Ülvi Həsənli: “Məqsəd turizmin inkişafı deyil, çirkli pulların yuyulması olub”
Rövşən Ağayev: “Əgər vətəndaş cəmiyyəti büdcəni araşdırmasaydı, heç kim Şahdağa 1 milyard manat xərcləndiyini bilməyəcəkdi”
Qarşıdan yeni il gəlir. Turagentliklərin yeni ili ən sərfəli, ucuz qarşılamaq təkliflərinin əksəriyyəti Avropa şəhərlərinədir. Fikirləşirsən ki, yəqin ölkə daxilində, bölgələrdə istirahət etmək istəyən yoxdur. Sonra otel axtarış saytlarına, bölgələrdəki turların qiymətlərinə baxırsan, hər şey aydın olur.
Əvvəla, Azərbaycanın bölgələrində Şahdağ, Tufandağ, Quba, İsmayıllı, Qəbələ – 3 ulduzlu otelə rast gəlmək çətindir. Hətta 4 ulduzlu otellər də demək olar ki, yoxdur. Əksəriyyəti 5 ulduzludur. Qiymətləri də kifayət qədər bahadır…
Son illər turizmin inkişafına qoyulan pullar, tikilən mehmanxanalar, salınan istirahət kompleksləri və s. Bütün bunlar dövlət orqanlarının, rəsmilərin açıqlamalarında turizmin inkişafı kimi təqdim olunur. Ekspertlər isə eyni fikirdə deyil, lüks, şəbəkə, 5 ulduzlu mehmanxanaların tikilməsi Azərbaycan turizmini inkişaf etdirmədi – deyirlər.
“Məntiqlə fikriləşəndə, görürsən ki, polşalıya, almana, fransıza lazım deyil Azərbaycana gəlib, öz ölkəsinin şəhərlərindən qat-qat baha qiymətə istirahət etsin”, – turizm üzrə ekspert Ülvi Həsənli belə deyir.
Onun sözlərinə görə, həmin istirahət mərkəzlərindən, mehmanxanalardan vətəndaşların cüzi hissəsi istifadə edir: “Onlar da əsasən “yuxarı”ların qonaqları, rəsmi deleqasiyaların nümayəndələri, oliqarxların yaxın ətrafıdır. Bir də böyük şirkətlər konfranslar, tədbirlər üçün istifadə edirlər. Həmin mehmanxanaların əksəriyyəti neft pulları ölkədə çoxluq təşkil edən vaxt tikilib. Məqsəd turizmin inkişafı deyil, çirkli pulların yuyulması olub”.
“Olan-qalan istirahət mərkəzlərində də tullantılar yaxın ətrafa, çay dərələrinə atılır”
Tez-tez Azərbaycan bölgələri və xarici ölkələrə səyahət edən gənc səyahətçi Cavid Qarayev turizmə böyük gəlir mənbəyi və məşğuliyyət sahəsi kimi yanaşmanın tərəfdarı deyil. Onun fikrincə, Azərbaycanın turizm strategiyası vətəndaşların və ölkəni görmək istəyən turistlərin rahat, təhlükəsiz və mənalı istirahətini təmin etmək olmalıdır:
“İnsanların regionların təbiəti haqqında bilikləri məhduddur. Daxili turizmin inkişafı vətəndaşlarda vətənə sevgi və ictimai məsuliyyət hislərini artırır. Xairici vətəndaşların istirahətinin və səyahətinin təmin edilməsi isə ölkənin tanıtımı baxımından çox önəmlidir. Ancaq bizdə strategiya fərqli qurulduğundan istədiyimizi ala bilmirik”.
Cavid Qarayev deyir ki, adicə ölkə miqyasında ekoloji, məişət və kanalizasiya tullantılarının idarə edilməsi məsələsində sistemli işlər görülmür:
“Bütün kəndlərdə, bölgələrdə olan istirahət mərkəzlərində tullantılar yaxın ətrafa, çay dərələrinə atılır. Di gəl, bu mənzərəni xaricdən gələn qonaqlara izah et”.
Son illər Azərbaycan turizminə qoyulan vəsait və nəticəsi
Təkcə Şahdağ Turizm Kompleksinin inşaasına 2 milyard avro investisiya qoyulub. Kompleks turizm sahəsində ən böyük layihələrdən hesab olunur. 2045 hektardan artıq sahəni əhatə edir. Tikintisinin 4 mərhələdə, 8-10 ilə başa çatdırılması planlaşdırılır.
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, bu kompleks son 7-8 ildə dövlətin ən çox investisiya yatırdığı obyektlərdən biridir: “Təkcə tikintisinə 2007-2013-cü illərdə büdcədən üst-üstə 1 milyard manat ayrılıb”.
Ekspert bütün bu proseslərin şəffaf getmədiyini bildirir: “Obyektin tikilməsindən istifadəyə verilməsinə qədər şəffaflığın pozulduğunu gördük. Əgər vətəndaş cəmiyyəti büdcəni araşdırıb xərclənən vəsaitləri ortaya çıxarmasaydı, bu gün heç kim Şahdağa 1 milyard manat xərcləndiyini bilməyəcəkdi. Nə dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı hesabat verildi, nə də kompleksin tikintisi ilə bağlı tender keçirildi”.
