İnternetin “fatihə”sini oxuduğu, metroda “dəfn edilən” qəzetlər

“Burda başqa, bir məsələ olan tribuna məqamı da var”.

Source: Specify Source


“Bu gün Azərbaycanda idman qəzeti demək olar ki, qalmayıb”

Vaxt var idi, Azərbaycanda futbol üzrə əsas çempionatda 16-18 komanda mübarizə aparırdı. Həmin dövrdə ölkənin idman mətbuatının günü-güzəranı da indiki kimi deyildi – qəzetçilik və qəzetə sevgi var idi. İndi nə qəzet var, nə də qəzetə sevgi. Bəs nə oldu? Necə oldu ki, xeyli sayda idman qəzeti tarixin saralmış səhifələri arasına gömüldü?


“Haqqımızı istəyirik!”

Hazırda Azərbaycanda yeganə müstəqil idman qəzeti “Futbol+”dir. Ancaq bu qəzet də əvvəlki günlərindən çox uzaqdır. İllər əvvəl günlük tirajı 10 minin üzərində olan qəzet indi 2-3 min tirajla nəşr olunur. “Futbol+” bir il əvvəl keçirdiyi aksiya ilə gündəmə gəlmişdi. Qəzetin kollektivi onlara maliyyə yardımı ayırmaq istəməyən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) etiraz olaraq, Prezident Aparatının qarşısına yürüş etmişdilər. "Futbol+”çilər üzərinə "Bizi eşit, Prezident!”, "KİVDF, ədalətsizliyə son qoy!”, "Haqqımızı istəyirik!” sözləri yazılan plakatlarla “silahlansalar” da, onları eşidən olmadı. Bu, bəlkə də, təkcə “Futbol+”in çırpınması, harayı deyildi, ölkədə idman qəzetçiliyinin verdiyi son nəfəs, çöküşü idi.


“Qapılar bağlanır, növbəti stansiya “arxiv”

Şübhəsiz, idman qəzetlərinin sıradan çıxmasında internetin – saytların sayının gündən-günə çoxalmasının da rolu oldu. Bu, işin spontan tərəfi. Azərbaycan mətbuatında azad reklam bazarının, rəqabət mühitinin olmaması, əksəriyyəti dövlət məmurlarının kurasiyasında olan yayım firmalarının başdansovdu fəaliyyəti, abunə işinin bərbad vəziyyətdə olması da idman qəzetlərinin “qətl”ində az rol oynamadı. Hə, əlbəttə, bir də, metrostansiyalarda qəzet satışına qoyulan qadağa. Bu, qəzetçiliyin sütunlarına endirilən son zərbə idi.

Azərbaycanda son 15-20 ildə “Çempion”, “Het-trik”, “Fanat”, “Komanda”, “Het-trik news” kimi qəzetlər nəşr olunub və… bağlanıb.

unnamed.jpg
İlqar Tağıyev


“Qəzet və reklam bazarının formalaşmasını ən azı yaxın 5-10 ildə gözləmirəm”

İki il əvvəl fəaliyyətini dayandırmış “Het-trik news” qəzetinin baş redaktoru və yaradıcısı olmuş İlqar Tağıyev deyir ki, Azərbaycanda təkcə idman nəşrlərinə yox, ictimai-siyasi qəzetlərə də dəstək lazımdır:

