"2020-ci ildə orta təbəqənin sayında artım olmayıb"
“Pew Research Center” ekspertləri Dünya Bankının məlumatları əsasında COVID-19 pandemiyasının əhalinin gəlirlərinə təsirini qiymətləndirib.
Araşdırmaya görə, pandemiya nəticəsində dünya üzrə orta təbəqənin sayı azalıb, yoxsulluq artıb.
Bildirilir ki, 2020-ci ildə dünya üzrə orta təbəqənin sayı proqnozlaşdırılandan 54 milyon nəfər az, yoxsulların sayı isə 131 milyon nəfər çox olub.
İqtisadçı Samir Əliyev deyir ki, 2011-2019-cu illərdə dünya üzrə orta təbəqənin sayının orta illik artımı 54 milyon nəfər olsa da, 2020-ci ildə heç bir artım baş verməyib: "Proses belə davam edərsə, yəni orta təbəqənin sayının orta illik artımında müsbətə doğru dəyişiklik baş verməzsə, vəziyyət daha acınacaqlı olacaq".
“Ekspertlərin araşdırmasından da görünür ki, pandemiyaya qədər dünyada yoxsul əhalinin payı 8,7 faiz olduğu halda, hazırda 10,4 faizə yüksəlib. Bu müddətdə orta gəlirli əhalinin payı 17,8 faizdən 17,1 faizə, yüksək gəlirli əhalinin payı isə 7,6 faizdən 6,8 faizə düşüb”, – iqtisadçı belə deyib.
“Pew Research Center” pandemiyanın əhalinin gəlirlərinə vurduğu zərəri aşağıdakı kimi qruplaşdırıb:
– Yoxsullar (gündəlik qazanc 2 dollara qədər) – 131 milyon nəfər artıb.
– Aşağı gəlirli (gündəlik qazanc 2-10 dollar arası) – 21 milyon nəfər azalıb.
– Orta sinif (gündəlik qazanc 10-20 dollar) – 54 milyon nəfər azalıb.
– Gəliri orta səviyyədən yuxarı olanlar (gündəlik qazanc 20-50 dollar) – 36 milyon nəfər azalıb.
– Yüksək gəlirli (gündəlik qazanc 50-dan çox) – 62 milyon nəfər azalıb.
Dünya Bankının hesablamasına görə, Azərbaycanda orta təbəqənin payı devalvasiyadan əvvəl 30 faizə yaxın olub: “Həm devalvasiyanı, həm də pandemiyanı nəzərə alsaq hazırda bu göstəricinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü güman etmək olar”.
Pandemiya və insan hüquqları
“Amnesty International” isə yaydığı hesabatda isə bildirilir ki, ötən il koronavirus pandemiyası ilə mübarizə tədbirlərindən bəziləri Avropada və Orta Asiyada insan haqları pozuntuları və bərabərsizliyi daha da
dərinləşdirib
.
Təşkilat hesab edir ki, Azərbaycan hakimiyyəti ötən il Ermənistanla müharibə və COVID-19 pandemiyasından siyasi məqsədlər üçün istifadə edib: "Onlarla müxalifət lideri, fəal qanunsuz olaraq saxlanıb, həbs edilib. İctimai narazılıq artdıqca sərbəst toplaşma və ifadə azadlıqları daha da məhdudlaşdırılıb. Vəkillər təqib olunub, hökumətin tənqidçiləri saxlanan zaman işgəncələrə, pis rəftara məruz qaldıqlarını deyiblər”.
Hesabatda 44 günlük müharibə zamanı mülki əhalinin hüquqlarının pozulduğu, münaqişəylə bağlı zorakılığın ölümlə, xəsarətlə, evlərin dağılması ilə nəticələndiyi vurğulanır.
Hesabatın Azərbaycana aid hissəsində o da bildirilir ki, küçələrə çıxaraq, sosial media və digər vasitələrlə narazılığını bildirənlərə hakimiyyətin təzyiqi gücləndirilib: "12-dən çox şəxs, o cümlədən hakimiyyətin pandemiya ilə mübarizəsini tənqid edən jurnalist və müxalifət fəalları qondarma ittihamlarla 10-30 günlük inzibati cəzaya məhkum ediliblər. Onlar polisə müqavimətdə, karantin qaydalarını pozmaqda suçlanıblar".
“Amnesty” ötən ilin martında müxalifətçi Tofiq Yaqublunun saxta xuliqanlıq iddiaları ilə saxlandığını, oktyabrda ev dustaqlığını buraxıldığını, insan haqları müdafiəçisi Elçin Məmmədin oğurluq ittihamıyla dörd il həbs olunduğunu siyasi təzyiq kimi qiymətləndirib.
Hesabatda 2020-ci ilin iyulunda Bakıda orduya dəstək yürüşülə əlaqədar AXCP fəalları saxlandığı, onlar noyabrda ev dustaqlığına buraxılması, bəzi vəkillərin də təzyiqlərə məruz qalması, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması, saxlanmalar zamanı işgəncə və pis rəftarın geniş vüsət aldığı da hesabatda əksini tapıb.
Azərbaycan hakimiyyəti isə bu hesabata münasibət bildirməyib.
“Amnesty International” ötən il koronavirus pandemiyası ilə mübarizə tədbirlərindən bəzilərinin Avropada və Orta Asiyada insan haqları pozuntuları və bərabərsizliyi daha da dərinləşdirdiyini vurğulayır.
"Bəzi hökumətlər böhrandan hakimiyyəti ələ keçirmək, azadlıqları boğmaq üçün tüstü pərdəsi, insan haqları öhdəliklərini gözardı etməkdən ötrü bəhanə kimi istifadə edib"”, – deyə təşkilat bəyan edib.
“Dünyada İnsan Haqlarının Vəziyyəti” adlı hesabatda deyilir ki, region ölkələrinin təxminən yarısı COVID-19-la əlaqədar fövqəladə vəziyyət elan edib, hökumətlər hərəkət, ifadə, dinc toplaşma azadlığını məhdudlaşdırıblar.
Hesabatda karantin qadağalarının və digər səhiyyə tədbirlərinin gözümçıxdıya salınmış fərd və qruplara “qeyri-mütənasib” təsir göstərdiyi, onların zorakılıq, mənsubiyyət yoxlaması, karantin, cərimələrlə üzləşdiyi bildirilir.
İfadə azadlığı ilə bağlı Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Fransa, Macarıstan, Qazaxıstan, Polşa, Türkiyə və digər ölkələrin də adı çəkilir. Bildirilir ki, həmin ölkələrdə ifadə azadlığını məhdudlaşdırmaqdan ötrü mövcud və yeni qanunvericiliyə dəyişikliklər edilib.