İqtisadçı: Təklif edirəm ki, pandemiya cərimələri silinsin

“Hələ qabaqdan toy cərimələri, məhkəmə rüsumları gəlir”

Foto: “Facebook”


“Hələ qabaqdan toy cərimələri, məhkəmə rüsumları gəlir”

2020-ci il büdcədənkənar gəlirlərin məbləği 2019-cu illə müqayisədə artıb. Artan məbləğ 596,1 milyon manatdır. Bu da 2019-cu illə müqayisədə 17,2 milyon manat və ya 3,0 faiz çoxdur.


“366,6 milyon manatlıq cərimə iqtisadiyyatı”

İqtisadçı Qubad İbadoğlu deyir ki, ötən ilin büdcəsinə cəmi daxilolmaların 61,5 faizi və ya 366,6 milyon manat vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının artması hesabına baş verib: “Göründüyü kimi, büdcə gəlirlərinin formalaşmasında maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının payı 1,5 faiz ətrafındadır. Əslində ötən il ərzində karantin rejiminin pozulmasına görə fərdlərə və biznes suvyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub. Bu isə onu deməyə əsas verir ki, onların ödədikləri cərimələrin çox hissəsi dövlət büdcəsinə daxil olmayıb”.

İqtisadçı bildirir ki, cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürülür. Digər tərəfdən də bu mədaxil mənbəyi üzrə gəlirlər proqnozlaşdırılmış məbləğin 74,1 faizini təşkil edib. Bu o deməkdir ki, hələ icra edilməmiş inzibati cərimələr də var: “Təklif edirəm ki, həmin cərimələr silinsin. Gürcüstanda pandemiya dövründə özünütəcrid, karantin və qoruyucu maskadan düzgün istifadə qaydalarını pozan 245 min fərdi şəxslərin və 344 biznes subyektinin cərimələrini ləğv edəcək. Bizdə əksinədir, hələ qabaqdan toy cərimələri, məhkəmə rüsumları gəlir”.

Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi qərarı verib.

Bu barədə açıqlama

verən

Baş nazir İrakli Qaribaşvili ödənməmiş cərimələrin ümumi məbləğinin hardasa 76 milyon lari (təxminən 24 milyon dollar) olduğunu söyləyib: “Cərimələrin ləğvi qərarı Gürcüstanın 245 mindən çox sakinini və 344 hüquqi şəxsi əhatə edəcək. Karantin qaydalarını pozan vətəndaşlar həm inzibati, həm də cinayət məsuliyyətindən azad ediləcəklər”.

Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, (İnzibati Xətalar Məcəlləsi, Maddə 211) fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs, hüquqi şəxslər də 4000 manatdan 10000 manatadək cərimə edilə bilər.

2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 74 min işə baxılıb.

Mayın 3-də Dövlət Statistika Komitəsinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, bu, 2019-cu ilin göstəricisindən 16.8 faiz çoxdur. Onların 36.7 faizi idarəçilik, 28.3 faizi ictimai, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5.2 faizi də yol hərəkəti qaydalarına aid olub.

DSK açıqlayıb ki, 2020-ci ildə baxılan işlərin 74 faizinə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 18.4 faizinin icraatına xitam verilib, 6.6 faizi üzrə materiallar əlavə yoxlama üçün qaytarılıb, 1 faizi ilə bağlı isə materiallar aidiyyəti üzrə göndərilib: “…Məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 33.4 faiz artaraq 54.8 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilən şəxslərin 48.6 faizinə cərimə, 16.6 faizinə fiziki şəxsə verilən xüsusi hüququn məhdudlaşdırılması, 16.5 faizinə inzibati həbs, 1.5 faizinə ictimai işlər… tətbiq edilib”.

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı 2020-ci il martın 24-dən karantindir, ancaq son zamanlar Azərbaycanda rəsmi rəqəmlər koronavirusa yoluxma və ya xəstəlikdən ölüm sayının azaldığını göstərir və buna görə də hökumət karantin rejimi qaydalarında bəzi yumşalmalara gedib.

Buna açıq havada maska məcburiyyətinin ləğvi, ticarət mərkəzlərinin və metronun açılması, iyulun 1-dən isə toy məclislərinə müəyyən qaydalar çərçivəsində icazə verilməsi daxildir.

Gürcüstanda isə iyunun 22-dək açıq havada maska taxmaq məcburi idi. İki gündür ki, bu qadağa götürülüb və iyulun 1-dən etibarən tətbiq edilən komendant saatı da ləğv edilir.

Maska qaydasını pozan vətəndaşlar ilk dəfə 20 (3,20 dollar), təkrar pozuntuya görə 40 lari (6.40 dollar) cərimələnirdi.

Təcrid və karantin qaydaları pozan vətəndaşlara 2000 (636 dollar), hüquqi şəxslərə isə 10 000 lari (3200 dollar) məbləğində cərimə yazılırdı.

Gürcüstan qanunlarına görə, karantin tədbirlərinin dəfələrlə pozulması cinayət məsuliyyəti yaradırdı.

COVID 19 virusu 2019-cu ilin sonlarında Çində yaranıb və dünyaya yayılıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəXəbərlərİqtisadçı: Təklif edirəm ki, pandemiya cərimələri silinsin