İran İslam Respublikasında 5 günlük matəm elan olunub.
Bu barədə mayın 20-də İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Təbrizin imam cüməsi Ali-Haşim və Şərqi Azərbaycan valisi Malik Rəhmətinin həlak olması ilə bağlı müraciətində qeyd edilib.
Məlumatı İRNA agentliyi yayıb.
“Mən beş günlük matəm elan edirəm və əziz İran xalqına başsağlığı verirəm. Konstitusiyanın 131-ci maddəsinə əsasən, cənab Möhbər icraçı orqanları idarə etmək vəzifəsindədir və o, ən çoxu 50 gün ərzində qanunvericilik və məhkəmə orqanlarının rəhbərləri ilə yeni prezidentin seçilməsi ilə bağlı şəraiti hazırlamağa mükəlləfdir”, – Xameneyi qeyd edib.
O, qəzada həlak olanların ailələrinə başsağlığı da verib:
“Sonda cənab Rəisinin əziz anası və onun möhtərəm həyat yoldaşına və Prezidentin sağ qalan digər qohumlarına və onunla birgə olanların hörmətli ailələrinə, xüsusən də cənab Ali-Haşimin əziz atasına dərin hüznlə başsağlığı verirəm. Allahdan onlara səbr və təsəlli və mərhumlara rəhmət diləyirəm”.
İran qanunlarına əsasən 50 gün sonra prezident seçkiləri keçirilməlidir.
Seçkilərə qədər İranın prezidenti səlahiyyətlərini vitse-prezident Məhəmməd Möhbər icra edəcək.
Azərbaycanın dövlət başçısı İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyiyə Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdollahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.
İran İslam Respublikasının mediası helikopterdəkilərin həlak olduğunu təsdiqləyib.
“Mehr” agentliyinin yazdığına görə, helikopterin sərnişinləri, o cümlədən Prezident Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, İranın Şərqi Azərbaycan vilayətinin valisi Mələk Rəhməti və İslam İnqilabı Rəhbərinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Ayətullah Məhəmməd Əli Ale-Haşem və bir neçə nəfər həlak olub.
“Vəziyyət yaxşı görünmür”
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin helikopterinin qəza nəticəsində tamamilə yandığı bildirilir.
Bu barədə məlumatı “Reuters” agentliyinə Tehranın adını açıqlamayan rəsmisi söyləyib.
İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivand isə mayın 20-də dövlət televiziyasına belə deyib:
“Biz dağıntıları görürük və vəziyyət yaxşı görünmür. Qəza yerinin aşkarlanması ilə helikopterin sərnişinləri arasında heç bir həyat əlaməti aşkar edilməyib”.
Mayın 19-da İranın və Azərbaycanın dövlət başçıları iki dövlətin sərhədində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışını ediblər.
Tədbirdən sonra İrana qayıdan Prezident Seyid İbrahim Rəisinin helikopterinin Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğradığı haqda məlumat yayılıb. Helikopterdə Şərqi Azərbaycan valisi Ayətullah Əl-Haşimi və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər şəxslərin olduğu bildirilir.