İntiqam Əliyevin ofisindən cinayət işinə aidiyyatı olmayan əşyalar götürülüb

Vəkil Anar Qasımlı deyir ki, ofisdən Avropa Məhkəməsinə gedən məhkəmə işləri və yerli məhkəmələrin baxışında olan sənədlər aparılıb

Source:

Vəkil Anar Qasımlı deyir ki, ofisdən Avropa Məhkəməsinə gedən məhkəmə işləri və yerli məhkəmələrin baxışında olan sənədlər aparılıb

Hüquqşünas İntiqam Əliyevin ofisindən götürülən əşyaların siyahısını vəkili Anar Qasımlı Meydan TV-yə təqdim edib. Vəkilin sözlərinə görə, “Hüquq Maarifçiliyi” Cəmiyyətinin ofisindən istintaq orqanının qanunsuz götürdüyü çoxsaylı sənədlər arasında İ.Əliyevin apardığı mülki və inzibati işlərin materialları (vəkil dosyeləri) olub ki, bu işərin ona elan edilmiş ittihama heç bir aidiyyəti yoxdur.

Həmin işlərin bəziləri aşağıdakılardır:

1. Şahvələd Namazov (Çobanoğlu), Yeganə Hacıyeva və İntiqam Əliyevin Səbail Rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına qarşı qanunsuz tutulma, pis rəftar və toplaşmaq hüququnun pozuntusunun tanınmasına dair şikayət üzrə məhkəmə işinin materialları;

 2. Azərbaycan Hüquqçular Assosiasiyasının, Hüquq Marifçiliyi Cəmiyyətinin, Ənnağı Hacıbəylinin və İntiqam Əliyevin bank hesablarına həbs qoyulmasının qanunsuzluğundan şikayətlə bağlı işin materialları;

3. Azadlıq Radiosunun müxbiri Yafəz Həsənovun pis rəftara məruz qalmaq və həyatına sui-qəsdlə bağlı şikayəti üzrə məhkəmə işinin materialları;

4. Başxanım Abbasovanın (keçmiş vicdan məhbusu Tural Abbaslının ailəsi) mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakın qanunsuz olaraq sökülməsinə dair Bakı şəhər İcra Hakimiyyətinə qarşı şikayəti üzrə məhkəmə işinin materialları;

 5. Gülşən Əliyevanın (Tural Abbaslının xalası) Təhsil Nazirliyinə qarşı işdən çıxarılmanın qanunsuzluğu barədə iddiası üzrə məhkəmə işinin materialları;

6. Əmirəhməd Pəncəliyevin (Aygün və Nazlı Pəncəliyevaların atası) Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı zəbt olunmuş mənzillərin boşaldılması tələbinə dair mülki işin materialları;

 7. 15 nəfərə yaxın mənzil mülkiyyətçisinin “Şərur” şirkətinə, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və digər dövlət orqanlarına qarşı həmin qurumların qanunsuz hərəkətlərinə dair şikayəti üzrə məhkəmə işinin materialları;

8. Mülkiyyt hüququ əsasında ona məxsus olan əmlakı əlindən alınmış və sökülmüş Sumqayıtdan olan iş adamı Amil Niyazovun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Nazirliyinə Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı şikayəti üzrə məhkəmə işinin materialları;

9. Nemət Pənahlının həbsxanadakı şəraitin və dustaqlarla davranışın pis və insan ləyaqətini alçaldan rəftar kimi tanınmasına dair 17 saylı Cəza Çəkmə Müəssisəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı şikayəti üzrə məhkəmə işinin materialları;

10. Prezident seçkiləri zamanı Milli Şuranın Sabirabadda keçirdiyi dinc toplantıda zorakılığa məruz qalan bir qrup jurnalistin Sabirabad Rayon Polis idarəsinə qarşı şikayəti üzrə məhkəmə işinin materialları;

11. AXCP-nin qərargahından qanunsuz olaraq çıxarılmasına dair Bakı şəhər İcra Hakimiyyətinə qarşı şikayəti üzrə məhkəmə işinin materialları;

12. Hüquq müdafiəçisi Mətanət Əzizovanın həyat yoldaşı Eldar Cəfərovun və oğlu Cəmaləddin Cəfərovun Dövlət Sərhəd Xidmətinə və Respublika Prokurorluğuna qarşı sərbəst hərəkət etmək azadlığının qanunsuz olaraq məhdudlaşdırılmasına dair şikayəti üzrə məhkəmə işinin materialları;

