İntiqam Əliyev daha 4 ay həbsdə qaldı

Məhkəməyə gətirilərkən hüquqşünasın vəziyyəti pisləşib

Source:


Məhkəməyə gətirilərkən hüquqşünasın vəziyyəti pisləşib

Oktyabrın 24-də Nəsimi rayon Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin həbsdə saxlanılma müddətinin uzadılmasına dair istintaq orqanının vəsatət-təqdimatına, eyni zamanda müdafiə tərəfinin İntiqam Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətinə baxılıb.

Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, İntiqam Əliyevin səhhəti qəfildən korlanıb. Belə ki, sağ ayağı tutulub, özündəngetmə həddinə çatıb. Buna səbəb onun hava çatışmazlığında, pis vəziyyətdə olan 8-9 nəfərdən ibarət olan konvoy maşınında məhkəməyə gətirilməsi olub. Belə ki, 2012-ci ildə aldığı kəllə-beyin travmasından sonra İntiqam Əliyevin səhhətində problemlər yaranıb və məhbusluq həyatı səhhətini daha da ağırlaşdırıb. “Faktiki olaraq İ.Əliyevin hava çatışmazlığı olan şəraitdə saxlanılması və məhkəməyə belə avtomaşınla gətirilməsi onun baş-beyin nahiyyəsində olan problemlərinin kəskinləşməsinə səbəb olub. Vəziyyət kritik olduğuna görə İntiqam Əliyevin səhhəti ilə bağlı məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət vermişəm. Lakin məhkəmə həmin vəsatəti baxılmamış saxlayaraq, müvafiq olaraq istintaq orqanına (AR Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə istitnaq İdarəsinə) göndərib” – deyə vəkil qeyd edib.

Cavad Cavadovun məlumatına görə, məhkəmə istintaq orqanın İ.Əliyevlə bağlı həbs müddətinin uzadılması barədə vəsatətini təmin edərək, onun barəsində həbs qətimkan tədbirini 8 fevral 2015-ci il tarixə qədər uzadıb.  Vəkilin İ.Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti isə təmin edilməyib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib. Eyni zamanda İntiqam Əliyevin səhhəti ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə dərhal müvafiq qanuni müraciətlər ediləcək və vəsatətlər veriləcək.

Ana səhifəXəbərlərİntiqam Əliyev daha 4 ay həbsdə qaldı