İnsan kapitalı

Qapalı sistem, azadlıqların boğulması insanları ölkədən qaçırır

Source:


Qapalı sistem, azadlıqların boğulması insanları ölkədən qaçırır

İnsan kapitalı – insanın cəmiyyətdə özünürealizə və cəmiyyətin imkanlarından tam istifadə etmək üçün biliyinin, bacarığının, peşəkarlığının cəmidir. Bu intellekt, sağlamlıq, bilik, keyfiyyətli əmək və həyat şəraitidir. İnsan kapitalı terminini ilk dəfə Teodor Şuls işlədib. Sonradan davamçısı Heri Bekker tərəfindən inkişaf etdirilib. İnsan fəaliyyətinə effektli iqtisadi baxışın çox vacib olduğu isbat edilib.

Bir nəfər yaxşı mütəxəssisin yetişdirilməsi üçün dövlət 100 min dollara yaxın vəsait xərcləyir. Sonradan həmin mütəxəssis iş həyatı boyu ölkəyə birbaşa və dolayı yolla hardasa 1 mln. dollar qazandırır. Əgər hər hansı bir ölkədən mütəxəssis, beyin axını olursa, bu hal həmin ölkənin iqtisadiyyatına, gələcəyinə ciddi ziyan vurur.

Köç bu gün Azərbaycandakı ən böyük problemlərdəndir. Ölkədən mütəxəssislər, iş adamları, təhsilli insanlar köç edirlər. Bu da bizə milyardlarla dollar ziyan vurur. Həm də zaman itiririk. Bir mütəxəssisin formalaşması 15-20 il alır (məktəbə gedən dövrdən sayılmaqla).

Ölkədən köçmək istəyənlərin sayının kəskin artmasının səbəbi gələcəklə bağlı qayğılar, qapalı sistem, özünürealizə imkanlarının məhdud olması, azadlıqların azlığıdır. İnhisarçı və ədalətsiz sistem təşəbbüsləri boğur, insan potensialının açılmasına imkan vermir.

Bu sistem həm də daxilində olan məmurların, vəzifə sahiblərinin də potensialını qapadır. Məsələn, elə səfir var ki, çox gözəl müğənnidir, dünya şöhrətli musiqiçi ola, konsertlər verə, milyonlar qazana, ölkəni tanıda bilərdi. Amma işi bütün potensialını məhv edib. Elə icra başçıları var ki, gözəl konditer, aşpaş, şirniyyatçı, və ya, komik aktyor ola, məşhurlaşa bilərdi. Sistem onlara da öz potensialını açmağa imkan vermədi. Elə nazirlər var ki, çox məşhur iş adamları ola, rəsmi milyonçu olub həm özünə, həm ölkəsinə xeyir verə bilərdi. Elə deputatlar var ki, yaxşı idman müəllimi olub şagird yetişdirə bilərdilər. Siyahını uzatmaq olar. İnsanların potensialını açmağa imkan verməyən bir sistemimiz var. Bu sistem ölkənin də potensialını açmağa imkan vermir.

Ana səhifəAnalitikaİnsan kapitalı