13. Sabirabadda və İmişlidə Kür daşqınları nəticəsində ziyan çəkmiş mülkiyyətçilərin Fövqəladə Hallar Nazirliyinə qarşı vurulan ziyanla bağlı iddiası üzrə 10-dan çox şikayətçinin məhkəmə işinin materialları; 14. Qeyri-hökumət təşkilatlarının qeydiyyatından imtinanın qanunsuz sayılması barədə Ədliyyə Nazirliyinə qarşı şikayətlər üzrə 5 məhkəmə işinin materialları;

15. Qeyri-hökumət təşkilatları haqqında qanunun, İnzibati Xətalar Məcəlləsinin və Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarının Konstitusiyaya uyğun olmaması barədə HMC-nin və digər QHT-lərin şikayəti üzrə konstitusion icraata dair işin materialları;

 16. Müsavat Partiyası Şəki Şöbəsinin fəalları Əli Abdullayev və digərlərinin Şəki Şəhər İcra Hakimiyyətinə qarşı toplaşmaq hüququnun pozuntusuna dair şikayəti üzrə inzibati işin materialları;

17. Lyudmila Abdinovanın Bakı şəhər İcra Hakimiyyətinə və Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus qeyri-yaşayış sahəsinin söküntüsünün qanunsuz sayılması barədə şikayəti üzrə iş;

18. Qış Bulvarı ətrafında yaşayan 10 nəfərdən çox mülkiyyətçinin (Başxanım Abbasova və başqalarının işi) Bakı şəhər İcra Hakimiyyətinə qarşı onlara məxsus mənzillərin sökülməsinin qanunsuz sayılması ilə bağlı məhkəmə işinin materialları;

 19. “Faber” firması və Sabir Cəfərovun yerli məhkəmələrin və Avropa Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə qarşı şikayəti üzrə işin materialları;

20. Qəhrəman Adıgözəlovun yerli məhkəmələrin və Avropa Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı şikayəti üzrə məhkəmə işinin materialları;

 21. Hüquq Maarifçiliyi Cəmiyyətinin Azərbaycan Respublikası Ədliyyə Naziriyinə qarşı qrant müqavilələrinin qeydiyyatından imtinanın qanunsuz sayılması ilə bağlı şikayəti üzrə məhkəmə işinin materialları; 22. Yaşar Cəfərlinin yerli məhkəmələrin və Avropa Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı Müdafiə Nazirliyinə və yerli icra hakimiyyəti orqanına qarşı iddiası üzrə məhkəmə işinin materialları;

23. İntiqam Əliyevin yol qəzası nəticəsində avtomobilinə dəymiş ziyanın ödənilməsi barədə qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı məhkəmə qərarlarının icrasına məsul olan orqanlara qarşı iddiası üzrə işin matrialları

 24. Jurnalist Zaur Orucovun Səbail Rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına qarşı pis rəftara məruz qalmamaq, məlumat toplamaq hüququnun pozuntusunun tanınmasına dair şikayət üzrə məhkəmə işinin materialları və s.

Vəkil bildirib ki, istintaq orqanının  götürdüyü materiallar arasında İntiqam Əliyevin Avropa Məhkəməsində apardığı 2010-ci il Parlament seçkiləri ilə bağlı kommunikasiyada olan 40-dan çox işin materialları da olub: “Bu işlər İsa Qəmbərin, Əli Kərimlinin, Nurəddin Məmmədlinin, Həsən Kərimovun, Arzu Səmədbəylinin, Fuad Əliyevin, Ənnağı Hacıbəylinin, Xaliq Bahadurun, İltizam Əkbərin, Adil Qeybullanın, Pənah Hüseynin, Səxavət Soltanlının, Leyla Mustafayevanın, Aydın Şükürovun, Bəybala Əbilin, Qiyas Sadıqovun, Dünyaxanım Cərullayevanın və başqalarının işləridir”.

Həmçinin götürülən materiallar arasında İntiqam Əliyevin Avropa Məhkəməsinə gönərdiyi seçki ilə bağlı olmayan 100-dən artıq digər hüquqların pozuntusu ilə bağlı şikayətin materialları da olub. Onların arasında tanınmışlardan Bəxtiyar Hacıyevin, Ramin Hacılının, Sahib Kərimovun, Cabbar Savalanlının Nərgiz Yaqublunun, Aytən Məmmədovanın, Elnur Məcidlinin, Elşən Həsənovun, Tural Abbaslının, Əyyub Kərimovun, AXCP-nin, “Azadlıq” qəzetinin və “Turan” İnformasiya Agentliyinin Azadlıq prospektindəki (Müəllimlər İnstitutunun binası) ofisdən çıxarılmalarına dair işin, Əli Kərimlinin pasport işinin, Ənnağı Hacıbəylinin və İntiqam Əliyevin Vəkillər Kollegiyasına qəbuldan imtina ilə bağlı işlərin sənədləri də var. Həmçinin götürülən materiallar arasında Cəza Çəkmə Müəssisəsində jurnalist Eynulla Fətullayevin geyiminə narkotik vasitənin yerləşdirilməsi ilə əlaqədar qaldırılmış cinayət işi üzrə Avropa Məhkəməsinə göndərilmiş şikayətə dair materiallar da var. Götürülən işlər arasında həmçinin, birləşmək hüququnun pozuntusu ilə bağlı Avropa Məhkəməsinə göndərilən 30-dan artıq şikayətin materialları, o cümlədən, hazırda həbsdə olan Anar Məmmədlinin rəhbəri olduğu Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin qeydiyyatından imtina ilə bağlı şikayətlərin materialları da var.

Vəkil Anar Qasımlı əlavə edib ki, “istintaq orqanı həmçinin HMC-nin ofisindən, İ.Əliyevin yaşadığı və qeydiyyatda olduğu mənzillərdən bütün elektron informasiya daşıyıcıların, kompüterləri, diskləri, fləşkartları, diktafonları və s. Götürüblər: “Götürülən əşyalar arasında həm İ.Əliyevin özünün istifadəsində olan kompyuterlər, həm də onun oğlunun, qızının, hətta qardaşı uşaqlarının şəxsi mülkiyyətində və istifadəsində olan kompyuterlər olub. Həmin kompyuterlərdə İ.Əliyevə elan olunan ittihmla əlaqəsi olan hər hansı bir məlumat olmayıb. Həm İ.Əliyevə, həm də onun ailə üzvlərinə və qardaşı uşaqlarına məxsus olan kompyuterlərdə və digər elektron məlumat daşıyıcılarında həmin şəxslərin özəl həyatları ilə bağlı məlumatlar – şəxsi yazışmalar, foto və videomateriallar, əqli mülkiyyətin predmeti olan məlumatlar və s. var. Həmin məlumatların yayılmasının qarşısını almaq üçün istintaq orqanı CPM-də nəzərdə tutulan tədbirləri görməyib, həmin əşyaları götürərkən qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirməyib, onları qablaşdırmayıb, möhürləməyib. İstintaq orqanının qanunsuz götürdüyü kompyuterlərdə İ.Əliyevin ölkə daxilində və beynəlxalq məhkəmələrdə apardığı işlərin elektron versiyaları da olub. İstintaq orqanı məhkəmə işlərinin həm kağız, həm də elektron variantlarını götürməklə faktiki olaraq həmin işlərin həm ölkə daxilində, həm də, beynəlxalq məhkəmələrdə hərəkətinin qarşısı alınıb. Bütün bunlar istintaq orqanının apardığı axtarış və götürmənin arxasında hüquqi deyil, siyasi motivlərin – İ.Əliyevin vəkillik və ictimai fəaliyyətinin qarşısının alınması niyyətinin dayandığını təsdiqləyir. İ.Əliyevin apardığı məhkəmə işlərinin demək olar ki, hamısında cavabdeh qismində mərkəzi və yerli icra hakimiyəti orqanları çıxış edir və bu işlər birləşmək, toplaşmaq, mülkiyyət, işgəncəyə və pis rəftara məruz qalmamaq, ifadə azadlığı, ədalətli məhkəmə araşdırması və digər hüquqların pozuntusu ilə bağlıdır”.

Ana səhifəXəbərlərİntiqam Əliyevin ofisindən cinayət işinə aidiyyatı olmayan əşyalar götürülüb