Ermənistan İstintaq Komitəsinin sədri: Azərbaycan hərbçisinin öldürmək niyyəti olmayıb

Əsgər Nəsimi Rasim oğlu Musayev – Foto: Ailə arxivindən

Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan bildirib ki, oktyabrın 1-də Ermənistan ərazisinə keçərək evində bir qadını yaraladığı deyilən Azərbaycan hərbçisi Nəsimi Musayevin kimisə öldürmək niyyəti olmayıb.

Noyabrın 3-də Ermənistan parlamentində jurnalistlərə danışan Poqosyan bu qənaətin istintaq zamanı müəyyənləşdirilən faktlara əsaslandığını deyib.

Onun sözlərinə görə, Musayev dindirilib və hadisə yerinə hansı marşrutla gəldiyi, ərazinin xüsusiyyətləri və insidentin başvermə şəraiti barədə ifadə verib. Komitə sədri ifadənin məzmununu açıqlamaqdan imtina edib və bunu ibtidai istintaqın məxfiliyi ilə əlaqələndirib.

“Deyə biləcəyim yeganə şey onun öldürmək niyyətinin olmadığıdır”, – Poqosyan jurnalistin sualını cavablandırarkən bildirib.

Komitə sədri istintaqın yaxın vaxtlarda yekunlaşacağını, hadisə ilə bağlı əlavə məlumatların isə noyabrın 5-də parlamentdə keçiriləcək qapalı iclasda təqdim oluna biləcəyini deyib.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisə oktyabrın 1-də Sünik vilayətinin Sisian bələdiyyəsinə daxil olan Şaki kəndində baş verib. Azərbaycan hərbçisi Nəsimi Musayevin yerli sakinin evinə qanunsuz daxil olduğu və aşkar edildikdən sonra atəş açdığı bildirilir.

İnsident nəticəsində 1987-ci il təvəllüdlü Ermənistan vətəndaşı yaralanıb. Onun iki uşağının da xəsarət aldığı, uşaqlardan birinin sağ biləyinin sındığı, digərinin isə yumşaq toxumalarının əzildiyi açıqlanıb.

Ermənistan İstintaq Komitəsi oktyabrın 2-də Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçildiyini bildirib. Ona qarşı sağlamlığa ağır zərər vurma, qanunsuz azadlıqdan məhrumetmə, mənzil toxunulmazlığını pozma, oğurluq və dövlət sərhədini qanunsuz keçmə ittihamları irəli sürülüb.

Azərbaycan Baş Prokurorluğu daha əvvəl Nəsimi Musayevin sentyabrın 26-dan Laçın istiqamətində xidmət apardığı hərbi hissənin yerləşdiyi ərazidən itkin düşdüyünü açıqlamışdı.

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrda Nəsimi Musayevin saxlanılması ilə bağlı açıqlamasında hadisəni “adi cinayət hadisəsi” adlandırıb. O bildirib ki, Azərbaycan tərəfi Musayevin ekstradisiyası ilə bağlı Ermənistana müraciət etməyib. Paşinyanın sözlərinə görə, hərbçi cinayət törətməsəydi, elə həmin gün Azərbaycana qaytarılardı. O, insidentin Ermənistan-Azərbaycan arasında sülh prosesinə təsir etməyəcəyinə ümid etdiyini də vurğulayıb.

Ana səhifə ▸ Siyasət ▸ Ermənistan İstintaq Komitəsinin sədri: Azərbaycan hərbçisinin öldürmək niyyəti olmayıb