”Bəzi provayderlər borclarını ödəmədikləri üçün onlara göstərilən xidmətə məhdudiyyət qoymuşuq”
“Delta Telekom LTD” son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərə aydınlıq gətirib.
Şirkət yaydığı açıqlamada bildirir ki, buna səbəb yerli provayderlərin borcunu vaxtında ödəməməsidir:
“Abonentlərindən abunə haqqını əvvəlcədən yığmalarına baxmayaraq, bizə olan borclarını ödəmirlər. Buna görə də onlara göstərilən xidmətlərə məhdudiyyətlər qoymuşuq. Nəticədə həmin provayderlərin istifadəçiləri internet problemi ilə üzləşib”.
“Delta Telekom LTD” yaxın günlərdə həmin provoyderlərə verilən interneti tamamilə dayandırmağı düşünür:
“Hazırda “Qlobal Netvorks” MMC, “CNC AZ” MMC, “Data Plus” MMC və bir neçə dövlət təşkilatları ilə məhkəmə prosesi gedir. Həmin provayderlərin bizə üç milyon manatdan artıq borcları var. Yaxın günlərdə bu provoyderlərə internet verilməsini tamamilə dayandırmağı düşünürük”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, “Delta Telekom LTD”-nin borclu provayderin internetini kəsərək minlərlə internet istifadəçisini qlobal şəbəkədən ayırması yolverilməzdir:
“Bu, vətəndaşların informasiya azadlıqlarının gerçəkləşməsi, bütövlükdə ölkənin informasiya təhlükəsizliyi üçün çox ciddi nəticələr verə bilər. İnternetin kəsilməsi heç bir halda məqbul variat deyil”.
Osman Gündüz “Delta Telekom LTD”-nin bu addımı atmayacağına inanır. Deyir, eyni zamanda, şirkətin düşdüyü vəziyyət də anlaşılandır:
“Fikrimcə, məhkəmə variantı ən məqbuludur. Problem hüquqi müstəvidə həllini tapmalıdır. İnternetin keyifiyyəti problemilə bağlı “Delta Telekom LTD”-nin gətirdiyi səbəb isə əslində nəticədir. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmalıdır. Problemlərin köklü səbəbləri tapılmalı, internet bazarında normal tənzimləmə həyata keçirilməli, dövlət resurslarından bütün provayderlər üçün bərabər əsaslarla istifadə imkanları yaradılmalı və ilk növbədə pərakəndə internet bazarının 50 faizinə nəzarət edən dövlət provayderləri ilə bağlı problemlər həll olunmalıdır”.
Osman Gündüz deyir ki, görünür, NRYTN Strateji Yol Xəritəsində göstərilən 3-cü bəkbon provayder internet bazarına daxil olandan sonra hər şeyin yaxşı olacağını gözləyir:
“Fikrimcə, bu, doğru yanaşma deyil. Elə indidən internet bazarında rəqabətli mühit üçün ciddi səylər göstərilməlidir. Dövlət resurslarından istifadə imkanları və start vəziyyətlərinin qeyri-bərabərliyi ilə bağlı provayderlər arasında ciddi problemlər var. Bu cür köklü problemlər həll olunmadan ciddi keyfiyyət dəyişikliyinə nail olmaq çox çətindir”.