”İran-Səudiyyə Ərəbistanı arasındakı gərginlik elə bəyanat səviyyəsində davam edəcək”

Source:


Zərdüşt Əlizadə: ”İnanıram ki, Azərbaycan hakimiyyəti çalışacaq ki, hər iki tərəflə yaxşı münasibətləri davam etdirsin”

Ötən həftə İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin pisləşməsiylə yadda qaldı. Səbəb ər-Riyadın şiə lideri Şeyx Nimri edam etməsi oldu. Bundan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə basqın edildi, ardınca ər-Riyad İran diplomatlarını ölkədən çıxardı. Artıq Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələri də Tehranla münasibətləri kəsməsi barədə bəyanat yayıb.

Ötən gün isə BBC İran və Səudiyyə Ərəbistanının bir sıra göstəricilərini müqayisə edib.

Bildirilib ki, iki ölkə arasında ticarət əlaqələri çox məhduddur – cəmi 190 milyon dollar. Bundan 111 milyon dolları İranın, 79 milyonu Səudiyyənin ixracıdı.

“İran əhali sayına (81.8 milyon nəfər) görə 3 dəfə çoxdu. Səudiyyə Ərəbistanının ümumi daxili məhsulu az qala 2 dəfə İrandan çoxdu. Ərəblər 746 milyard, İran 416 milyard dollar ÜDM-ə malikdir. İran ordusunun əsgəri sayı (545 min nəfər) Səudiyyədən 2.1 dəfə çoxdu. Amma Səudiyyənin hərbi büdcəsi 9 dəfə böyükdür – İran 6.3 milyard, Səudiyyə 56 milyard dollar hərbi büdcəyə sahibdir”,-deyə xəbərdə bildirilir.

Meydan TV mövcud vəziyyətlə əlaqədar siyasi şərhçi Zərdüşt Əlizadəyə müraciət edib.

Zərdüşt Əlizadə deyir ki, İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanının münasibətləri heç də həmişə yaxşı olmayıb, sadəcə, normal olub: “Görünür, iki dövlət arasındakı münasibətləri pisləşdirmək hansısa dövlətə lazım idi. Vəziyyəti bu həddə gətirən elə dövlət olub ki, Səudiyyə Ərəbistanı onu dinləməliydi. Necə ki, Rusiya-Türkiyə münasibətləri, hər şey yaxşı idi, iqtisadi, ticari əlaqələr inkişaf edirdi. Amma bir qırıcı təyyarənin vurulması ilə münasibətlər pozuldu, Rusiyanın Yaxın Şərqdəki siyasəti daşa dirəndi, Qərblə tərəfdaş olmaq ümidləri puç oldu. Səudiyyə Ərəbistanı və İranın münasibətləri Şeyx Nimrin edamından sonra pisləşdi. Münasibətlərin pisləşməsinin kimə xeyir olmasına gəlincə, bunun üzərində baş sındırmağa dəyməz. Müsəlman dövlətlərinin pərakəndə olması, bir-birilə qarşıdurma vəziyyətinə gəlməsi, zəifləməsi hansı dövlətə xeyirdir? Təkcə Qərbə yox, Şərqdə də onların müttəfiqləri var. İsrailə xeyirdirmi? Əlbəttə!”

Şərhçinin sözlərinə görə, Şeyx Nimr mislilsiz natiq və savadlı adam olub: “Adam Səudiyyə Ərəbistanını çox sərt şəkildə müsəlmanların hüquqlarını pozmaqda ittiham edirdi və haqlıydı. Mən onun cəsarətinə, savadına və natiqliyinə heyran idim. Onun sərt fikirləri Səud ailəsini sarsıdırdı. Şeyx Nimrin niyə görə edam edilməsini isə tarixi anın özəlliklərində axtarmaq lazımdır. Səudiyyə Ərəbistanı bilirdi ki, Şeyx Nimr şiələrin rəhbəridir və edam qərarı ilə hansı durum yaranacaq, İranla münasibətləri pisləşəcək. Bu mənada Səud ailəsi şüurlu surətdə belə qərar qəbul etdi. Məgər, Türkiyə Rusiya təyyarəsini vuranda bilmirdi ki, hansı reaksiya olacaq? Əlbəttə, bilirdi, amma qərar verdi”.

Siyasi şərhçi düşünmür ki, Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərinin kəskin mərhələyə keçməsi müharibə vəziyyəti yaratsın: “Səudiyyə Ərəbistanı ilə İranın hərbi-iqtisadi durumu fərqlidir, müharibə başlasa, ər-Riyad bir neçə günə məhv olar. Çünki İran ordusu güclüdür. Amma Tehran da bilir ki, ər-Riyadın Vaşinqton kimi müttəfiqi var, ona görə bu riskə getməz. Səudiyyə Ərəbistanına da İranla müharibəyə başlayıb məğlub olmaq sərf etmir. Ona görə bir müddət qarşıdurma bəyanat səviyyəsində olacaq. Ağılları olsa, müharibəyə getməzlər”.

Zərdüşt Əlizadə düşünür ki, Yəmən şiələri bu münaqişəyə müdaxilə etməyəcəklər: “Düzdür, kənardan buna çalışacaqlar, amma alınmayacaq. Məsələ ondadır ki, zeydilər İrandan əvvəl şiə olmuşdular, 800 il Yəmənə rəhbərlik etdilər, ötən əsrin 60-cı illərində devrildilər və respublika quruldu. Yəmən çox rəngarəng ölkədir, bəli, İran hausilər hakimiyyətə gələndə, onları dəstəkləyib, sadəcə, zaman başqa zamandır. İndi də orda vətəndaş müharibəsi davam edir və hazırda sabiq prezident Saleh hausilərə qoşulub, güclü koalisiya yaranıb”.

Azərbaycanın Səudiyyə Ərəbistanı ilə İran arasındakı qarşıdurmaya hansı münasibət nümayiş etdirməsinə gəlincə, siyasi şərhçi deyir ki, Bakı Tehran və ər-Riyadla olan yaxşı münasibətlərini qorumalıdır: “İnanıram ki, Azərbaycan hakimiyyəti çalışacaq ki, hər iki tərəflə yaxşı münasibətləri davam etdirsin. Bizim başqa yolumuz da yoxdur. Çünki elə vəziyyətdəyik ki, yalnız barışa və ağıla dəvət edə bilərik”.

Ana səhifəXəbərlər”İran-Səudiyyə Ərəbistanı arasındakı gərginlik elə bəyanat səviyyəsində davam edəcək”