“"Het-trik news" qəzeti ilk dəfə 2012-ci ilin noyabrın 11-də işıq üzü görüb. Qəzetin dərci həftəlik nəzərdə tutulmuşdu və bu, bir neçə il davam etdi. İlk vaxtlar qəzetin maliyyə dayağı yox idi, gəlir, məsrəf sırf satışa hesablanmışdı. Tədricən bəzi futbol klubları ilə reklam əməkdaşlığının nəticəsində bu yük bir qədər üzərimdən götürüldü. Çünki qəzetin bütün maliyyə yükü öz üzərimdə idi. "Rəvan", "Xəzər Lənkəran" və "Qarabağ"la əməkdaşlıq bir qədər maliyyə cəhətdən dəstək oldu. Amma məlum məsələdir ki, "Rəvan"ın ardınca "Xəzər Lənkəran" klubu dağıldı, "Qarabağ"la əməkdaşlıq da bir müddət sonra başa çatdı, buna baxmayaraq, qəzet 2017-ci ilin yayına kimi müntəzəm dərc olunurdu. Çətinliklə də olsa, müəyyən vaxtlarda dövriyyəni azaltmaq hesabına olsa belə, qəzeti yaşadırdım. Ancaq 2017-ci ilin yayından sonra vəziyyət çətinləşdi. Arada Media Komitəsindən layihə hesabına götürülən maliyyə də qəzetə müəyyən dəstək oldu. Ancaq bu da hamıya məlumdur ki, çox çəkmədi.

Təbii ki, qəzet təsis olunanda ilk plan satışdan gələn gəlirlə qəzeti saxlamaq və hardasa xeyir əldə etmək idi. İqtisadi cəhətdən məqsəd bu idi. Amma qəzet bazarındakı durğunluq, əsas da, metroda qəzet satışının dayandırılması bütün qəzetlərə olduğu kimi "Het-trik news"a da təsirini göstərdi. Son 2-3 ildə qəzetin təkcə maliyyə deyil, digər yükləri də üzərimə düşmüşdü. Demək olar ki, bəzi kənar müəlliflərin material baxımdan köməyini çıxsaq, bütün yük öz üzərimdə idi. İstər qəzetin texniki məsələləri, istər onun dizayn məsələsi, yəni A-dan Z-yə qədər hər şey öz üzərimdə idi. Bu çətinliklərə bir qədər tab gətirdim, ancaq sonda hər bir insan tükəndiyi kimi mən də özümü tükənmiş hiss etdim, həm də, qəzeti çap etməyin də bir əhəmiyyətini görmədim. Ağır da olsa, iki il əvvəl qəzetin fəaliyyətini dayandırması barədə qərar verdim.

unnamed (2).jpg
Təbii ki, qəzet təsis olunanda ilk plan satışdan gələn gəlirlə qəzeti saxlamaq və hardasa xeyir əldə etmək idi.

Burda başqa, bir məsələ olan tribuna məqamı da var. Bu sarıdan heç vaxt əziyyət çəkməmişəm. İstədiyim vaxt istədiyim yazımı dost saytlara, əsas da, 30 ilə yaxındır işlədiyim "525-ci qəzet"ə rahat şəkildə verə bilirəm. Qəzetin bağlanmasına bunun da müəyyən təsiri oldu. Belə deyək, qəzetə tribuna kimi baxmırdım, sadəcə, bir övlad kimi baxırdım.

Fikir versək, bu gün Azərbaycanda idman qəzeti demək olar ki, qalmayıb. "Futbol+" qəzetini çıxmaq şərtilə. Ki, onlar da hansı çətinliklərlə yaşayırlar, idman mətbuatı aləminə məlumdur. Qəzetçilikdə dirçəliş olması üçün… Birincisi, qəzet bazarının yenidən formalaşmasıdır. Hardasa, metroda qəzet satışının bərpası prosesə müəyyən təkan verə bilər, amma bu da problemin tam həlli deyil. Ümumiyyətlə, Azərbaycanda istər idman, futbol sahəsində, istər ictimai-siyası qəzet sahəsində hazırkı vəziyyətdə mütləq dəstək lazımdır. Qəzetçiliyin tənəzzülə uğramasında digər səbəblərdən biri elektron KİV-dir. Hansı ki, son bir neçə ildə sürətlə inkişaf etdi. Bu da qəzetçiliyə böyük zərbə vurdu. Sərbəst şəkildə qəzet çıxartmaq və gəlir əldə etmək üçün isə birinci növbədə reklam bazarının formalaşması mütləqdir. Təəssüf ki, qəzet və reklam bazarının formalaşmasını ən azı yaxın 5-10 ildə gözləmirəm”.

Ana səhifəSosialİnternetin “fatihə”sini oxuduğu, metroda “dəfn edilən” qəzetlər