”İnəyə təpik vurduğuma görə, kənd camaatı məni döydü”

Nicat Xəlilov: ”Burnum sınıb, başım yarılıb”

Source:
Nicat Xəlilov
Nicat Xəlilov


Nicat Xəlilov: ”Burnum sınıb, başım yarılıb”

“Cəlilabaddan evimə dönürdüm. Yolun kənarında maşını saxlamışdım. Həmin vaxt bir inək maşının üstünə gəlməyə başladı. Mən maşına nəsə etməsin deyə inəyə təpik atdım. Əlimdə ağac olsaydı, ağacla vurardım. Sonra maşına əyləşən zaman sahə tərəfdən inəyin sahibi çıxdı, məni təhqir etdi”.

Əvvəlcə məni təpiklə, sonra isə daşla vurdular

Bunu Bakı sakini Nicat Xəlilov deyib. O, bildirib ki, hadisə Cəlilabadın Qarazəncir (Ocaqlı da deyirlər) kəndində baş verib. Vəziyyəti izah etmək istəyib, ancaq onu dinləməyiblər. Daha sonra kənd camaatı inəyə təpik vurduğu üçün onu döyüblər:

“Məni nə günə qoydularsa, yeriməyə taqətim qalmadı. Kənd camaatı bir inəkdən ötrü məni az qala öldürmüşdülər. Əvvəlcə məni təpiklə, sonra isə daşla vurdular. Burnum sınıb, başım yarılıb. Onların əlindən canımı qurtara bildim”.

İşə baxmırlar, araşdırmırlar

Nicat Xəlilov deyir ki, bundan sora 102 polis xidmətinə səkkiz dəfə zəng edib, ancaq düşə bilməyib:

“Sonda Cəlilabad Rayon Polis Şöbəsinə şikayət ərizəsi verdim. Ancaq bu günədək polisdən mənə hər hansı bir söz deyilməyib. Bir sözlə, işə baxmırlar, araşdırmırlar”.

Günün günorta çağı tökülüşüb, yolun ortasında adam döyürlər

Nicat Xəlilov bundan sonra Daxili İşlər Nazirliyinə müraciət etmək niyyətindədir. Deyir, göz görə-görə heç nəyin üstündə döyülsə də işə baxan yoxdur.

“Budur ədalət? Bəs polis insanların canını qorumaq üçün deyil? Günün günorta çağı tökülüşüb, yolun ortasında adam döyürlər. Lap az qalırlar öldürələr. Sonra da həmin adamın şikayətinə baxılmır. Nə edəcəyimi bilmirəm”.

Hər yerə müraciət etməyin nə mənası var?

Meydan TV məsələyə münasibət öyrənmək üçün Cəlilabad Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Polkovnik leytenant İlqar Həsənov həmin işlə bağlı şikayətin araşdırıldığını söyləyib:

“Onu deyə bilərəm ki, şikayət var, faktlar toplanır. Sonra iş istintaqa təhvil veriləcək. Mənə maraqlı gələn odur ki, bu, nə qədər qlobal məsələdir ki, Nicat Xəlilov hər yerə müraciət edib, böyüdüb. Biz ona başa saldıq ki, araşdırma aparırıq, işə baxırıq. Dedik ki, faktlar toplayırıq, 10 gün içində işi göndərəcəyik istintaqa. Hər yerə müraciət etməyin nə mənası var?”.

Vətəndaş bu cür reaksiya verməsin, gözləsin

İlqar Həsənov əlavə edib ki, şikayət edilib, qəbul olunub. İş qaydasına uyğun araşdırma aparırlar:

“İstintaqda kimin günahkar, kimin günahsız olduğu bilinəcək. Məlumat üçün deyim ki, ümumi istintaq müddəti iki aydır. Material toplanıb, izahat alınıb, ekspertiza rəyini verib. Vətəndaş bu cür reaksiya verməsin, gözləsin”.

Ana səhifəBölgə”İnəyə təpik vurduğuma görə, kənd camaatı məni döydü”