“SWIFT qədər nəhəng dövriyyəsi olmayan başqa beynəlxalq mesaj sistemləri də var”
“Rusiyanı SWIFT-dən kənarlaşdırmaqdansa, beynəlxalq hesablaşmalarda aparcı olan 4 valyuta (dollar, avro, yen və ingilis funtu) ilə əməliyyatlara qadağa, konkret banklara sanksiyalar daha təsirlidir. Bu baxımdan ABŞ prezidentinin dediyində həqiqət var”.
İqtisadçı Rövşən Ağayev belə deyir.
O bildirib ki, SWIFT qarşılıqlı hesablaşmalarla bağlı banklararası beynəlxalq məlumat mübadiləsi sistemidir: “Məsələn, Azərbaycanda fəaliyyət göstərən bir yerli bank SWIFT-ə qoşulmaqla dünyanın müxtəlif regionlarında bu sistemə üzv olan ixtiyari bir bankla əməkdaşlıq edə bilər. Necə? Fərqli valyuta növlərində müxbir hesab açmaqla həmin regionlarda özünə gərəkli olan bütün hesablaşmalarını apara bilir. Tutaq ki, Beynəlxalq Bankın Londonda “Deutsche Bank” və “JP Morgan Chase Bank”da, Sürixdə “Credit Suisse”da, Frankfurtda “Deutsche Bank” və “Commerzbank”da, Tokido “MUFG Bank”da, Nyu-Yorkda “Citibank” və “JP Morgan Chase Bank”da müxbir hesabları var. Bunun kimi bir şey”.
İqtisadçı deyir ki, belə olan halda Beynəlxalq Bankın müştəriləri adıçəkilən regionlarda olan tərəfdaşları ilə qarşılıqlı əməliyyatları həmin müxbir hesablar vasitəsilə SWIFT üzərindən ötürülən mesajla təmin edə bilirlər: “Məsələn, Azərbaycanın X şirkətinin ABŞ-dakı tərəfdaşının hesablaşma hesabının “Citibank”da olması şərt deyil. Əgər həmin şirkətin bankının “Citibank”la müxbir əlaqəsi varsa, “Citibank” vasitəçi bank kimi bizim Beynəlxaql Bankdan SWIFT-ə ötürülən mesajla bu hesablaşmanı təmin edəcək”.
“İndiki halda dünyada SWIFT qədər populyar və nəhəng dövriyyəsi olmayan başqa beynəlxalq mesaj sistemləri var. Məsələn, Çinin qurduğu CİPS, Avropanın İranla əlaqə üçün qurduğu İNSTEX sistemi kimi. Hətta Rusiya 9 ölkə ilə 331 subyektin iştirak etdiyi avtonom bir sistem də qurub”, – deyə o qeyd edib.
Rövşən Ağayevin fikrincə, SWIFT olmadan da kənar sistemlər, hətta ikitərəfli əlaqələrlə də sanksiya altında düşməyən banklar öz aralarında qarşılıqlı hesablaşmanı təmin edə bilərlər: “Lakin konkret banklara sanksiya və hesablaşma aparılacaq konkret valyutalara qadağalar gətirilirsə, artıq SWIFT-də qalmağın elə bir ciddi əhəmiyyəti qalmır”.
ABŞ Prezidenti Co Bayden fevralın 24-də Rusiyaya yeni sanksiyalar elan edib.
Bunlardan biri Rusiyanın VTB bankının ABŞ-ın maliyyə sistemi ilə əlaqəsinin kəsilməsidir.
Eyni zamanda, Rusiya oliqarxları və bu ölkənin texnologiya sektorunu hədəfləyəcək yeni sanksiyalar da tətbiq ediləcək: “Müharibə Putinin seçimidir. Bunun nəticələrindən də o və Rusiya əziyyət çəkəcək. Yeni sanksiyalar Rusiya iqtisadiyyatı üzərinə dərhal və an etibarilə ağır yük qoyacaq”.
Co Baydenin sözlərinə görə, ABŞ sanksiyaları Avropa müttəfiqləri ilə koordinasiyada tətbiq edib. Nəticədə Avropa müttəfiqləri də Rusiyanın 4 ən böyük bankının aktivlərini bloklayıb: “Onlar habelə Rusiyanın ABŞ texnologiyaları idxalını yarıbayarı kəsiblər”.
Rusiyanın SWIFT ödəniş sistemindən kəsilməsinə gəlincə, Bayden bildirib ki, indi qoyulan sanksiyalar həmin addımdan heç də az sərt deyil.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verdi.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.