İntellektual… korrupsiya layihəsi

Yazar: Rövşən Hacıbəyli

Mənbə: Meydan TV

Son 11 ildə bu adla 300 milyon manatdan artıq büdcə vəsaiti xərclənib

2007-ci ildə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) haqqında Prezident İlham Əliyev fərman verib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olunub, yeni sistemin layihəsi hazırlanıb və icrasına başlanıb. Bilməyənlər üçün deyək: Nəqliyyat Nazirliyi və Cənubi Koreyanın birgə layihəsi olan NİİM-in reallaşmasına büdcədən 100 milyon manat vəsait ayrılmışdı.

2009-cu il aprelin 6-da İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilib. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olub və Mərkəz Nəqliyyat Nazirliyinin tabeliyinə verilib.

Uzun illər təbliğatı aparılıb, Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılması hakimiyyətin böyük uğuru kimi qələmə verilib. Paytaxtın tıxac probleminin qısa zamanda aradan qaldırılacağı, bütün avtobusların tezliklə kart sisteminə keçəcəyi bildirilib. Aradan 11 il keçsə də, Bakıda bütün marşrutlar hələ tam kart sisteminə keçməyib. Tıxaclardan danışmağa dəyməz. Üstəlik, bazar iqtisadiyyatından danışan hökumət keçmişə – sovet dövrünə qayıdıb,  marşrut xətlərinin bir hissəsi sahibkarlardan alınıb, 2015-ci ildə Prezidentin fərmanı ilə Nazirlər Kabineti yanında yeni qurum – Bakı Nəqliyyat Agentliyi yaradılıb və NİİM MMC olaraq onun tabeliyinə verilib. Yəni müstəqillik illərində formalaşmağa başlayan yeni sistem (ayrı-ayrı marşrut xətləri müxtəlif sahibkarların əlində olub) totalitar dövrün qaydalarıyla işləyənlərə təslim olub. Düzdür, ölkədə yarıtmaz idarəçilik səbəbindən sərnişindaşıma şirkətlərinin çoxu məmur-oliqarxların əlində olub, yəni “sahibkar” onlar sayılıb. Tək-tək məmur olmayan sahibkarları məmur-oliqarxlar, onların hamısını isə birlikdə hakimiyyətin yüksək eşalonunda olanlar sıradan çıxarıb.

“Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezidentin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb. 2016-cı ildə NK qərarı ilə NİİM BNA “strukturuna daxil olmayan tabeliyindəki qurum” olaraq təsdiqlənib. Ancaq iş bununla da bitməyib, cəmi 2 il sonra – 2018-ci ilin başlanğıcında Prezident Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında yenidən fərman verib. Bundan sonra, 2018-ci ildə NK özünün 2016-cı ildəki “strukturuna daxil olmayan tabeliyindəki qurum” qərarını ləğv edib…

Foto: Report

İntellektual idarəetməyə sərf olunan 100 milyon manatsa korrupsiyanın qurbanı olub. Yeni dayanacaqlar, bu dayanacaqlarda quraşdırılan monitorlar bir müddətdən sonra sıradan çıxıb. Bakı Nəqliyyat Agentliyi yaranandan və NİİM onun tabeliyinə veriləndən sonra da heç nə dəyişməyib.  Baxmayaraq ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı Nəqliyyat Agentliyinə veriləndən sonra bu sistemin ayrı-ayrı komponentləri üçün büdcədən 29 milyon manat vəsait ayrılıb. Həmin vəsait də bir neçə şirkətə ödənilib və o şirkətlərlə  müqavilələr bağlanıb. Ancaq intellektual sistemin işləməsi üçün bu, yetərli olmayıb. Yenə də dayanacaqlarda sərnişinlər gözlədikləri avtobusların nə vaxt gələcəyini intellektual sistemin monitorunun düyməsini basmaqla yox, “fal açmaq, rəml atmaqla” müəyyənləşdirirlər.

Bundan başqa, daim sahibkarlığın inkişafından, onlara qayğıdan danışan prezident də bununla heç vaxt maraqlanmayıb, sahibkarların yox, məmurların əlində olan sistemdə milyonların niyə havaya sovrulduğunun hesabını sormayıb. Baxmayaraq ki, bu günlərdə yeni icra başçıları ilə görüşündə yenə olmayan sahibkarlara qayğıdan danışıb: “Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam, həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır. Yerlərdə isə onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır”.

Bakının nəqliyyat sistemi isə, demək olar, tamamilə özəl sektordan alınıb. Əvəzində BNA-ya büdcədən milyonlar axıdılıb.

2017-ci ildə 48 milyon 92 min 117 manat

2018-ci ildə 48 milyon 120 min manat

2019-cu ildə 48 milyon 120 min manat.

Bundan başqa, Prezidentin 8 avqust 2018-ci il sərəncamı ilə avtobuslar alınması üçün BNA-ya 47 milyon 924 min manat ayrılıb.

Nəhayət, hələlik sonuncu – 5-ci fərmanla bu il – 2022-ci il fevralın 7-də BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə keçib. Yenə əsas “xidmətin keyfiyyətinin yüksəldilməsi… idarəetmənin təkmilləşdirilməsi” olub:

“Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə”…

İndi hər şey yenidən başlayacaq: yenə büdcədən milyonlar ayrılacaq, yenə nəqliyyat sisteminin təkmilləşdirilməsindən danışılacaq, yenə intellektual idarəetməni qaydaya salmaq, monitorları işlətmək üçün pul silinəcək; bu dəfə Eldar Əzizovun əliylə…

Ana səhifəMənim Fikrimcəİntellektual… korrupsiya layihəsi