İqtisadçı: “ Taxılın qiymətinin artması bahalaşma üçün fürsətə dönüb”

Buğda, un, çörək, Shebeko/Shutterstock

“Bizdə kasıblıq daimi problem olduğu üçün çörəyə qarşı həssasıq”

Azərbaycan idxal etdiyi buğdanın böyük hissəsini Rusiyadan alır. Bu ölkənin 2021-ci ilin fevralından yüksək ixrac rüsumları tətbiq etməsi Azərbaycanda ərzaqlıq buğdanın qiymətini artırıb.
2019-cu illə müqayisədə 58 faizlik bir bahalaşmadan söhbət gedir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yanvarın 6-da açıqladığı məlumatda belə deyir.

Qurum bildirir ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun formalaşır. Dövlət qurumu əlavə edir ki, əslində 2021-ci il buğda dünya bazarında kəskin bahalaşıb. Ancaq Azərbaycan bu müddət ərzində bahalaşmanın əhaliyə təsir etməməsi üçün xeyli iş görüb:

“Bura vergidə güzəştlər, subsidiyalar daxildir. Bu ildən isə ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb. Bazarda manipulasiyaların qarşısını almaq üçün bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları danışılıb”.

Qurum bildirir ki, beləliklə, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpik müəyyənləşdirilib.

İqtisadçı Rövşən Ağayev deyir ki, bu, nə az, nə çox 30 faiz bahalaşma deməkdir. İqtisadçı bildirir ki, düzdür, son 10 ildə çörəyin çəkisilə xeyli oyanayıblar, lakin qiymətin sonuncu dəfə nə zaman dəyişdiyini xatırlamır:

“Bu müddətdə iqtisadiyyatda qiymət miqyası ən azı 2 dəfədən çox böyüyüb. Məsələn, rəsmi təsdiqlənən yaşayış minimumu 2010-cu ildən bəri 2.5 dəfə artıb. İnflyasiya ilə manipulyasiya ehtimallarına inandığım üçün real qiymət miqyasının daha çox böyüdüyünə əminəm. Bu fikirlə tez-tez rastlaşıram ki, bizim insanlar çox çörək yeyən olduğu üçün çörəyin qiymətinə həssasdır. Bu, nəticəyə baxıb qiymət verməkdir. Səbəb isə odur ki, əksinə, bizdə kasıblıq daimi problem olduğu üçün çörəyə qarşı həssasıq. Çünki çörək daha çox yoxsulların qida rasionunda üstünlük paya malikdir”.

Rövşən Ağayev deyir ki, kalorili, çeşidli qidalar yemək imkanına sahib ev təsərrüfatlarında istehlak strukturu fərqlidir.

Gələcəkdə ərzaqlıq buğdanın qiymətinin enib-enməyəcəyinə gəlincə, iqtisadçı bildirir ki, taxıl ucuzlaşsa da, mağazaların piştaxtalarında əvvəlki qiymətə çörək görməyəcəyik. Əvvəla ona görə ki, iqtisadiyyat rəqabətli deyil. Digər vacib səbəb isə odur ki, uzun bir dövr ərzində çörək sənayesində un istisna digər xərclər, məsələn, işçi qüvvəsi, elektrik, çatdırma xeyli artsa da, bu seqmentdə qiymətlər dəyişməyib. Nəticədə taxılın qiymətinin artması bahalaşma üçün fürsətə dönüb.

Rövşən Ağayev
Mənbə: Meydan TV

Qida inflyasiyasiyasına gəlincə, Rövşən Ağayev deyir ki, hökumət noyabrın sonu üçün 15 faizlik inflyasiyası qeydə alıb:

“Bu, ən azı son 5 ilin ən yüksək göstəricisidir. Amma işin daha pis tərəfi odur ki, 2022-ci ildə qida inflyasiyasının daha yüksək olmaq ehtimalı var. İlk növbədə idxaldan yüksək asılılığımız var və qlobal inflyasiyanın 2022-ci ildə də problem olacağı görünür. İkincisi, rəsmi statistikaya görə, 2021-ci ilin noyabrında Azərbaycanda qida istehsalçılarının qiymət indeksi istehlakçı qida qiymət indeksindən daha yüksək olub. Hardasa 18 faizə yaxın”.

İqtisadçı deyir ki, adətən istehsalçı qiymət indeksinin İQİ-nə yansıması zaman aparır. Çünki pərakəndə satış anbarlarında ehtiyatlar hesabına 2-3 ay ərzində köhnə qiymətlərlə satışlara davam etmək olur. İstehsalçılardan yeni qiymətlə məhsul aldıqca, piştaxtalarda da durum dəyişir:

“Ona görə də, biz daha yüksək qida istehsalçılarının qiymət indeksinin təsirlərini bu aylarda hiss edəcəyik. Üçüncü vacib məqam – inflyasiya səbətində yüksək payı olan çörək və un məmulatlarının çox yüksək qiymət artımlarının inflyasiyaya yansıması bu il baş verəcək”.

Müstəqil ekspertlər bildirirlər ki, Azərbaycan ərzaq buğdasına olan tələbatının 30 faizini daxili istehsalla ödəyə bilir. Qalan 70 faiz tələbat ixracın ümidinədir. Elə ona görə də idxal ölkəsinin ixraca tətbiq etdiyi rüsumların Azərbaycanda qiymətlərin dəyişməsinə təsiri olur.

2022-ci ilin əvvəlində Azərbaycanda çörəyin və ərzaq buğdasının qiymətinin 30 faiz bahalaşmasının da idxal ölkəsi Rusiyada vergilərin artırılması ilə əlaqəsi var.

Ana səhifəİqtisadiyyatİqtisadçı: “ Taxılın qiymətinin artması bahalaşma üçün fürsətə dönüb”