Yeni təhsil ilində İranın azərbaycanlılar yaşayan hissələrindəki bəzi məktəblərində eksperimental olaraq Azərbaycan dili tədris ediləcək. Bu haqda Şərqi Azərbaycan vilayətinin təhsil idarəsi açıqlama verib. Dərslərin ilk olaraq Təbrizdə başlanacağı və daha sonra Ərdəbil və digər ərazilərdə də tətbiq olunacağı bildirilir.
İran İslam Cumhuriyyətinin konstitutsiyasının 15-ci maddəsi ana dilində təhsili azad elan edib. Amma bu qanun 40 ildən uzun müddətdə icra olunmayıb. Nəticədə iranda yaşayan müxtəlif millətlərin nümayəndələri doğma dildə təhsil imkanından məhrum olub. İranda vaxtaşırı ana dil tələbi ilə etirazlar olub, bir çox fəal məhz belə tələblər səsləndirdiyi üçün həbs olunub. Onlardan biri də Abbas Lisanidi. 52 yaşlı fəal 1997-ci ildən bəri müxtəlif etiraz aksiyaları və tədbirlərə görə dəfələrlə həbs edilib, şallaq cəzasına məruz qalıb.
Təbrizin Traktor futbol klubunun əksər matçlarında doğma dildə təhsillə bağlı şüarlar səsləndirilir. Bəzi fəal azarkeşlər də bu səbəblə müxtəlif problemlərlə rastlaşırlar.
Bəs pilot layihə problemi həll etməyə kifayət edirmi?
İrandakı bu addımı bəziləri geosiyasi durumun kəskinləşməsi ilə izah edir. Ekspertlər deyir ki, ABŞ-la yaranmış son gərginliyin təsirlərini daxildən təmizləmək üçün İran hakimiyyəti islahatlara getmək məcburiyyətində qalıb. Erkin Qədirli isə bununla razılaşmır.
Azərbaycan dilində tədrisin hansı dərs vəsaitləri ilə keçiriləcəyi də məlum deyil. Milli fəallar həmçinin "dilin farslaşdırılması" probleminə də diqqət çəkirlər.
Görünən odur ki, uzunmüddətli doğma dildə təhsil probleminin həlli üçün artıq ilk addımlar atılır. Təhsilin keyfiyyəti, bunun nə qədər effektiv olub-olmamasını isə zaman göstərəcək.