İnanclı fəallara qarşı cinayət işi açılıb

İnanclılar Ceyhun Balaşov və Rəhman Bağırov

Müsəlman Birliyi Hərəkatının daha iki üzvü inzibati həbs cəzası alıb

İyunun 18-də saxlanılan daha iki inanclı fəalın barəsində narkotik ittihamıyla cinayət işi başlanıb. Bunlar Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov və dini mövzuda musiqilər ifa edən Vüqar Rəsuldur. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama və ya daşıma) maddəsilə ittiham irəli sürülüb.

Vüqar Rəsul və Mahir Əzimov barəsində cinayət işləri ayrı-ayrılıqda başlanıb. Vüqar Rəsul haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Mahir Əzimov isə istintaq getdiyi dövrdə ev dustaqlığında olacaq. Suraxanı Rayon Məhkəməsi onun barəsində ev dustaqlığı növündə qətimkan tədbirinin seçilməsinə qərar verib.

Onların ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Yaxınları deyir ki, adları çəkilən inanclı fəallar iyulun 18-dən saxlansalar da, ailələrinə onların yeri, ittiham barədə iyulun 22-də məlumat verilib:

“Heç bir cinayət törətməyən adamları oğurlayıb aparırlar, şərləyirlər, ailələrinə də heç bir xəbər verimirlər. Günlərlə ailələr onları axtarıb. İnsanlara bu qədər zülm eləmək olmaz. Hər kəs bilir ki, Vüqar Rəsul da, Mahir Əzimov da narkotikdən uzaq adamdır, onlar şərlənib. Vüqar Rəsulun həbsinin səbəbi “Salam, Fərmandeh” mahnısını ifa etməsidir”.

“Salam, Fərmandeh” Azərbaycan dilinə “Salam, komandir” kimi tərcümə olunur. Bu dini və hərbi mahnı İranda populyardır. Bir müddətdir Azərbaycanda da müxtəlif bölgələrdə ifa olunur.

Hazırda ev dustaqlığında olan Mahir Əzimov polis idarəsində olduğu dövrdə işgəncələrə məruz qaldığını, ondan Müsəlman Birliyi Hərəkatını tərk etmək tələb olunduğunu deyib.

Bugünlərdə saxlanılan və hara aparılması haqda ailə üzvlərinə heç bir məlumat verilməyən daha iki inanclı fəal haqqında isə inzibati həbs qərarı verilib. Bunlar Müsəlman Birliyi Hərəkatının üzvü – Beyləqan rayon sakini Ceyhun Balaşov və Neftçala rayon sakini Rəhman Bağırovdur. Onların hər ikisinə polisin qanuni tələbinə tabe olmama ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir. Onlar dövlət çevrilişinə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, narkotik kimi ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilib.

Lakin Taleh Bağırzadə və digər inanclı fəallar ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə şərlənərək cəzalandırıldıqlarını bəyan edib.

Daxili İşlər Nazirliyi isə şərlənmə barədə iddiaları təkzib edib.

Ana səhifəSiyasətİnanclı fəallara qarşı cinayət işi açılıb