"ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azdır"
2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78,6 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub (https://azertag.az/xeber/Dord_ayda_umumi_daxili_mehsul_istehsali_azalib-1780935).
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda belə deyilir.
Bildirilir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azdır: “İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,1 faiz artıb. ÜDM istehsalının 41,1 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb”.
Komitə bildirir ki, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib və əhalinin hər nəfərinə düşən ÜDM 2506,2 manata bərabər olub.
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, qeyri-neft sektorundakı artım neft sənayesindəki azalmanı xeyli dərəcədə balanslaşdıra bilib: "Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi ilə bağlıdır. Son 4 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən yoluxma sayını optimallaşdıra bilməsi təqdirəlayiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldı. Bu baxımdan, real sektorda minimum məhdudiyyətlərlə Azərbaycanda yoluxma sayının azaldılması müsbət haldır”.
İqtisadçı bildirir ki, epidemioloji vəziyyətə uyğun olaraq növbəti mərhələlərdə də real sektorda məhdudiyyətlərin sayının azaldılması məqsədəuyğun olardı:
"Digər tərəfdən, məhdudiyyətlərin minimumlaşdırılması vaksinasiya səviyyəsindən də asılı olacaq. O baxımdan, daha intensiv vaksinasiya real sektorun daha tez tam açılmasına gətirib çıxara bilər. Vaksin ehtiyatlarımızın çox olduğunu nəzərə alsaq, bu prosesdə hər birimizin fəal iştirakı vacibdir. Qeyri-nefti sektorundakı artım tempini nəzərə aldıqda Azərbaycan iqtisadiyyatının bu ilin birinci rübünü artımla başa vuracağı gözlənilir. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu baxımdan yoluxma sayının azalması davam edərsə, o zaman bir sıra məhdudiyyətlərin də aradan qaldırlacağı istisna edilmir”.
"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın builki icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 0,2 faiz təşkil edəcəyini proqnozlaşdırır.
Agentlik bildirir ki, Azərbaycanın 2022-ci ildə icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 0,7 faizə bərabər olacaq: “"BB+" səviyyəsinin median göstəriciləri isə müvafiq olaraq 5,2 faiz və 3,6 faiz təşkil edir. İcmal büdcəsinin kəsirinin azalmasına səbəb yüksək neft qiymətləri, "OPEC+" razılaşması çərçivəsində hasilatın artırılması və qeyri-neft ÜDM-nin bərpası göstərilir”, – agentlik bildirir.