İqtisadçı: İnsanların məntiqi ilə oynamaq olmaz

“Vaksinasiyadan sonra yoluxma artırsa, bunun səbəbini izah edən bir mütəxəssis və dövlət qurumu olmalıdır”

Source:


“Vaksinasiyadan sonra yoluxma artırsa, bunun səbəbini izah edən bir mütəxəssis və dövlət qurumu olmalıdır”

Avqustun 11-də Azərbaycanda 65 269 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, onlardan 43 380 nəfəri birinci mərhələ üzrə vaksinasiyadan keçənlərdir.

Qalan 21 889 nəfər isə ikinci doza vaksin alanlardır.

Avqustun 11-dək Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 443 min 311-dir.

Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 243 min 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 299 min 824 nəfərdir.

Ən son açıqlanan statistikaya görə, Azərbaycanda bir sutka ərzində 2396 yeni yoluxma faktı qeydə alınmışdı.

Həm vaksin olunanların sayı, həm də yoluxma sayının artmasının səbəbi nədir?

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Meydan TV-yə açıqlamasında bildirib ki, insanın xəstəliklərə qarşı qorunması üçün ən azı 2 doza vaksin tələb olunur: “Vaksinin 2-ci dozasını vurandan 2 həftə sonra qoruyuculuq başlayır. Belə insanların sayı 2 milyondan bir qədər artıqdır. Qorunan təbəqə budur. Qalanları 1 doza peyvənd vurduranlardır”.

Baş infeksionist bildirib ki, peyvənd müəyyən ara məsafə ilə vurulur: “Birinci dozanın vurulmasından 4 həftə keçəndən sonra ikinci doza vurulur. Bu yaxınlarda belə bir statistika oxudum. Dünyada hər 100 nəfərə düşən peyvənd olunmuş insanların sayı Azərbaycan üçün 55 nəfərdir. Rusiyada 45, Gürcüstanda, İranda 14-15 civarındadır. Ancaq rəqəmlərin daha yüksək olduğu ölkələr də var. Yoluxma hallarının sayına təsir olması üçün peyvəndlənmə tələb olunur”.

Həkim bildirir ki, əvvəl 40-50 faiz əhalinin peyvəndlənməsindən sonra vəziyyətin normallaşacağı deyilirdisə, indi bu rəqəmin 60-70 faiz civarında olduğu söylənir: “Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı belə bir rəqəm vermir. Bu, sadəcə mülahizələrdir. Bu gün xəstəxanalara daxil olan şəxslərin 60-70 faizi peyvənd olunmayan şəxslərdir. Düzdür, yoluxanlar içərisində yalnız 1 doza peyvənd alanlar da olur. Ancaq 2 doza peyvənd olanlar içində ağır vəziyyətdə olan yoxdur. Söhbət ondan gedir ki, müəyyən vaxt çərçivəsində peyvəndlənməyə cəlb olunmaq lazımdır. Hazırda ölkədə düzdür, yoluxma sayı artır, ancaq qonşu ölkələrə baxanda vəziyyətimiz qismən yaxşıdır”.

Həkim bildirir ki, nə qədər ki, vəziyyət çox kritik deyil, insanlar peyvəndləmədə aktiv iştirak etməli və qoruyucu vasitələrdən istifadə etməlidirlər.

İqtisadçı Natiq Cəfərli ötən illə bu ilki vəziyyəti müqayisə edib.

O deyir ki, keçən ilin avqustunda SMS-lə evdən çıxmaq ləğv olundu: “Bir çox yumşalmalara gedildi və 2020-ci il avqustun 10-da cəmi 79 yeni yoluxma faktı qeydə alınmışdı, 2 nəfər vəfat etmişdi”.

İqtisadçı bildirir ki, o zaman ölkədə vaksin vurulan heç kim yox idi: “Bu il avqustun 10-da isə 1736 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər isə vəfat edib. Ancaq ölkədə vurulan vaksinlərin ümumi sayı 5 milyon 478 min 42-dir. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3200107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2277935-dir. Bunun izahı olmalıdır. Deyirdilər ki, vaksin yoluxmanı yox, ağır xəstə və ölüm sayını azaldır, o zaman necə olur ki, 3 mln. 200 min nəfərə ən azı 1 doz vaksin vurulub, 2 mln. 300-nə yaxın isə hər iki doza vaksin alıb, amma keçən ilin eyni gününə görə yoluxma sayı 22 dəfə, ölüm sayı isə 6 dəfə artıb. Bunu izah edən mütəxəssis, dövlət qurumu olmalıdır, insanların məntiqi ilə bu qədər oynamaq olmaz”.

Ən son açıqlanan statistikaya görə, Azərbaycanda bu günədək 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 336 445-i sağalıb, 5 095-i vəfat edib, aktiv xəstə sayı 15518-ə yüksəlib.

Son həftələr Azərbaycanda virusa yoluxma hallarının artdığı bildirilir.

Avqustun 11-də 2 396, 10-da 1 736, 9-da isə 1 101 yeni yoluxma faktının qeydə alınmışdı.

COVİD 19 virusu 2019-cu ilin sonlarında Çində yaranıb dünyaya yayılıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəXəbərlərİqtisadçı: İnsanların məntiqi ilə oynamaq olmaz