Qeyd: Dövlətin investisiya proqramlarına baxanda görünür ki, 2007-2014-cü illər ərzində mədəniyyət və idman sferası ilə bağlı investisiya layihələri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinə Şahdağ kompleksinin layihə smeta sənədlərinin hazırlanması və tikintisi üçün 2007-ci ildə 11100, 2008-ci ildə 123500, 2009-cu ildə 50000, 2010-cu ildə 95000, 2011-ci ildə 408726, 2012-ci ildə 200000, 2013-cü ildə 100000, 2014-cü ildə isə 100000 manat vəsait ayrılıb. Cəmi 1 milyon 88 min 325 manat.
“Digər sahələrdə olduğu kimi, turizmə qoyulan ictimai vəsait də plansız, səmərəsiz şəkildə xərcləndi. Burada məqsəd turizmin inkişafı yox, iş bilməyənlərin əllərinə keçən pulu statistika xatirinə və yeyinti məqsədi ilə dağıtması oldu. Halbuki daha az, amma planlı, məqsədli şəkildə pul xərcləməklə, qanunlarda dəyişikliklər etməklə, ölkədəki monopoliyanı aradan qaldırmaqla cəlbedici turizm ölkəsi qurmaq olardı”, – deyir, Ülvi Həsənli.
Şahdağda kimlər istirahət edir?
Booking.com mehmanxana axtarış saytında yerləşdirilən Şahdağ otellərinə nəzər yetirək. Ən ucuzunun gecəsi 112, ən bahalısı isə 158 manatadır. Qəbələdəki ən ucuz otelin qiyməti 80 manatdan başlayır, 150 manata isə ən bahalı olanıdır.
Bölgələrdəki otel qiymətlərinə diqqət yetirək. Məsələn, Qubadakı ən ucuz mehmanxananın bir gecəsi 70 manatadır. Ən bahalı mehmanxananın bir günü isə 200 manatdır. 70 manat olan mehmanxana sinifləndirilməmiş, bir otaqlı bağ evidir.
Orta statistik azərbaycanlının aylıq gəlirinin 449 manatdır. Deməli, Şahdağın ən ucuz mehmanxanasındakı bir həftəlik gecələmə ona 784 manata başa gəlir. Günorta və axşam yeməkləri, yol xərcini də üstünə gəlsək, təxminən 1174 manat edir.
Aviabilet, otel, yemək-içmək də içində Tiflisdə bir həftəlik istirahətin qiyməti 323, Dubayda 710, Parisdə 873, Romada 886, Londonda 948, Praqada 954 manat edir.
Ülvi Həsənli də deyir ki, hesablı insanlar ucuz seçimlər varkən, çətinliklə qazandıqları pulu mənasız, bahalı otel, əyləncə xərclərinə verməz:
“Ona görə də vətəndaşlarımız istirahət üçün xarici ölkələrə üz tutur. Bu şərait bizdə də yaradıla bilərdi. Bahalı istirahət kompleksləri yerinə, sadə insanların da gedə biləcəyi, günlük ucuz mehmanxana və istirahət kompleksləri tikilsəydi, ictimai vəsait haqqı olan insanlara xərclənsəydi və s. Ancaq hökumət elə bilirdi neft pulları həmişə olacaq, bu sahədən qazananlar gedib həmin komplekslərdə istirahət edəcəklər. İndi nəinki xaricdən turist gəlir, heç yerli vətəndaşlar da o bəh-bəhlə tikib, ərsəyə gətirdikləri yerlərdə istirahət etmirlər”.
Turizmə qoyulan vəsait artır, bəs inkişaf?
Bu il Azərbaycanda turizmin inkişafına qoyulacaq dövlət vəsaiti 7 dəfə artırıldı. Maliyyə Nazirliyinin məlumatına görə, turizmin inkişafına 5 milyon manat vəsait ayrılacaq. Ötən il bu məbləğ 700 min manat idi.
Mədəniyyət və Turizm Nazirliyi bu il İsmayıllı, Qəbələ və Bərdədə yeni Turizm İnformasiya Mərkəzləri açmaq və onların sayını 12-ə çatdırmaq fikrindədir. Nazirliyin məlumatına görə, 2014-cü ildə Azərbaycana 2 milyon yarım əcnəbi gəlib.
“Heç ölkədə hökumətin sözdə, şişmiş statistikalarda elan etdiyi zəif turizm də yoxdur”
Ülvi Həsənli deyir ki, hökumət statistikanı həmişə şişirdir. Bunu müxtəlif sahələrin ekspertləri dəfələrlə isbat ediblər:
“Statistika Komitəsi 2014-cü ildə ölkəyə gələn xarici vətəndaşların sayını təxminən 2.1 milyon elan edib. 2 kateqoriya üzrə gələn insanlar var ki, onlar turist hesab oluna bilməz: iş üçün ölkəyə gələnlər və tranzit üçün ölkə ərazisindən istifadə edənlər. Demək istədiyim odur ki, ölkəmizdə hökumətin danışıqda, yaxud rəsmi statistikalarda elan etdiyi zəif turizm də yoxdur. Turizmin inkişaf etdiyini iddia edən ölkənin gələn turistlərin xərclərini qarşılaması biabırçılıqdır, nonsensdir. Biz Avropa Oyunlarında bunun şahidi olduq. Heç bir inkişaf etmiş turizm ölkəsi belə addım atmazdı. Görmüşük həmin ölkələr çalışırlar ki, yarışları, tədbirləri ölkələrində keçirib pul qazansınlar, turist cəlb etsinlər. Bizim hökumət isə turistlərin “şotunu verir””.