Musəviyə İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub
Aprelin 3-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə XİN-nin mətbuat katibi Ayxan Hacızadə açıqlama yayıb.
A.Hacızadə qeyd edib ki, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış notası bu gün nazirliyə daxil olub:
“Səfirə İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi deyilib. Həmçinin cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub”.
“İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir”, – deyə Hacızadə əlavə edib.
XİN rəsmisinin sözlərinə görə, səfirə iki ölkə arasındakı münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı bildirilib:
“Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi də qeyd olunub. Bundan əlavə, səfirə İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb”.
Martın 31-də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycandan izahat tələb etmişdi.
Səbəb kimi İsrailin xarici işlər naziri Eli Kohenin azərbaycanlı həmkarı Ceyhun Bayramov mətbuat konfransında söylədikləri idi.
Nasir Kənani demişdi ki, İsrailin xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə imzaladığı birgə bəyanat “İrana qarşı birləşmiş cəbhə”dir.
“Sionist rejimin xarici işlər nazirinin vahid anti-İran cəbhəsinin yaradılması ilə bağlı təklifi, eləcə də Azərbaycan xarici işlər nazirinin “Azərbaycan və sionist rejim arasında strateji tərəfdaşlığın yeni mərhələsi” adlı bəyanatı anti-İran yönümlülüyün üstüörtülü təsdiqidir. Ona görə də Azərbaycan hakimiyyətindən izahat tələb edirik”.
Elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin bugünkü açıqlamasını növbəti anti-Azərbaycan addım kimi qiymətləndirən açıqlama yaydı.
Nazirliyin rəsmisi A.Hacızadə demişdi ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum və deputat Fazil Mustafaya qarşı həyata keçirilən terror aktının istintaqının ilkin izləri də hadisənin İrana bağlı olduğuna dəlalət edir.
2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki nəfər yaralanıb.
Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya təxliyə edilib.
Martın 28-də saat 21:51-də isə Milli Məclisinin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında güllələnib.
Deputat sağ çiyinindən və sağ ayağından yaralanıb.
Elə həmin gün Baş Prokurorluq deputata siyahlı hücumla bağlı cinayət işi açıb.
Bir gün sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya silahlı hücumla bağlı cinayət işi açıb.
Bildirilib ki, qurumun İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Bu gün hüquq-mühafizə orqanları Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumla əlaqədar altı nəfərin Qaradağ rayonu ərazisində saxlanılması haqda məlumat yayılıb.
Saxlanılan şəxslərin hazırda Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri, onların yaşadıqları evlərdə axtarış keçirildiyi bildirilir.