İqtisadçı: Manat yenə devalvasiyaya uğrayacaq

”2 ay əvvəllə müqayisədə dollara tələbat 41 faiz artıb”

Source:
Qubad İbadoğlu


”2 ay əvvəllə müqayisədə dollara tələbat 41 faiz artıb”

Dövlət Neft Fondu 2017-ci ilin iyununda hərraca çıxardığı valyuta satışının həcmini açıqlayıb.

Qurumun yaydığı xəbərə görə, iyunda valyuta hərraclarında 373.2 milyon dollar satılıb.

İqtisadçı Qubad İbadoğlu deyir ki, valyutaya tələbat yenidən və kəskin artmağa başlayıb. O bildirib ki, son aylar manatın məzənnəsi dollar qarşısında sabitdir. Bu isə inzibati xarakter daşıyır:

“Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artıb. Manat yenə çətin durumdadır. DNF-nin açıqlamasında deyilir ki, bu ilin iyununda valyuta hərraclarında 373,2 milyon dollar satılıb. Halbuki apreldə bu göstərici 220, mayda 250 milyon dollar olub. Göründüyü kimi ötən ay ondan 2 ay əvvəllə müqayisədə dollara tələbat 41, 1 ay əvvələ nisbətən isə 33 faiz artıb. Valyuta bazarında bir o qədər də çox dollar satılıb”.

Qubad İbadoğlu deyir ki, bu, valyutaya tələbat dinamikasının müsbət olduğunu göstərir:

“Artım davam edəcək, nəticədə manat yenə də devalvasiyaya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir”.

2015-ci il dekabrın 21-də manatın ikinci devalvasiyasından sonra ölkədə kəskin valyuta, əsasən də dollar ajiotajı yaşandı. 2016-cı ildən etibarən Mərkəzi Bank dollar hərracları keçirməyə başladı.

İlk vaxtlar hərracda yalnız Mərkəzi Bank iştirak etsə də, ötən ilin martından Dövlət Neft Fondu da hərraclara qatıldı. 2016-cı ilin yayından dollar hərracının satıcısı Neft Fondudur.

Sonuncu, iyunun 29-da keçirilən hərracda 1 ABŞ dolları 1.7022 manata bərabər olmuşdu.

Son üç ayda keçirilən hərraclarda isə bəzi istisnalarla, manat dollara nisbətən dəyər qazanır. 1 dollar 1 manat 90 qəpikdən 1 manat 70 qəpiyə düşüb. Mərkəzi Bank və rəsmi qurumlar bunu maliyyə bazarının sabitləşməsi kimi izah edirlər.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, Azərbaycanda məzənnə inzibati qaydada müəyyən edilir. Odur ki, hazırki durum müvəqqətidir. Onun fikrincə, manatın dollar qarşısında dəyər qazanmasının iqtisadi əsasları yoxdur.

Ana səhifəXəbərlərİqtisadçı: Manat yenə devalvasiyaya uğrayacaq