Həkim Elxan Cəfərov istintaq müddətində işindən uzaqlaşdırılıb
Mingəçevir şəhər sakini İmamverdi İsmayılovun intiharının səbəbinin araşdırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi komissiya yaradıb.
Meydan TV-nin sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən belə cavab verilib.
İmamverdi İsmayılov
idmançı, keçmiş hərbçi, Lələtəpə döyüşlərinin iştirakçısı olub.
O, iyunun 28-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində özünü yandırıb və ayın 30-da vəfat edib. Yaxınlarının sözlərinə görə, onun intiharına səbəb həkim laqeydliyinə etiraz olub.
Agentliyin məlumatında deyilir ki, İmamverdi İsmayılov iyunun 26-sı və 27-də 2015-ci il təvəllüdlü övladını hərarətinin yüksəlməsi səbəbindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparıb. Xəstəyə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub:
“Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib. İyunun 28-də saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib”.
Agentlik bildirir ki, baş vermiş hadisə ilə bağlı hazırda Cinayət Məcəlləsinə əsasən, cinayət işi başlanılıb:
“İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Elxan Cəfərov istintaq müddətində işindən uzaqlaşdırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi sözügedən xəstəxananın həyətində özünə qəsd etmiş vətəndaş İmamverdi İsmayılovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.
Artıq 2 ildir ki, Mingəçevir, Ağdaş və Yevlax şəhərlərində icbari tibbi sığorta sistemi ilə bağlı pilot layihə tətbiq edilir. Buna görə də hər üç rayonda yerləşən tibb müəssisələri Səhiyyə Nazirliyindən alınaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilib.