İqtisadçı: Vergidə hansı dəyişikliklərin olacağını yalnız dövlət rəsmiləri bilir

“Nə biznes təmsilçiləri, nə müstəqil ekspert cəmiyyəti bu barədə məlumatlıdır”

Source:
Rövşən Ağayev
Rövşən Ağayev


“Nə biznes təmsilçiləri, nə müstəqil ekspert cəmiyyəti bu barədə məlumatlıdır”

“Vergi Məcəlləsinin 2.8-ci maddəsinə görə, növbəti ilin dövlət büdcəsi layihəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Məcəlləyə dəyişiklik edilməsi lazım gəldiyində həmin qanun layihəsi cari il mayın 15-dən gec olmayaraq Milli Məclisə təqdim edilməlidir. Ancaq Vergi Məcəlləsi ilə bağlı dəyişikliklər Milli Məclisə mayda yox, noyabrda daxil olur”.

İqtisadçı Rövşən Ağayev belə deyir. Bildirir ki, məsələnin təqvim hissəsini kənara qoyur, məntiqlə də vergilərdə dəyişiklik tam aydın olduqdan sonra büdcə paket halında müzakirəyə çıxarılmalıdır:

“Hələ ki, vergidə hansı dəyişikliklər olacağından yalnız hökumət rəsmiləri xəbərdardır. Nə biznes təmsilçiləri, nə müstəqil ekspert cəmiyyəti bu barədə məlumatlıdır. Bizdə olan bilgilər çox məhduddur. Onlar büdcə zərfində təqdim olunan təfsilatsız informasiyalara və rəsmi şəxslərin mediaya pərakəndə açıqlamalarına söykənir. Məlumatlardan çıxan ilkin nəticə isə budur ki, Azərbaycan hökuməti qeyri-neft sektorundan vergi yığımlarını artıra bilmir. Yüksək əlavə dəyər yaratmaqla, böyük dövriyyə formalaşdırmağa nail ola bilməyən qeyri-neft sektorunun vergi yükünü kəskin şəkildə artırmaq hesabına vergi daxilolmalarını genişləndirmək istəyir”.

İqtisadçı bildirir ki, hökumət bu işi kiçik və orta sahibkarlıq subyektlərinin hesabına etmək istəyir:

“O subyektlər ki, onların ÜDM-də, ixracda, büdcədə payı 2-3 faizdən çox deyil. Əksinə, əsas hədəf onları stumullaşdırmaq, potensiallarını gücləndirmək, yüksək əlavə dəyər və mürəkkəb texnoloji məhsullar (xidmətlər) yaradan istehsal şəbəkəsinə qoşmaq olmalıdır. Yeri gəlmişkən, kiçik-orta sahibkarlıqla bağlı “Yol Xəritəsi”ndə hökumət hədəflər də müəyyənləşdirib. Həmin hədəflər belədir: kiçik-orta sahibkarların payının ÜDM-də 5, məşğulluqda 20, qeyri-neft ixracında payının 10 faizə çatdırılması və s”.

R.Ağayev deyir ki, həmin xəritədə bu sahibkarlıq subyektləri üçün vergi yükünün optimallaşdırılması haqda danışılır. Belə görünür, hökumətin yanaşmasında optimillaşma kiçik və orta sahibkarlar üçün vergi yükünü artırmaqlamı assosiasiya olunur. Vergi Məcəlləsinə belə bir 218.5.10-cu maddə təklif edilir:

“Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi ola bilməz”.

İqtisadçı deyir ki, bu maddənin mahiyyəti fərdi sahibkarlarla və hüquqi şəxslərə xidmət müqaviləsi əsasında xidmət göstərən bütün fərdi sahibkarlar öz gəlirlərinin 20%-i qədər gəlir vergisi ödəməli olmalarıdır:

“Halbuki hazırda Bakı şəhərində 4%, regionlarda 2% sadələşdirilmiş vergi ödənir. Yəni söhbət vergi yükünün Bakıda 5, regionlarda 10 dəfə artımından söhbət gedir. Aydın məsələdir ki, hökumət bununla bəzi şirkətlərin vergidən yayınmaq üçün öz işçiləri ilə əmək müqaviləsi ilə yox, xidmət müaviləsi əsasında münasibət qurmaqsının qarşısını almaqdır. Amma bu halda hər hansı şirkətə bağlı olmayan, gerçəkdən fərdi sahibkar kimi çalışan minlərlə fərdi sahibkarın günahı nədir? Əvvəllər 1000 manata görə 20 manat vergi ödəyən həmin sahibkarın indi 200 manat vergi ödəməsi arasında fərqi görmək, bunun işgüzar fəallıq üçün zərbəsini indidən görmək doğrudanmı çətindir?”

