Natiq Cəfərli: "İranla gərginliyin azadılmasının yolları tapılmalıdır"
Azərbaycan-İran ticarət dövriyyəsi 2021-ci ilin ilk 8 ayında 255 mln. 350 min dollar olub.
Azərbaycan İrana bu müddət ərzində 19 mln. 235 min dollarlıq mal ixrac edib.
Bu da ümumi ixracın 0,15 faizini təşkil edir.
İran isə Azərbaycana bu dövrdə 236 mln. 775 min dollarlıq mal satıb.
Bu da Azərbaycanın idxalının 3,22 faizini təşkil edir.
"İranın Ermənistanla ticarət dövriyyəsi 297 mln. 800 min dollar olub"
İqtisadçı Natiq Cəfərli deyir ki, rəqəmlərdən də göründüyü kimi, İran Azərbaycana daha çox mal-məhsul satır: "Əsasən, Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək başqa ölkələrə, xüsusən də Rusiyaya məhsul icrac edir və pul qazanır. Məntiqlə, İran Azərbaycanla münasibətlərin daha yaxşı olmasında maraqlı olmalıdır ki, daha çox qazansın. Bir də İran-Ermənistan ticarət əlaqələrinə nəzər salaq: Bu ilin ilk 8 ayında ölkələr arasında ticarət dövriyyəsi 297 mln. 800 min dollar olub. Yanvar-avqust ayında ticari əlaqələr 2020-ci ilin eyni dövrünə nisbətən 15 faiz artıb. Deməli, Azərbaycanın hərbi qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra İran Ermənistanla daha sıx iqtisadi əlaqələr qurmağa başlayıb”.
İqtisadçı bildirir ki, Ermənistanın İrana ixracı cəmi 40 mln. 700 min dollar təşkil edib.
İranın ixracı isə 257 mln. 100 min dollar olub: “İran Ermənistanın Rusiya və Çindən sonra üçüncü ən böyük ticarət tərəfdaşıdır. Göründüyü kimi, İranın hər iki ölkə ilə ticarət dövriyyəsi, aşağı-yuxarı eynidir. Deməli, məntiqlə İran ticarətə görə tərəf tutmazdı. Belə çıxır ki, İranın davranışında geosiyasi amillər və siyasi məsələlər daha çox rol oynayır”.
"Azərbaycan cəmiyyətinin İrana sualları var və səslənməlidir"
Natiq Cəfərli deyir ki, bu gün cəmiyyətin İrana münasibəti birmənalı deyil. Onun fikrincə, bu, anlaşılandır: “Azərbaycanın müstəqilliyindən üzübəri İranın davranışları, yumşaq desəm, sullar doğurur. Amma İran bizim qonşumuz, tarixi, mədəni əlaqələrimiz olan ölkədir. İranla gərginliyin artması indiki dövrdə bizim dövlət maraqlarımıza uyğun deyil. Hərbi qələbə qazanmış, torpaqlarımızın böyük bir hissəsini düşməndən azad etmiş, 127 km. İranla, 400 km.-dən çox Ermənistanla yeni sərhəd xətti yaranmış ölkənin indi əsas məqsədi möhkəmlənmək, sərhədlərimizi qalaya çevirmək, hərbi qələbəni diplomatik uğura aparmaqdır. Buna görə də gərginliyin azadılmasının yolları tapılmalıdır, amma bu o anlama gəlmir ki, Azərbaycan dövlətinin və cəmiyyətinin İrana olan sualları yoxdur. Əlbəttə, var və səslənməlidir də. Sadəcə, bu, gərginliyin artırılması yolu ilə deyil də, diplomatik kanallarla, danışıqlar yolu ilə edilməlidir”.
Bir müddətdir ki, Azərbaycan və İran arasında gərginlik var.
Səbəb Qarabağda ermənilərin məskunlaşdığı ərazilərə Azərbaycana məlumat vermədən İrandan yükdaşımalar olmasıdır. Buna cavab olaraq Azərbaycan İran sürücülərinə gömrük haqqı tətbiq
edib
.
Ardınca İran Azərbaycanın azad edilmiş əraziləri ilə sərhəd bölgədə hərbi təlimlərə başladı. Bu da rəsmi Bakının kəskin etirazına səbəb oldu.
Türkiyənin “Anadolu” agentliyinə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev bu təlimlərə narazılığını ifadə etmişdi.
Bildirmişdi ki, 30 il işğal dövründə İran bu ərazilərdə belə təlimlər
keçirməyib
.
Bundan sonra İran və Azərbaycan bir-birilərinə qarşı müəyyən qadağalar tətbiq edib.
Azərbaycan mətbuatında məlumatlı mənbəyə istinadən İranın Azərbaycanın hərbi yük daşıyan təyyarələri üçün səmasını bağlaması xəbəri dərc olundu.
Eyni zamanda, Azərbaycan DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Bakıda Hüseyniyyə məscidinin koronavirusun yayılması səbəbilə bağlandığını elan etdi.
Məsciddə həmçinin İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsinin ofisi
olub
.
Hadisələr tərəflərin bir-birinin ünvanına kəskin tənqidi ilə inkişaf etdi.
İran Azərbaycanı “sionist” və “terrorçuları” bölgədə yerləşdirməkdə, Azərbaycan isə İranı Ermənistana hərbi yardım göstərməkdə ittiham edib.