Onların həbs qətimkan tədbiri 1 ay uzadılıb
İmişlidə Dövlət Yol Polisi (DYP) avtomobilinin törətdiyi, 3 uşağın ölümü, daha birinin yaralanması ilə nəticələnən qəzadan sonra etiraz etdikləri üçün saxlanılanların həbs müddəti artırılıb.
İmişli rayon Məhkəməsində keçirilən prosesdə prokurorun təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib və saxlanılan şəxslər barəsində olan həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb.
2025-ci il yanvarın 18-də İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və DYP avtomobilinin sürücüsü xəsarət alıb.
Qəzada xəsarət alan digər uşaq müalicə olunduğu Yeni Klinikada yanvarın 22-si saat 01:45 radələrində dünyasını dəyişib.
Qəza yerli sakinlərin etirazına səbəb olub, polis maşını sakinlər tərəfindən aşırılıb.
Daha sonta sakinlər İmişli Rayon Polis İdarəsinin qarşısına yürüş ediblər.
Polis etiraza çıxan insanlara qarşı zorakılıq edib.
Yanvarın 18-də saxlanılanların sayı 100 nəfərə yaxın olsa da, onların əksəriyyəti sonradan azad edilib.
İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə baş verəndən sonra qəzaya düşən DYP avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.