Rövşən Ağayev deyir ki, hökumət əmək müqaviləsi ilə çalışmalı olan şəxslərin xidmət müqaviləsinə can atmasının qarşısını almaq istəyirsə, bunun daha səmərəli yolları var. Əvvəla, Rusiya təcrübəsində olduğu kimi vergi tutulan dövriyyənin həcminə görə, sərbəst məşğul əhali ilə fərdi sahibkarı fərqləndirməyə ehtiyac var:

“Hazırda Rusiyada 2-ci oxunuşdan keçmiş dəyişilkiyə görə, aylıq dövriyyəsi 200 min rublu (təxminən 5000 manat) ötməyən şəxslər sarbəst məşğul hesab edilir və onların maksimum 6%-lə vergiyə cəlbi təklif edilir. Bizim Məcəllədə də illik dövriyyəsi 50 000 manatı (rüblük 12 500 manat) ötməyən subyektləri sərtbəst məşğul əhali kimi qəbul etmək mümkündür. Bu halda onların sadələşdirilmiş vergiyə cəlb edilməsini saxlamaq, eyni zamanda, kommersiya hüquqi şəxslərinin əmək müqaviləsindən yayınmasının qarsını almaq üçün Məcəlləyə belə bir dəyişiklik edilir: ixtiyari şirkət eyni fəaliyyətə (işə və ya xidmətə) görə yalnız bir fərdi sahibkarla müqavilə bağlaya bilər, bağlanmış xidmət müqaviləsinin müddəti rüb ərzində 1 aydan, il ərzində 4 aydan artıq ola bilməz.

Bu halda xidmət müqaviləsinin dəyərinə də məhdudiyyət tətbiqi mümkündür. Məsələn, rüb ərzində eyni fəaliyyət görə eyni şəxslə bağlanan xidmət müqaviləsinin dəyəri 12500 manatdan çox ola bilməz. Bu mexanizm işləyərsə, il ərzində dəyəri 50 000 manatdan çox olduqda, həmçinin eyni fəaliyyətin icrası üçün 4 aydan artıq vaxt tələb edildikdə, bu fəaliyyətin 1 deyil daha çox fərdi sahibkardan tərəfindən həyata keçirilməsi qaçılmaz olduqda, 2 variant qalır: xidməti (işi) təklif edən şirkət ya bu işi əmək müqaviləsi əsasında həyata keçirməlidir, ya da hüquqi şəxslərə sifariş verməlidir. Bu halda sərbəst məşğul əhalinin dövriyyəsini 4-5%-lə vergiyə cəlb edilə bilər”.

İqtisadçı bildirir ki, hazırda Gürcüstanda da illik dövriyyəsi 100 000 larini (68 000) manatı ötməyən fərdi sahibkarlar 5%-lə vergiyə cəlb edilir. Lakin əgər gəlirlərinin 60%-nin xərclənməsini təsdiqləyən sənədlərə malik olduqda 3%-lə cəlb olunur:

“Hökumət bu addımı atmasa, kiçik, xüsuilə də mikro sahibkarlığıa ölümcül zərbə vuracaq. Bu həm də vergidə ədalətlilk və bərabərlik prinsipinin pozulması olacaq. İllik dövriyyəsi hətta 1000-2000, 3000-5000 manatı ötməyən xırda sahibkarı 20% vergi yükünün altında boğmağın adı nədirsə, 100% ədalət deyil.

Belə bir arqument səslənə bilər ki, sadələşdirilmiş vergi bütün dövriyyədən tutulur, amma gəlir vergisi xərclər çıxılmaqla. Amma, məsələn, bir sıra peşəkar və intellektual xidmətlər var ki, onları göstərənlərin xərci yoxdur. Bir bilgisarları ilə evdə oturaraq internet üzərindən öz işlərini görürlər. Belə halda onların dövriyyələrinin tamamı 100% gəlirdən ibarət olur. Və deməli sadələşdirlmiş vergidə olduğu kimi bütün dövriyyələri 20% dərəcə ilə vergiyə cəlb edilməlidir”.

Ana səhifəXəbərlərİqtisadçı: Vergidə hansı dəyişikliklərin olacağını yalnız dövlət rəsmiləri bilir