildə" pisləyir.
Son aylar televiziya vasitəsilə etiraflarında Zam səhvini boynuna alıb, keçmişdə elədikləri üçün üzr istəyib” – Azadlıq Radiosu yazır.
Ötən ilin sentyabr ayından bəri həbsdə olan Zamın işi İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsində keçirilirdi.
Bundan əvvəl Sərhədsiz Reportyorlar jurnalistin məhkəməsinin icrasını ədalətsiz adlandırmış və edamının mümkünlüyü barədə xəbərdarlıq etmişdi.