”Bu, yayılması qadağan informasiyaların açıqlanmasının qarşısını almaq üçündür”
Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” ilə “Telekommunikasiya haqqında” qanunlara dəyişiklik təklif olunur. Məlumatı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yayıb.
O, dəyişiklikləri aşağıdakı şəkildə təsnifatlandırıb:
1. Saytda yayılması qadağan olunan informasiya aşkar olarsa müvafiq icra qurumu ona və host provayderə dərhal xəbərdarlıq edəcək;
2. Xəbərdarlıqdan sonra informasiya saytdan yığışdırmalıdır;
3. Yayılması qadağan edilən informasiya xəbərdarlıqdan sonrakı 8 saata götürülməsə, müvafiq orqan saytın məhdudlaşdırılması üçün məhkəməyə müraciət edəcək;
4. İnformasiya dövlət və cəmiyyət üçün təhlükəlidirsə məhkəmənin qərarı olmadan müvafiq qurum saytı bağladacaq və bundan sonra məhkəməyə müraciət edəcək;
5. Müvafiq qurumun məhdudlaşdırdığı sayta giriş məhkəmə baxışı başa çatanadək qapalı olacaq. Məhkəmə bu müraciətə 5 günədək müddətdə baxacaq;
6. Qapadılan resursların reyestri formalaşdırılacaq. Bu məqsədlə müvafiq qurum “Yayılması qadağan edilən informasiyanın yerləşdiyi saytların siyahısı”nı hazırlayacaq. Provayderlər bu siyahıya daxil edilən resurslara girişi qapatmalıdır;
7. Bütün səviyyələrdən olan provayderlərin uçotu aparılacaq. Provayderlər hüquq mühafizə orqanlarından, məhkəmə və icra orqanlarından daxil olan sorğular əsasında 3 gün müddətində istifadəçilərlə bağlı məlumatı təqdim etməlidirlər;
8. Milli domenlərin qeydiyyatı ilə bağlı yeni qaydalar müəyyənləşəcək;
9. Bütün hüquqi şəxslər internet resurslarında mütləq özləri haqda məlumat yerləşdirməlidirlər.
Osman Gündüz dəyişikliklərin kifayət qədər ciddi olduğunu söyləyir. Deyir, kibertəhlükəsizlik və yayılması qadağan edilən informasiyaların açıqlanmasının qarşısını almaq məqsədi güdür.
Ekspert oxşar qanunvericilik aktlarının bir müddət öncə Rusiya, Belorus və digər ölkələrdə də qəbul edildiyini deyir.
Meydan TV-nin təkliflər hansı fəsadlar doğura bilər sualına Osman Gündüz “Milli Məclis sənədi təsdiqləyərsə, ölkənin bütün informasiya müstəvisində, internet media sektorunda, bütövlükdə internetin Azərbaycan seqmentində kəskin dəyişikliklər yaradacaq”, – cavabını verib.
O, irəli sürülən dəyişikliklərdə bir sıra məqamların anlaşılmaz olduğunu deyib:
“Məsələn, problemin həlli istiqamətində təklif olunan mexanizmlər – Kaloforniya ştatında kimsə Azərbaycan haqda məqalə yazıb, onu yerli məhkəməyə necə və kim verəcək? İndiki məqamda təkliflərin ictimai müzakirəsini təklif etmək daha düzgün olar. Həmin anlaşılmazlıqların gələcəkdə necə reallaşdırılması suallarına aydınlıq gəlməlidir. Yaxud problemlər yarananda hansı fəsadlar doğuracaq? Bütün bunlar açıq qalıb. İkinci tərəfdən, təkliflərdə elə spesifik məsələlər var ki, Azərbaycan məhkəmələrinin ona baxması sualı ortaya çıxır. Yəni xüsusiləşmiş məhkəmələri olacaqmı?”.
Osman Gündüz bildirir ki, əgər təkliflər Milli Məclisin müvafiq komisiyyasından keçərək səsverməyə göndərilibsə, ictimai müzakirə məsələsində gecikiblər. O, belə tələskənliyə yol verilməsini düzgün saymır:
“Bu, kifayət qədər aktual məsələ olduğundan böyük sayda istifadəçilərin maraqlarına toxunur. Ona görə təkliflərin müzakirəsi vacib idi”.